İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın dövlət kanalından anti-Azərbaycan addım

 

Alman dürüstlüyü avrolar qarşısında aciz qalır...

Almaniyanın “ZDF”  telekanalı Azərbaycan Respublikasının bir hissəsini müvəqqəti nəzarətdə saxlayan Rusiya sülhməramlılarının himayəsindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyandan müsahibə götürüb. Erməni nəşrlərinin yaydığı məlumata görə, R.Vardanyan bu haqda öz teleqram-kanalında yazıb.

“Qarabağdakı ermənilər öz gələcəyini Azərbaycanın tərkibində görmür və bu məsələdə öz aydın mövqeyini çoxdan ifadə edib. Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə yox. Bunları Almaniya telekanalına müsahibəmdə bir daha söyləmək imkanım oldu”, - deyə üzdəniraq “dövlət naziri” sərsəmləyib.

Telekanal geniş reportajda Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejimdən bəhs edib. O cümlədən sərhəddəki 13 sentyabr qanlı qarşıdurmalarını “Azərbaycanın  Ermənistana təcavüzü” kimi təqdim edərək onun “nəticələri”ndən danışıb. Almaniya telekanalı həmçinin bu il oktyabrın 30-da  Kremlin separatçı rejim, xüsusən də Putinin milyarder “desantı” sayılan həmin R.Vardanyan vasitəsilə Xankəndinin “Dirçəliş” meydanında təşkil etdiyi çoxminlik mitinqin kadrlarını nümayiş etdirib.

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən “ZDF” Almaniyanın dövlət kanalı sayılır. İndi bunu necə başa düşək? Rusiyanın Vardanyan projesi ilə nə güddüyü bəllidir. Bəs Almaniyanın marağı nədir? Olmaya Vardanyanın çirkli pulları dürüst almanları da yoldan azdırıb?

Bu yerdə xatırladaq ki, Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq bu ilin mayında Şuşada səfərdə olub. Yəni ərazi bütövlüyümüzü tanınması məsələsində rəsmi Berlinin mövqeyi məlum. O zaman erməni separatizminə dəstəyin adı nə?

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov öncəliklə Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini tənqid etdi: “Almaniyanın ”ZDF" telekanalının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki separatçı-terrorçu rejimin “dövlət naziri” Ruben Vardanyandan müsahibə götürməsi hamıya bəlli olan bir neçə nüansı bir daha diqqət mərkəzinə gətirir. İlk növbədə, ən sadə sualdan başlasaq: alman jurnalistlər Xankəndiyə necə gəliblər? Sülhməramlıların son  olaraq Azərbaycan media mənsublarına münasibətdə “qətiyyətli” davranışı göstərir ki, almanların postlardan yayınması mümkün deyil, hətta xüsusi fərqlənən mülki avtomobillərdə belə onların Laçın dəhlizindən keçməsi ağlabatan görünmür. Sülhməramlıların son davranışları, separatçılarla isti münasibətləri, xüsusən Moskvanın “adamı”nın terrorçu rejimə rəhbərlik etməyə başlaması fonunda güman etməyə əsaslar var ki,  sülhməramlılar ZDF-nin jurnalistlərini hətta elə öz hərbi avtomobillərində qanunsuz olaraq Azərbaycan ərazisinə gətirmələri mümkündür. Prinsipcə, bu ehtimalın sülhməramlıların qanunsuz səfərə şərait yaratmasından ciddi fərqi yoxdur.

Digər tərəfdən, alman jurnalistlərin məhz Moskvanın “adamı” olan Ruben Vardanyandan müsahibə götürməsi, daha doğrusu onu Avropa ictimai-siyasi məkanına təqdim etməsi aydındır ki, Moskvanın niyyəti ilə üst-üstə düşür. Düzdür, Rusiyanın RBK telekanalı da Vardanyandan müsahibə almış, amma sonra müsahibəni yayımlamaqdan imtina etmişdi, Vardanyan da bunu Azərbaycanla münasibətlərə xələl gətirməmək üçün Kremlin RBK-ya tapşırığı ilə izah etmişdi. Almanların məsələsində də görünən odur ki, Rusiyada bəzi dairələr “dovşana qaç, tazıya tut” formulundan istifadə etmək istəyirmiş, amma proseslərin gedişi də göstərdi ki, artıq Bakı bu dildə danışılacaq tərəf deyil.

Almanlara gəlincə, əslində biz baxış bucağımızı dəyişsək, həqiqəti daha tez görə bilərik. İlk növbədə, biz Avropanın “aydan arı, sudan duru” təqdimatını bir daha nəzərdən keçirməliyik. Alman dürüstlüyü ola bilsin ki, bu ölkədə və bütövlükdə Avropada xırda, kütləvi korrupsiya meyllərinin qarşısını alıb, amma milyon avrolar qarşısında avropalılar da, “dürüst almanlar” da acizdir və bunu çoxsaylı nümunələrlə sübut etmək mümkündür. Təbii ki, “ZDF”-i Xankəndinə qaçaq yolla gəlməyə məcbur edən amillərdən biri də, məhz Vardanyanın milyonlarının qoxusudur. Bəli, bu, Almaniya dövlətinin Azərbaycanın ərazi bütövlüyünə dair ifadə etdiyi rəsmi mövqe ilə uzlaşmır, amma güclənən Türkiyə -Azərbaycan tandemində Berlinin bəzən rəsmi mövqeyini ikinci plana salması gözləniləndir".

Deputat Azərbaycanın ərazi bütövlüyünə olan hörmətsizlikdən də söz açdı: “Ümumilikdə yanaşdıqda isə proses özlüyündə beynəlxalq hüquq pozuntusudur, Almaniyanın ictimai kanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ifadə edir, terrora dəstək verir. Eyni zamanda, həmin jurnalistlər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə əməlini törətməklə Cinayət Məcəlləsinin 318-ci, Rusiya sülhməramlı komandanlığı isə Qanunsuz miqrasiyanın təşkilinə görə Məcəllənin 318-1-ci maddəsi ilə nəzərdə tutulmuş pozuntulara görə cinayət məsuliyyəti daşıyırlar və hesab edirəm ki, aidiyyətı istiqamətdə ən qısa müddətdə cinayət təqibi başlanmalı, müvafiq tədbirlər görülməlidir”.

Cənab Prezident Füzulini cənnətə çevirir”- Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə burada həm də Türkiyə faktorunu görür: “Almaniya hələ də Fransa kimi güclənən Türkiyə faktorunu həzm edə bilmir. Almaniyanın bu reallığı qəbullanmaması Türkiyənin strateji müttəfiqi Azərbaycana qarşı qısqanclığı nümayiş etdirməsi ilə yekunlaşır. Ona görə də Almaniyanın ”ZDF" və başqa media qurumları tez-tez Azərbaycan və Türkiyə əleyhinə materiallar dərc edirlər. Ancaq siyasi proseslərdən başı çıxmayan adam inana bilər ki, Almaniyada media azaddır. Alman mediası siyasi institutların direktivlərini birbaşa idarə edən və medianın çirkin siyasi məqsədlərə alət olduğu Qərb ölkələrinin başında gəlir. İndi ciddi formada dünyada təsir imkanları qapanan Almaniya müxtəlif vasitələrlə başqa coğrafiyalarda fəallıq etməyə çalışır. Fransanın aktiv təhrikləri ilə Almaniya da Ermənistana peşkəş edilən dövlət kimi yanaşaraq onun vasitəsilə ölkəmizə informasiya hücumları edir. Almaniyanın daxilində müxtəlif xalqlar hələ də azadlıq istəyirlər. Qarabağdakı separatçıların şər-böhtanlarına möhtac qalan Almaniya yaxşı olardı ki, birinci növbədə öz daxilindəki problemlərə baxsın. “ZDF”-in materialı sifarişlidir. Yeni dünya nizamında Almaniya siyasi konfiqurasiyalardan kənarda qalmaq istəmir. Hesab edirəm ki, Almaniya təxribatlarının kökündə də Fransa ilə gizli danışıqlar dayana bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR