Onlayn ictimai-siyasi qəzet
Dünyanın siyasi gündəmi bu gün Alyaskada keçirilən və çoxlarının "tarixi dönüş nöqtəsi" adlandırdığı sammitə fokuslanıb. ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında baş tutan bu görüş, qlobal güclər balansında ciddi dəyişikliklərə yol aça biləcək qədər əhəmiyyət daşıyır. Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərə biləcək yeganə diplomatik təşəbbüs kimi qiymətləndirilən bu sammit, həmçinin enerji bazarlarından tutmuş beynəlxalq təhlükəsizlik arxitekturasına qədər bir çox sahədə kritik nəticələr doğura bilər.
Müzakirə masasında yer alan tələblər isə sadəcə müharibənin deyil, bütövlükdə regionun gələcəyinə dair güclü siqnallar verir: ABŞ tərəfi atəşkəs, Krımın Rusiya tərkibində tanınması və Ukraynanın ərazi güzəştləri qarşılığında münaqişənin dayandırılmasını istəyir. Rusiya isə NATO zəmanətləri, demilitarizasiya, sanksiyaların ləğvi və işğal etdiyi regionların tanınmasını tələb edir. Ukrayna tərəfi isə heç bir güzəştə getməyəcəyini, ərazi bütövlüyünün toxunulmaz olduğunu və Rusiya tərəfindən təzminat ödənilməsini istəyir.
Belə bir fon və ziddiyyətli mövqelər daxilində keçirilən sammitin real nəticə verməsi çətin görünsə də, prosesin özü həm diplomatik, həm də strateji baxımdan əhəmiyyətlidir.
Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov Musavat.com-a deyib ki, Alyaska sammiti əslində masada olan tələblər və mövqelərə baxdıqda konkret nəticə ilə yekunlaşması çətin görünən bir təşəbbüsdür: “Tərəflərin təqdim etdiyi şərtlər arasındakı dərin uçurumlar sammitin nəticə verəcəyinə dair gözləntiləri zəiflədir: “ABŞ-ın yanaşması Ukraynaya ərazi güzəştləri müqabilində atəşkəsin təmin olunması, Krımın Rusiyaya məxsusluğunun tanınması və müharibənin tam bitməsi yönündədir. Bu isə Ukrayna üçün strateji və siyasi məğlubiyyət deməkdir. Rusiyanın tələbləri isə daha radikal xarakter daşıyır: Ukraynanın NATO-ya daxil olmayacağına zəmanət, silahsızlaşdırma, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması və Donetsk, Luqansk, Xerson, Zaporojye və Krımın Rusiya əraziləri kimi tanınması. Ukraynanın mövqeyi isə daha sərt və kompromisdən uzaqdır: ərazi bütövlüyündən imtina edilməyəcək, Rusiya Ukrayna torpaqlarından tamamilə çıxmalı və hərbi təzminat ödəməlidir”.
Elman Sadıqov hesab edir ki, bu qədər kəskin və uzlaşmaz mövqelərin ortaq bir nəticəyə gəlməsi ehtimalı çox aşağıdır. Tramp hər nə qədər sammitin uğursuzluq ehtimalını 25% kimi qiymətləndirsə də, əslində bu rəqəm daha real vəziyyəti əks etdirmir. Sadıqovun fikrincə, əgər hər hansı bir razılaşma elan olunarsa belə, bu müvəqqəti xarakter daşıyacaq və çox keçmədən əvvəlki gərgin vəziyyətə qayıdılacaq. Rusiya artıq tənəzzül mərhələsindədir. Neft ixracı gündəlik 4 milyon barel olsa da, tətbiq edilən maksimal qiymət həddi (hazırda 47.6 dollar) Rusiyanın gəlirlərini ciddi şəkildə məhdudlaşdırır. Yeni sanksiyalar Rusiyanın neft bazarını hədəfə alaraq, iqtisadiyyatını tam çökdürmək məqsədi güdür. Valyuta ehtiyatları sürətlə əriyir, makroiqtisadi göstəricilər isə tənəzzülün dərinləşdiyini təsdiqləyir. Müharibənin maliyyələşdirilməsi getdikcə daha da çətinləşir”.
Sadıqov bu kontekstdə Rusiyanın “dilə gətirmədiyi” hədəflərinə də toxunur: “Rusiya üçün əsas məsələ yeni sanksiyaların qarşısını almaq, mövcud sanksiyalardan bəzilərini yüngülləşdirmək, atəşkəs əldə edib hərbi və siyasi mövqelərini bərkitmək, daha sonra isə digər MDB ölkələri ilə münasibətlərdə fəallığı bərpa etməkdir. Bu planları həm ABŞ, həm də Avropa çox yaxşı anlayır.
Tramp isə fərqli məqsədlərlə hərəkət edir. Nobel Sülh Mükafatını qazanmaq və seçkiqabağı müharibənin sonlandırılmasına dair təşəbbüs göstərmək onun üçün siyasi dividendlər baxımından əhəmiyyətlidir. Lakin Sadıqov hesab edir ki, bu müharibə təkcə dövlətlərarası qarşıdurma deyil, daha dərin və strateji ölçülərə sahibdir. Bu səbəbdən, Tramp istəsə də, məsələni tam həll edə bilməz.
Ən pis ssenari – sammitin ilk dəqiqələrindən “heç bir anlaşma olmadı” açıqlamasıdır ki, bu Rusiya üçün ciddi zərbə olar. Ən yaxşı halda isə, ilkin olaraq tərəflər arasında razılıq görüntüsü yaradılacaq, amma bir neçə gün sonra vəziyyət yenidən əvvəlki məcrasına qayıdacaq. Ukraynanı günahlandırmaq və ona təzyiq göstərmək variantı isə ABŞ üçün həm risklidir, həm də beynəlxalq səviyyədə mənfi qarşılanacaq. Putin bu sammiti özünün “son ümid pəncərəsi” kimi görür və ehtimal ki, yumşaq mövqe sərgiləyərək vaxt qazanmağa çalışacaq. Amma Ukrayna və Qərb bu oyunu anlayır və bu dəfə Moskvanın aldatma taktikasına imkan verilməyəcək. Sammitin nəticəsi nə olur-olsun, bu müharibə bir müddət də davam edəcək və real həll üçün daha dərin və əsaslı diplomatik mexanizmlər tələb olunacaq”.
Afaq Mirayiq,
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ