İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman generallarının Rusiya əleyhinə söhbətlərini Moskvaya BU ÖLKƏ sızdıra bilər - ŞOK DETALLAR

Rusiya kəşfiyyat orqanlarının alman generallarının Ukraynaya “Taurus” raketi verilməsi və bu raketlərin idarə olunması üçün həmin ölkəyə əsgər göndərilməsi barədə müzakirələrinin audioyazısını ələ keçirməsi NATO-Rusiya arasında ciddi hərbi gərginlik yaradıb.

Qeyd edək ki, 38 dəqiqə çəkən bu müzakirələrdə alman generallar Ukraynada Qərb dövlətlərinin hərbçilərinin xidmət göstərdiyi və Krım körpüsünü sıradan çıxarmaq planları barədə müzakirə aparıblar. Bu isə Rusiyanın bir müddət əvvəl NATO ölkələrinə göndərdiyi xəbərdarlıqlara məhəl qoyulmaması anlamına gəlir.

makron avropa.jpg (66 KB)

Xatırladaq ki, ötən ay Fransa prezidenti Emmanuel Makron mətbuata verdiyi açıqlamasında Fransanın bəzi Avropa ölkələri kimi Ukraynaya hərbçi göndərə biləcəyini bildirmiş və Rusiyanın buna reaksiyası xeyli sərt olmuşdu. Fevralın 29-da Rusiya Federasiyası Şurasının toplantısında çıxış edən prezident Vladimir Putin bu fikrə düşənlərin müharibəni “cizgi filmi” zənn etdiklərini vurğulayaraq xatırlatmışdı ki, Rusiyanın istənilən Qərb ölkəsinin istənilən nöqtəsini vurmağa silahları var. O, həmin silahların adlarını sadalamaqla qalmamış, Avropa ölkələrini nüvə zərbəsi ilə təhdid etmişdi. Alman generallarının Ukraynaya əsgər və “Taurus” raketləri göndərməsi, Krım körpüsünün də məhz bu raketlərlə vurulması ehtimalını müzakirəyə çıxarmasının səs yazısının Rusiya tərəfindən paylaşılması da bu təhdidlərdən sonra baş vermişdi.

Rusiya-NATO müharibəsini tətikləyən bu ardıcıl insidentlərin ortaya çıxması təsadüfidirmi? Proseslər həqiqətənmi bəşəriyyəti nüvə müharibəsinə aparır? Ən əsası, Rusiya alman generallarının gizli söhbətinin audioyazısını necə ələ keçirib? Rus kəşfiyyatı NATO ölkələrinin baş qərargahına girə biləcək qədər güclüdürsə, Qərb dövlətləri onunla necə mübarizə apara bilər?

OGUZ.jpeg (277 KB)

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Rusiya ilə NATO ölkələri arasında savaş ritorikasının güclənməsi təsadüfə bənzəmir:

“Bilirsiniz ki, Rusiya prezidenti Putinin bu təhdidkar açıqlamasından dərhal sonra ABŞ müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasında çıxış edərək Ukraynanın məğlubiyyəti durumunda NATO ölkələrinin Rusiya ilə birbaşa müharibəyə başlayacağını bildirmişdi. Zənnimcə, Makronun və Ostinin məlum açıqlamaları da, alman generallarının sızdırılan söhbəti də Qərb ictimai rəyini ABŞ müdafiə nazirinin işarə etdiyi bu savaşa hazırlamağa xidmət edir. Bu da səbəbsiz deyil. 2 ildən çoxdur ki, Rusiyaya qarşı şücaətli müharibə aparan Ukrayna artıq tükənir. Söhbət təkcə silah çatışmazlığından getmir. Ukraynanın bu müharibəni aparmaq üçün canlı qüvvəsi də çatışmır. Ölkənin əli silah tutan əhalisinin önəmli qismi Avropaya sığınıb. Kiyevə hətta ən müasir silahlar verilsə belə, Rusiya ilə savaşı davam etdirmək üçün onun peşəkar hərbçiyə ehtiyacı var. Onsuz da alman generallarının Ukraynaya hərbçi göndərmək müzakirələri bu zərurətdən doğmuşdu.

OLAF.jpg (68 KB)

Yəqin onu da inkar etməzsiniz ki, Almaniya kansleri Olaf Şolts həmin səs yazıları yayılmamışdan əvvəl media qarşısına çıxıb rəsmi Berlinin Kiyevə “Taurus” raketləri verməyəcəyini bəyan etmişdi. Fikrini isə belə əsaslandırmışdı ki, Ukraynaya təkcə raket verməklə iş bitmir. Raketi idarə edə bilən kadrlar da göndərilməlidir. Əks halda 500 km mənzilli bu raketlərin düzgün idarə olunmaması arzuolunmaz sürprizlərə yol aça bilər. Ukraynalılar səhvən həmin raketləri hərbi obyektlərə yox, Moskvaya atarlar və bunun bütün məsuliyyəti Almaniyanın üzərində qalar. Ukraynaya peşəkar hərbçilər göndərmək isə bir başqa problemdir. Rusiya bunu Almaniyanın ona qarşı müharibəyə başlaması kimi dəyərləndirə bilər və beləcə rus-alman savaşı qaçılmaz olar”.

Heydər Oğuzun fikrincə, Şoltsun bu fikirləri Almaniya hökumətinin çətin dilemma qarşısında qaldığını göstərməklə yanaşı, Ukraynada peşəkar hərbçi çatışmazlığından da xəbər verir:

“Bu mənada ABŞ müdafiə nazirinin “Ukrayna düşərsə, NATO-Rusiya savaşı başalayar” deməsi başadüşüləndir. Çünki həqiqətən də Rusiya Ukraynada qələbə əldə edərsə, onun Şərqi Avropa ölkələrinə yönəlməsinin də önü açıla bilər. Xüsusilə də Baltikyanı ölkələrə və Polşaya”.

Həmsöhbətimiz xatırladıb ki, Baltikyanı ölkələrdə kifayət qədər rus əsilli əhali yaşayır:

“Onların öz dillərində təhsil almaq hüququ yoxdur. Baltikyanı ölkələrdəki rus əhali tədricən assimilyasiya prosesi keçirir. Xüsusilə də gənc nəsil artıq rus dilində yox, yaşadığı ölkənin dilində danışır. Bu isə Rusiyanın imperialist maraqlarına ziddir. Bilirsiniz ki, Rusiya özünü təkcə bu ölkədə yaşayanların deyil, həm də xaricdə yaşayan rusdilli əhalinin hamisi qismində görür. Hətta qanunvericilik aktlarına belə onların hüquqlarını müdafiə etmək öhdəlikləri salıb. Ukrayna savaşından qalib çıxacağı təqdirdə Rusiyada yüksələn millətçilik hissləri istər-istəməz Moskvanı yeni fəthlərə həvəsləndirə bilər. Üstəlik, Baltikyanı dövlətlər Ukrayna qədər güclü deyillər. 3 ölkənin cəmi 5-6 milyon əhalisi var, əraziləri geniş deyil. Bütün bu çatışmazlıqlar onları Rusiya qarşısında zəif həlqəyə çevirir”.

PUTİN SON.jpg (65 KB)

Baltik dənizinin geosiyasi əhəmiyyətinin də Moskvanı bu ölkələri işğala təşviq etdiyini vurğulayan siyasi şərhçinin fikrincə, əks halda şimal qonşumuz özünün Avropaya açılan önəmli qapısını - əsas su yollarından birini itirə bilər:

“Bu isə I Pyotr dövründən indiyədək yürüdülən dünya hegemoniyası uğrunda mübarizənin başa çatması və heç bir perspektivi olmayan Asiya dövlətinə çevrilmək mənasına gəlir”.

Heydər Oğuz hesab edir ki, istər Rusiya, istərsə də NATO ölkələrinin Baltik dənizi uğrunda mübarizəsi həm də Şimal dənizinə və Arktikaya çıxış üçün də vacibdir:

“Son vaxtlar Arktikada buzların əriməsi yaxın illərdə bu bölgəni Çindən Avropaya ən qısa marşruta çevirəcək. Alimlərin hesablamasına görə, uzağı 2050-ci ildə bu okeanda yayda buzlar tamamilə əriyəcək, qışda yenidən donacaq. Nəticədə Arktika bölgəsi dəniz ticarəti üçün uyğun hala gələcək. Əsası ABŞ strateqi Alfred Tayer Mehen tərəfindən qoyulan “Qlobal Dəniz Hegemoniyası” strategiyasına görə isə su yollarına nəzarət dünyaya sahiblənməyin vazkeçilməz tələbidir. Odur ki, Rusiyaya qlobal rəqabətdə uduzmaq istəməyən ABŞ bu marşrut üzərində tam hakimiyyət qurmalıdır. Tam hakimiyyət isə Berinq boğazında və Norveç dənizində qurula bilər. Bu mənada Baltik, Şimal və Norveç dənizini ələ keçirən super güc Arktika üzərindən dəniz marşrutunun taleyini müəyyənləşdirəcək. Son zamanlar Finlandiya və İsveç kimi Skandinaviya ölkələrinin NATO-ya üzvlüyü üçün dəridən-qabıqdan çıxan ABŞ-ın əsas məqsədlərindən biri də bu məqsədi reallaşdırmaqdır”.

bayden.jpg (68 KB)

O ki qaldı alman generallarının məxfi söhbətinin rus xüsusi xidmət orqanlarının əlinə keçməsinə, Heydər Oğuz bunun iki yolla mümkün olacağına inanır:

“Əvvəla, II Dünya müharibəsindən 1990-cı illərə qədər Şərqi Almaniyanı öz əlində saxlamağı bacaran Rusiya burada güclü xəfiyyə sistemi qurub və mümkündür ki, onlar vasitəsi ilə bu bilgiləri ələ keçirib. Almaniyanın bir sıra sabiq kanslerləri və prezidentləri ilə yaxın münasibətləri olan Rusiyanın bu imkanları istisna deyil.

İkinci versiyaya görə, həmin məlumatları ABŞ-ın özü də Rusiyaya ötürə bilər. Bu ehtimalı gücləndirən faktlar da var. Məlumata əsasən, gizli söhbət edən alman generallardan biri həmin vaxt Sinqapurda imiş və söhbətə hoteldəki Wi-Fi şəbəkəsi vasitəsilə “Vebex” şəbəkəsi ilə qoşulub. “Vebex” ABŞ-a bağlı şəbəkədir və yəqin ki, o, xüsusi xidmət orqanları tərəfindən rahatlıqla dinlənilir. Yeri gəlmişkən, alman hüquq-mühafizə orqanları da bu ehtimalı araşdırırlar. Üstəlik, həmin general Almaniyanın ABŞ-dakı səfirliyində hərbi attaşe kimi də fəaliyyət göstərib. Amerikanlar onun telefon nömrəsini bilirdilər və yəqin ki, generalı dinləyirdilər”.

Siyasi şərhçinin fikrincə, alman generallarının məlum söhbətlərinin Rusiyaya sızdırılması ABŞ-ın maraqlarına da uyğundur:

“Ən azı ona görə ki, Ukraynanın tükənməsindən sonra bir sıra Avropa ölkələri Rusiya ilə açıq qarşıdurmaya getməyə bilərlər. Xüsusilə də Almaniya.

SAGCİ.jpg (106 KB)

Bilirsiniz ki, Ukrayna savaşı yenicə başlayanda və ya buna hazırlıq görüləndə də Almaniya qarşıdurmaya çox həvəssiz yanaşırdı. Məsələn, Merkel Almaniyasının iqtisadi inkişaf strategiyası rus enerjisindən qidalanan alman sənayesini inkişaf etdirmək idi. Ondan əvvəlki alman hökumətləri də bu strategiyanı əldə rəhbər tuturdular. Onlar Rusiya ilə savaşaraq yox, iqtisadi əməkdaşlıqla Kremli ram edə biləcəklərinə inanırdılar.

Üstəlik, Fransadan fərqli olaraq, Almaniyanın nüvə silahları da yoxdur. Bu da Almaniyanı Rusiya qarşısında zəif duruma düşürür. Almaniyanı bu qarşıdurmaya itələmək üçün böyük skandala ehtiyac vardı və faktiki olaraq alman generallarının həmin söhbətləri bu gərginliyə münbit şərait yaratdı”.

Rusiya-NATO arasında nüvə müharibəsinin mümkünlüyünə isə həmsöhbətimiz inanmır:

“Çünki nüvə müharibəsi Rusiyaya heç nə qazandırmır, əksinə, onu məhvə aparır. Bu müharibə baş verərsə, ABŞ-ı hansı talenin gözləməsi isə bəlli deyil. Böyük ehtimalla onun bu zərbələri zərərsizləşdirə biləcək hava hücumundan müdafiə sistemləri var. Məhz bu səbəbdən də ABŞ rəsmiləri Rusiyanın nüvə təhdidlərinə olduqca soyuqqanlı reaksiya verirlər”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR