Onlayn ictimai-siyasi qəzet
Vətən müharibəsi iştirakçısı, Quru qoşunların Komando kəşfiyyat tağım komandiri İqbal Səfərov 2006-cı ildə qarlı dağlarda hərbi xidmətindən yazıb.
Musavat.com qazimizin olduqca təsirli müəllif yazısını təqdim edir:
Ordubad rayonunun Nürgüt kəndindən kilometrlərcə yolu çiynində odun və ərzaq piyada gedib çatırsan dağların arasında yerləşən Göy gölə. Göldən yuxarıda bir dağ var. Qar çox yağdığından ora çıxmaq çox çətindir. Əsas dərd isə ora çıxdıqdan sonra başlayır. Sən demə ondan başqa əlavə bir dənə də dağ varmış. Aşağıdan baxdıqda hava hər zaman dumanlı olduğu üçün həmin dağ görünmürmüş...
Qarda oraya dırmaşmaq isə intihar etmək kimi bir şeydir.
Yadıma gəlir, ilk dəfə oraya dırmaşanda qarın içində o qədər yıxılıb batmışdım ki, an gəlmişdi canımdan bezmişdim.
Dağın ən zirvəsində isə yerin altında balaca bir daxma...( post)
Altı nəfər əsgər və mən...
Şəbəkə yox, tv yox, net yox, işıq yox, qaz yox, hamam yox, su yox, dünya ilə əlaqə yox...Su yerinə qardan istifadə edirdik.
İki ədəd ikimərtəbəli çarpayımız var idi. Onlara da dörd nəfərimiz yerləşirdi. İki nəfər sırayla səngərdə dayanıb bütün gecəni keşik çəkir, mən də bütün gecəni yuxusuz qalır, əsgərləri dəyişirdim. Yanlarına gedirdim, həm yoxlayır, həm söhbət edir, həm də çalışırdım başlarını qatım ki, bir yerdə dayanıb soyuqdan donmasınlar.
Bilənlər bilir, bilməyənlər üçün bildirim ki, qatı soyuqda, şaxtada insan əvvəlcə bərk üşüyür, sonra yavaş-yavaş üşüməyi ona qəşəng yuxu gətirir. Qaçınılmaz ölüm yuxusu... Gözlər sözə qulaq asmır. Donmağa başlayırsan, amma fərqinə varmırsan. Düşünürsən ki, beşcə dəqiqə qarın içinə uzanım yatım, heç nə olmaz, sonra duraram. Və fərqində olmadan donursan.... Başıma gəlib deyə bilirəm.
Dağlarda canavarların səsi kəsilmirdi. Bütün günü ulaşırdılar. Səsləri hər yerdən gəlirdi. Səngərdə də düşməndən çox canavardan ehtiyat edirdik.
İllər keçsə də xatırlayıram...
Hərdən duman olmayan vaxtlar təyyarə görəndə başımı qaldırıb həsrətlə baxırdım... Arxasından çıxan ağ zolaq uzun iz açırdı... Təyyarəyə baxdıqda düşünürdüm ki, içərisində insanlar var, özü də yaşayış olan yerlərə gedir...Belə şeylərlə özümü təsəlli edirdim...
Bir-birimizin üzünü nə qədər görmək olar axı... Eyni üzlər, eyni şeylər...Qar, canavar, soyuq, aclıq...Günlər keçdikcə vəhşiləşirdik. Soyuq hisslərimizi də donlaşdırırdı... Sanki insanlıqdan çıxırdıq...
Aşağıda xidmət edənlər bizə "adam yeyənlər" deyirdilər.
Düzü hərbi xidmətdə elə də xoş xatirələrim yoxdur deyə bu haqda heç vaxt yazmamışdım. İlk dəfədir hərbi xidmət dönəmimdən nəsə yazıram.
Yeni il yaxınlaşır. Sosial şəbəkədə belə bir şəkil gördüm....
Şəkil məni 2006-cı ilə, hərbi xidmət dönəmimə apardı... Əlimizdə silah, soyuq səngər, dayanmadan yağan qar... Yeddi metr qar...Bəli, yeddi metr! İnandırıcı gəlməsə də.
Qızışmaq üçün nələr etmirdik... Danışmalı deyil...
İndi o yerlərə qaz və işıq çəkilib eşitdiyimə görə... Sağ olsunlar.
Bayramın mübarək olsun Azərbaycan əsgəri.
O illəri yaşamışam deyə duya bilirəm iliklərinə qədər üşüdüyünü...
İsti yatağımda uzanmışam... Bir şəkil məni gör neçə il öncəyə apardı...
Bayramın mübarək olsun Azərbaycan əsgəri.
Vətən müharibəsi iştirakçısı,
Quru qoşunların Komando kəşfiyyat tağım komandiri İqbal Səfərov
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ