Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen vaxtilə Almaniyanın Müdafiə naziri (2013-2019) görəvini icra edib və o görəvdəki ilk qadın olub. Keçmişdə o, öz ölkəsində Əmək və sosial məsələlər naziri (2009-2013), Ailə məsələləri naziri (2005-2009) görəvlərində də çalışıb. Xanım Prezidentin istər doğma ölkəsində, istər Avropa Komissiyasında hansı vəzifə daşıması, əlbəttə, özünün, ölkəsinin, onu seçən və yaxud təyin edənlərin işi, məsuliyyətidir. Amma məsələ ondadır ki, məsuliyyət hissi həmişə, hər yerdə, hər kəsdə olmalıdır. Özəlliklə də, görəv yüksəlişi olduqca, məsuliyyətlilik də mütənasib şəkildə yüksəlməlidir. Məsuliyyət davranış, rəftar, münasibət və bənzəri kateqoriyaları tənzimləyən, tarazlayan bir cavabdehlik aktıdır. Məsuliyyət – o, öz hərəkət və hərəkətsizliyindən, işindən, “işsizliy”indən irəli gələ biləcək hər hansı adıyaman nəticəni nəzərə alıb, ona məsul olmağı, cavabdehliyi ifadə edir. Artıq 5 ildir Avropa Komissiyasının Prezidenti kimi önəmli görəvdə olan, ondan öncə Almaniyada fərqli nazirliklərə başçılıq edən xanım Ursula Fon der Lyayen üçün məsuliyyət artıq, necə deyərlər, bir peşə sayıla bilər (daha doğrusu, bilərdi)... Əgər bunca illərdən, vəzifələrdən sonra da, məsuliyyət peşəkarlığı formalaşmayıbsa, o zaman, xanım Prezident, məsuliyyəti ən azı bir görəv kimi yerinə yetirməyə borcludur.
Bəli, Ursula Fon der Lyayenin vaxtilə nazir, o cümlədən Müdafiə naziri olduğu Almaniyanın Hitler hökuməti kimi tarixi məsuliyyətsizliyi olub ki, Avropa, Avrasiya (ümumən Yer üzü) hələ də, onun acı nəticələrindən əziyyət çəkir... Faşist Almaniyasının üstündən heç üç qərinə belə keçməyib, yaralar tam sağalmayıb. Faşizm irsindən rəsmi qaydada imtina edən çağdaş Almaniya, yalnız təqvim baxımından deyil, məna-məzmun, mahiyyət baxımından da çağdaş olmalı, hələ-hələ uluslararası qurumlardakı təmsilçiləri illa məsuliyyətli qərarlara, o uluslararası qurumların elanolunmuş mandatına aşinalıq etməlidir. Elə deyilmi?
Bəs indi biz Ursula Fon der Lyayen xanıməfəndidən, onun məsuliyyətindən niyə söz açırıq – olay nədir, nə deyil?
Deməzsizmi, xanım Ursula Fon der Lyayen COP29-a qatılmayacaqmış. Aha! Almaniya, Avropa Komissiyası və COP (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (Conference of the Parties to the United Nations (UN) Framework Convention on Climate Change) hansı uzaqlıqda, hansı gərginlik içində ki, xanıməfəndi belə bir qərar vermiş ola?..
Almaniyanı bildik, keçək, Avropa Komissiyasına. Bu Komissiya Avropa İttifaqı siyasətinin planlaşdırıcısı və belə deyək, koordinatoru funksiyasını yerinə yetirir. Örnəyi, qanun təklifləri hazırlayır, o təklifləri Avropa Parlamenti və Avropa Şurasına təqdim edir. Komissiya habelə, Parlamentin, Şuranın hazırladığı büdcə və proqramları tətbiq etməyə məsuldur. İttifaqın anlaşmalarının qoruyucusu sayılan Avropa Komissiyası “Ədalət Divanı” ilə birgə, İttifaq hüququnun doğru tətbiq edilməsini təmin edir.
Uluslararası platformada, uluslararası anlaşmaların müzakirəsində, özəlliklə ticarət və işbirliyi sahələrində İttifaqı təmsil edən Avropa Komissiyasının hazırladığı təklif, bildiriş, anlaşma və hesabatlar toplum üzvləri ilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullar sayılır. Komissiya üzvləri öz görəvlərini yerinə yetirərkən, milli hökumətlərindən tamamən azad davranmaq (!) – yalnız Avropa İttifaqının xeyrinə işlər görmək (!) öhdəliyini daşıyır (daha doğrusu, daşımalıdır).
Avropa İttifaqı, Avropa Komissiyası Ermənistanın işğalçılıq siyasəti, o siyasətin çox ağır nəticələri, dəhşətli müharibə cinayətləri, ağır işgəncələrə uğramış azərbaycanlılar, taleyi sirr azərbaycanlı əsir və girovlar haqqında, habelə Azərbaycana dəymiş irimiqyaslı maddi ziyanın ödənilməsi və s. yönündə indiyədək hansı təsirli təklif, bildiriş, anlaşma və hesabat hazırlayıb? Bəyəm, onlar bizim Azərbaycan toplumunun üzvləri ilə sıx fikir alış-veriş içində olub da, konstruktiv bir sənədmi işləyiblər?..
Gəlin, biz bu məqamda, iki il öncəyə dönək, 18 iyul 2022-ci il tarixinə vurğu edək. – Həmin gün Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıdaydı və Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında çıxış edirdi:
“Burada, Bakıda çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.
Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. ...Beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.
Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. ...Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. ...Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır”.
Beləliklə, Avropa Komissiyasının (vaxtilə Almaniyanın Müdafiə naziri olmuş) xanım Prezidenti, iki il öncə gəldiyi və çox məmnun ayrıldığı Bakıya bu səfər COP29 səbəbi ilə gəlməkdən imtina edərkən, daşıdığı mandata zidd qərar qəbul etdiyinin fərqində olmalıydı.
COP-un nə olduğu, COP prosesi, müzakirə edilən məsələlər və həyata keçirilən çoxtərəfli fəaliyyət barədə Avropa Komissiyası da, şəxsən xanım Ursula Fon der Lyayen də bilgilidir, əlbəttə. Əlbəttə, Ursula Fon der Lyayenin Bakıya gəlməkdən imtina etməsi bir daha və bir daha göstərir ki, uluslararası ictimai rəy, qlobal qayğılar, hələ-hələ iqlim dəyişikliyi kimi vacib bir məsələ nə onu, nə də Avropa Komissiyasını ilgiləndirmir.
Bəli, COP29 qarşı günlərdə Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək.
Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə, necə deyərlər, ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən uyğun planlar hazırlanıb.
Azərbaycan uluslararası tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir – bunu dost da bilir, dost ola bilməyənlər də.
Bəli, iqlim dəyişikliyi elə bir fazaya çata bilər, bundan bütün bəşəriyyət (ən azı faşizm fəlakətinin ağır nəticələri qədər) ziyan çəkər, yeni bəlalar yaşayar...
Yanan evə bir damcı su atmaq, saman atmaqdan çox daha yaxşıdır...
Üstəlik, uluslararası ictimaiyyət Yer üzünü, Yerin təkini, suyu, havanı, kosmosu... ən çox çirkləndirən Batıdan, Avropa Birliyindən yeni iqlim maliyyəsi gözləməkdə haqlıdır. Bəs belə olan halda, biz nə görürük? – Batı, Avropa İttifaqı və şəxsən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen COP29-a gəlmir. Bu, faktiki olaraq, məsuliyyətdən qaçmaq deyilmi?..
Nəymiş, əfəndim? –
Bəlkə biz üç on il boyunca işğal altında qalmış torpaqlarımızı azad etməməliydik? COP29-a gəlməyənlər onda gələcəkdi, eləmi? 20 faiz ərazimizə, suverenliyin natamamlığına biz özümüz göz yummalı, COP29-a gəlməyənlər də qulaq qapamalıymış ki, “anlaşma” olsun, eləmi?..
Xarakterli, qürurlu və Zəfər qazanmış Azərbaycan birilərini möhkəm rahatsız edir... Amma çox nahaq, çox! Çünki nə bəla gəlsə, xaraktersizlərdən, əziklərdən gələr – necə ki gəlir... Yaxın tarixdə özü bəşəriyyətə faciələr yaşatmış ölkənin ictimai-siyasi xadimlərinin o irsdən və müharibə cinayətlərinə görə aldıqları cəzadan nəhayət, səmimi nəticə çıxarması çox vacibdir. XX yüzilin 30-40-cı illərində soyqırımı törədən və bunu etiraf edənlərin törəmələri bu etirafda sabitqədəmdirlər, səmimidirlər, yoxsa, onlardan öncə (1918-ci ilin martında Bakıda, çevrəsində) və sonra (1992-ci ilin 26 fevralında Xocalıda) soyqırımı törədənləri müdafiə edəndəmi?.. Məsələni dərinləşdirmiş və qəlizləşdirmiş kimi çıxmasın amma ortada bir sadə sual var axı. – Doğrudan-doğruya, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen COP29-a nə üçün gəlmir?.. – “Növbətçi açıqlama” bir yana, səmimi, məsuliyyətli cavab verə bilərlərmi?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ