İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın xarici işlər naziri Bakıya hansı tapşırıqla gəlir?

Siyasi ekspert: “Bir sıra hallarda  Almaniya xarici siyasətdə, regional məsələlərdə Fransanın yedəyində gedir kimi görünür”

Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistana və Azərbaycana səfər edəcək. Nazir bu gün səhər Ermənistana səfər edəcək. O, əvvəlcə İrəvanda olacaq, erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. Berbokun proqramında Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüş də yer alır. Almaniyalı nazir sabah Azərbaycana yola düşəcək, onun Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqları planlaşdırılır, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də gözlənilir.

Uzun illər Almaniya Avropa İttifaqında Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli yanaşması ilə seçilən ölkə idi. Keçmiş kansler Angela Merkel Azərbaycanla münasibətlərə xüsusi önəm verirdi və Qarabağla bağlı problemin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmasını dəstəkləyirdi. Eləcə də Almaniya Bundestaqı məhz suverenlik prinsipini dəstəkləyən bir neçə qətnamə qəbul edib və orada işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi vurğulanıb. Almaniya Xarici İşlər Nazirliyi hələ 2016-cı ildə keçmiş Dağlıq Qarabağ münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan da təklif etmişdi ki, ortaya heç bir nəticə çıxmadı.

Fransanın xarici işlər naziri Ketrin Kolonna hələ may ayında Almaniyanın xarici işlər naziri Annalena Barboka İrəvana onunla birgə getməyi təklif etsə də, Berlin bunu rədd edib. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri o zaman yazırdı ki, Fransa “Avropa İttifaqını fəal şəkildə Ermənistanın tərəfinə keçib Azərbaycana qarşı "qətiyyətli mövqe" tutmağa sövq edir".

Amma ermənipərəst Ketrin Kolonna Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin  avqustun 31-də İspaniyada keçirilən görüşünün gündəliyinə “Qarabağdakı vəziyyət” də daxil edilməsinə nail oldu ki, Berbok fransalı həmkarı kimi separatçılara qahmar çıxdı, onların durumunu “fəlakətli” adlandırdı.

Berlinin regionda vasitəçi statusunda irəli çıxması həm tərəflər, həm də alman diplomatları üçün yeni situasiyadır. Almaniya və Fransa Aİ-nin iki lider dövlətidir, bəzi fikir ayrılıqları və intriqalara rəğmən Parislə Berlin ortaq geosiyasi mövqe sərgiləyirlər. Təsadüfi deyil ki, bu ilin martında Paşinyan Berlində səfərdə olarkən Almaniya kansleri Olaf Şolts  Qarabağda qalan ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu nəzərdə tutan dinc həllinə tərəfdar olduğunu arzuladığını demişdi. Şoltsun açıqlamasından belə məlum olurdu ki, o özündən əvvəlki hökumətin mövqeyindən, Bundestaqın qətnamələrindən ya xəbərsiz olub, ya da Almaniyanın Cənubi Qafqaz ölkələri ilə bağlı beynəlxalq hüquqa, ədalətə söykənən siyasətini dəyişib.

İyun ayında isə Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində  Şarl Mişelin təşkilatçılığı ilə danışıqlarda Fransa prezidenti və Almaniya kansleri də iştirak etdilər. Qaranada  da eyni formatda görüşdən isə Azərbaycan Makronun qərəzli mövqeyi səbəbindən imtina etdi.  

Berbokun Bakıya səfəri Fransanın təsiri altındamı gerçəkləşir? Almaniyalı nazir  Azərbaycana münasibətdə mövqeyində korrektələr edəcəkmi?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Almaniya son dövrlər Cənubi Qafqazda fəal olmağa çalışır: “Bu, əlbəttə ki, Almaniyanın milli maraqlarından gələn bir mövqeni əks etdirir. Digər tərəfdən, Avropa İttifaqı müstəvisində də fəal danışıqlar və vasitəçilik təşəbbüsləri getdiyi bir zamanda rəsmi Berlin burada bilavasitə iştirakı nəzərdən keçirir. Eyni zamanda baxmayaraq ki, Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası Fransanın təkidi ilə bölgəyə göndərilib, lakin missiyanın rəhbəri almaniyalı Markos Vibterdir. Bunun özü Almaniya və Azərbaycan arasında olan münasibətləri də yenidən nəzərdən keçirməyə səbəb olan bir haldır. Digər tərəfdən, Avropa siyasi birliyi müstəvisində danışıqlarda Almaniyanın tərəf kimi iştirakını görməkdəyik. Almaniya fəal surətdə Cənubi Qafqazda sülh və təhülkəsizlik mühitinin qurulmasının tərəfdarı kimi özünü göstərməyə çalışır. Rəsmi Bakı bunu Fransanın qərəzli mövqeyi müqabilində Almaniyanın balanslaşdırılmış mövqeyinə ümid etmək kimi də dəyərləndirir. Lakin bir sıra hallarda sanki Almaniya Fransanın xarici siyasətdə, regional məsələlərdə yedəyində gedir kimi görünür. Bu xüsusda Fransanın xarici işlər naziri Ketrin Kolonna öz almaniyalı həmkarını sanki öz geosiyasi ambisiyalarının əsirinə çevirməyə çalışır. Digər tərəfdən, artıq görürük ki, Almaniyanın xarici işlər naziri özü də Azərbaycana və Ermənistana səfər edəcək”.

İ.Hüseynovun fikrincə,  diqqətçəkən məqamlardan biri də budur ki, almaniyalı nazirin Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşü keçiriləcək: “Xatırlayıram ki, Almaniyanın keçmiş kansleri Angela Merkel də belə bir addım atmışdı, vətəndaş cəmiyyətinin daha çox neqativləri qabardan nümayəndələri ilə görüşmüşdü. İndi xarici işlər naziri tərəfindən də analoji addım atıla bilər. Bu, Azərbaycan  dövlətinə qarşı içdən müəyyən fəaliyyətləri həyata keçirmək məqsədilə atılan addımdır”.

Ekspertin sözlərinə görə, Almaniya rasional davranaraq öz praqmatik mövqeyini bundan sonra da davam etdirməlidir ki, Berlinlə Bakı arasında münasibətlər pozulmasın. Baxmayaraq ki, biz yaxşı başa düşürük Fransa ciddi surətdə Almaniyaya təsir etməyə çalışır. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR