Onlayn ictimai-siyasi qəzet
Bundestaqın iki keçmiş deputatı guya Azərbaycandan rüşvət alıb və buna dair sənədli film nümayiş olunacaq; deputat və prezidentliyə namizəddən etirazlar
Almaniya parlamentində (Bundestaq) guya Azərbaycan rəsmilərindən rüşvət alan iki lobbist-deputat “ifşa olunub”. Söhbət keçmiş parlamentarilər Aksel Fişer və Tomas Lindnerdən gedir.
“Almaniyanın Birinci Telekanalında Azərbaycan nümayəndələrinin və Bundestaqın iki keçmiş deputatının iştirakı ilə korrupsiya sxemlərindən bəhs edən sənədli film nümayiş olunacaq”, - məlumatda deyilir. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) alman nümayəndəsi Frank Şvabe X sosial şəbəkəsində yazıb ki, guya bu, İkinci Dünya müharibəsindən sonra Almaniya parlamentində ən böyük korrupsiya qalmaqallarından biridir. Onun sözlərinə görə, Azərbaycandan rüşvət alan Fişer və Lindner korrupsiya sxemlərində iştirak ediblər. Bununla bağlı artıq “sənədli film” də çəkilib və martın 6-da nümayiş olunacağı gözlənilir. Bu, erməni lobbisinə işləyən həmin Şvabedir ki, AŞ PA-nın qış sessiyasında Azərbaycan əleyhinə qətnamənin əsas təşəbbüskarı və məruzəçi olub. Yəni əslində onun özünün ifşası haqda film çəkilməlidir. Bəs rəsmi Bakının üzdəniraq filmlə bağlı önləyici addımı olacaqmı? Axı Almaniya Azərbaycandan nə istəyir?
Erməni lobbisindən rüşvət alan avropalı siyasətçilər haqda bir kəlmə danışılmır, di gəl, keçmiş parlamentarilərdən kino çəkirlər. Bu da məqsədli şəkildə aparılan kampaniyanın davamı deməkdir. Azərbaycanın qələbəsi Almaniya üçün o qədər həzmolunmaz olub ki, hər zaman hüququn aliliyi ilə öyünən bu ölkədə Azərbaycana dair müsbət fikri olan hər kəs, hətta deputat olsa belə ciddi təqiblərə məruz qalmağa başlayıb. Qarabağda dırnağarası erməni mədəni irsinə hamilik etməyə çalışan Almaniya hələ də Avropada islamafobiya, antisemitizm və türklərə qarşı cinayətlərin ən çox qeydə alındığı ölkə olaraq qalmağa davam edir. Bəllidir ki, Fransa və Almaniya xor içində uğursuz duet təşkil edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞ PA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu gün əminliklə deyə bilərik ki, AŞ PA Almaniya və Fransanın əlində bir meymun oyuncağıdır.
Elman Nəsirov
Deputat Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, son zamanlar təkcə ABŞ deyil, Avropa təsisatlarından da ölkəmizə qarşı qərəzli kampaniya aparılmaqdadır. “Bu bəyanatların, qətnamələrin qəbulunda bir sinxronluq var və estafetin başında Fransa gedir. Son olaraq AŞ PA-da qəbul edlən qətnamə Yelisey sarayında hazırlansa da, müəllifi Almaniyada tapıldı. Sonra məlum oldu ki, həmin alman deputat Şvabenin məşuqəsi erməni imiş. Həmçinin, alman deputat Frank Engelin də həyat yoldaşı erməni çıxdı. Yəni məşuqəsi və arvadı erməni olan alman deputatlar erməni lobbisinin əlində oyuncağa çevriliblər. İndi də iki keçmiş deputat haqda film hazırlanır. Faktiki olaraq, Qərbdə Azərbaycana qarşı bir informasiya cəbhəsi açılıb və sanki yarış qurulub. Napoleonun məşhur ifadəsi var - kimdə nə varsa, ondan çox danışır. İndi alman və fransız deputatları korrupsiya çirkabına bulaşıblar, hətta Avropa Parlamentinin vitse-spikerinin korrupsiya əməlləri ifşa olunub, onlar ayıblarına kor olmurlar. Əgər Qərb təşkilatlarının bu səviyyədə məmurları korrupsiya girdabındadırsa, görün aşağı palatalarda olan senatorlar, deputatlar necə rüşvətə bulaşıblar”. E.Nəsirovun sözlərinə görə, indi alman və fransız deputatları ayılıblar ki, biz 30 il münaqişəni uzatdıq, həll yolu olmadığını qeyd etdik, necə oldu ki, Azərbaycan hərbi yolla ərazilərini azad etdi, niyə vaxtında qarşısını almadıq... “Deyirlər ki, heç olmasa indi kampaniya aparaq, ittihamlar irəli sürək. Amma yanılırlar. Biz heç kəsin torpağına göz dikməmişik və öz ərazilərimizi işğaldan azad etmişik. Bu gün Konqresdən də sanksiya çağırışları eşidirik. Ancaq istəyir hədyanlar gəlsin, istəyir filmlər çəkilsin, əsas odur ki, biz haqlıyıq, beynəlxalq hüquqa uyğun addımlar atmışıq, işğala son qoymuşuq, xalqımız prezidentin ətrafında monolitlik nümayiş etdirir, Azərbaycan qalib gəlmiş dövlət və xalqdır, müzəffər ordusu var, heç bir əski parçası olan qətnamə bizi haqlı yolumuzdan döndərə bilməz”.
Fuad Əliyev
Prezidentliyə namizəd Fuad Əliyev Azərbaycanın şər-böhtan və çirkin kampaniya ilə üz-üzə qaldığını hesab edir. Onun sözlərinə görə, ölkə faktiki olaraq təhdidlərə məruz qalıb: “Bu addımlar şantajdır. Biz siyasi şantaj, siyasi terrorla üzləşmişik. İki keçmiş deputat deyil, bizim haqqımızda sənədli film çəkilir. Bunun izahı belədir. Almaniya, Fransa, Avropa Birliyinin dominant dövlətləri Azərbaycanın Qarabağda ”boz zona"nı ləğv etməsi ilə barışa bilmirlər. Avropa təsisatları da bu ölkələrin əlində əsir-yesir qalıb, Almaniyadan, Makrondan gələn təlimatları yerinə yetirirlər. Biz də dayanmalı deyilik və Qərbdə əleyhimizə başladılmış bu qara piara, saxta məlumatlarla dolu ittihamlara cavab verməliyik. Bu işdə diplomatiyamız hücuma keçməlidir. Çünki rüşvətə bulaşmış, erməni lobbisinin çörəyini yeyən bu saxtakarlar qərəzli addımları ilə bizə təzyiq etməyə çalışırlar". F.Əliyevin sözlərinə görə, bundan əvvəl də Almaniya Azərbaycana qarşı kampaniya başlatmışdı, heç bir nəticəsi olmadı: “Əgər Şvabe kimi siyasi dələduzlar bu barədə paylaşım edirlərsə, o zaman hər şey aydındır. Çünki onun qondarma erməni soyqırımının Almaniyada tanınması təşəbbüskarı olduğunu da, AŞ PA-da bizim nümayəndə heyətinə sanksiya tətbiq edilməsi ideyasının müəllifi olduğunu da yaxşı bilirik. Şvabe kimilər ifşa edilməlidir. Bu siyasətçilərin mahiyyəti üzə çıxarılmalıdır. Deməli, sistemli xarakter daşıyan bir təbliğat maşını işə düşüb. Azərbaycanın diplomatik korpusları, vətəndaş cəmiyyəti, iqtidar və müxalifəti birgə hərəkət etməlidir. Bu, milli məsələdir və həmrəyliyə ehtiyac var. Çünki Azərbaycan hədəf alınıb və erməni lobbisi var gücü ilə bizi dünyada soyqırımda ittiham etməyə çalışır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ