Onlayn ictimai-siyasi qəzet
Almaniya Prezidentinin səfərinin nəticələri olacaq
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycanda səfərdə olacaq. Bu onun Azərbaycan daxil, bölgəyə ilk ziyarəti olacaq.
Federal prezident Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq. Həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək.
Almaniya Prezidentinin səfərində əsas müzakirə mövzusu nə olacaq? Əsas gözlənti nədir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Frank-Valter Ştaynmayer çox təcrübəli siyasətçidir və dəfələrlə Azərbaycanda olub: “O, Almaniyanın xarici işlər naziri olarkən və ATƏT-in fəlaiyyətdə olan sədri kimi Azərbaycana səfərlərə gəlib, indi isə Almaniya Prezidenti kimi ölkəmizə gəlir. Ştaynmayerin əvvəlcə Emənistana səfər etməsi, təbii ki, müzakirə olunacaq məsələlərə də öz təsirini göstərəcək. Ermənilər əllərindən gələni edəcəklər ki, Ştaynmayer mütləq Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı məsələni də qaldırsın. Ancaq əsas müzakirə rəsmi elan olunmuş gündəliklə yanaşı, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması məsələsi olacaq. Çünki bu prosesləri Ştaynmayer yaxşı bilir. O, həm Ermənistanın, həm də Azərbaycanın rəhbərliyini sülh müqaviləsini mümkün qədər tez imzalamağa çağıracaq. Onu da nəzərə alaq ki, Almaniya Prezidentinin səlahiyyətləri o qədər də geniş deyil. Bu səfərin elan olunan proqramında onun daha çox Ermənistan və Azərbaycanda qadınların vəziyyətini müzakirə etmək, mədəni abidələrlə tanış olması nəzərdə tutulub”.
A.Səmədovun sözlərinə görə, Ştaynmayerin Gürcüstana səfərə getməməsinin səbəbi qonşu ölkənin Avropa İttifaqı ilə problemlərinə görədir: “Avropa İttifaqının Gürcüstanla münasibətləri pisləşib və proses davam edir. ABŞ müəyyən qədər dayansa da, Avropada Gürcüstana münasibət yaxşı deyil. Gürcüstanın tutduğu xətdən imtina etdiyi, Rusiyaya yaxınlaşdığı göz qabağındadır və təbiidir ki, Avropa dövlətləri üçün çox böyük zərbədir, onların nüfuzuna zərər vurur. Bu səbəbdən Almaniya Prezidenti Gürcüstana getməmək qərarına gəlib”.
Ekspert sonda vurğuladı ki, prezident Ştaynmayerin bölgəyə səfərinin elə bir ciddi nəticəsi olmasa da, bölgəyə, Azərbaycana diqqətin artması baxımından nəticəsi olacaq.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə isə bildirdi ki, son bir neçə gündür biz həm ABŞ-dan, həm Avropa İttifaqı ölkələrindən, həm də Böyük Britaniyadan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı çağırışlara şahidlik edirik: “İndi də Frank-Valter Ştaynmayerin Cənubi Qafqazın üç ölkəsindən ikisinə səfər etməsi təbii ki, həm də müvafiq olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlıdır: "Almaniya uzun müddətdir ki, sülh prosesində aktiv rol oynamağa çalışır və Fransadan fərqli olaraq, nisbətən daha balanslı mövqe sərgiləyir. Ştaynmayerin hər iki ölkəyə eyni vaxtda səfər etməsinə də bu balanslı siyasətin tərkib hissəsi kimi baxmaq lazımdır. O baxımdan bu səfər çərçivəsində Almaniyanın hər iki ölkə ilə münasibətləri inkişaf etdirmək istiqamətində danışıqlarla yanaşı, Azərbaycan-Ermənistan münasibətləri və sülh perspektivləri istiqamətində də danışıqlara şahidlik edəcəyik".
Politoloqun fikrincə, bu səfər təbii olaraq təkcə Almaniya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir. Eyni şəkildə Avropa İttifaqı üçün də əhəmiyyətli səfərdir: “Çünki Avropa İttifaqının aparıcı ölkələrindən birinin prezidentinin səfəri, region dövlətləri ilə münasibətləri inkişaf etdirməsi, Cənubi Qafqazda təsir imkanlarını artırmaq istəyən Avropa İttifaqı üçün də yeni imkanlar deməkdir.
Təbii ki, Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsi də müzakirə mövzusu olacaq. Enerji sahəsində Azərbaycanla daha sıx əməkdaşlığı hədəfləyən Avropa İttifaqı üçün Almaniyanın bu istiqamətdə vasitəçiliyi indiki məqamda daha uyğun ola biləcək seçimdir.
Avropanın regiona diqqətini zəruri edən digər məsələ isə Trampın qərarları fonunda Avropa İttifaqının ümumi təhlükəsizlik məsələsi ilə bağlıdır. Cənubi Qafqaz Avropanın cənub-şərq sərhədində yerləşməklə geostrateji baxımdan böyük əhəmiyyət daşıyır. Gürcüstana səfər edilməməsində isə böyük ehtimalla Gürcüstan hakimiyyəti ilə Avropa arasında yaşanan soyuqluqla bağlıdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ