İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SON DƏQİQƏ AÇIQLAMASI - Putin və Zelenskiyə bu tarixdə zəng edəcəyəm

İstanbul zirvəsində iştirak etməyən Donald Tramp mayın 19-da Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Musavat.com xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində yazıb.

O bildirib:

"Bazar ertəsi həm Putin, həm də Zelenski ilə danışacağam. Ümid edirəm ki, atəşkəs əldə olunacaq".

Xatıradaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də təxminən 3 il əvvəl dayandırılmış birbaşa danışıqların 15 may tarixində, heç bir ilkin şərt olmadan İstanbulda yenidən başlamasını təklif edib və prezident Rəcəb Tayyib Ərdoğandan bu görüşə ev sahibliyi etməsini xahiş edib.

Putinin bu çağırışından sonra Tramp da Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək görüşə qatılmağı tövsiyə edib. Ukrayna tərəfi bu çağırışı müsbət qarşılayıb və Zelenski İstanbulda keçirilən müzakirələrdə şəxsən iştirak edib. Lakin Putin şəxsən gəlməyərək nümayəndə heyəti göndərib. Zelenski isə Putinin iştirakı olmadan görüşlərin əhəmiyyətini itirdiyini bildirərək Türkiyəni tərk edib.

Tramp bu məsələ ilə bağlı açıqlamasında bildirib:

"Putinin İstanbula gəlməyəcəyini əvvəlcədən demişdim. Əgər mən getməsəydim, o da gəlməzdi. Haqlı çıxdım".

Buna baxmayaraq, Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə bir araya gəlib. Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında keçirilən üçtərəfli danışıqlarda əsir mübadiləsi məsələsində razılıq əldə olunub.

İstanbuldakı görüşlərdən sonra Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib:

"Rusiya ilə qarşılıqlı şəkildə 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəldik".

Rusiya nümayəndə heyəti isə görüşləri "məmnuniyyətverici" adlandıraraq bildirib ki, "Rusiya və Ukrayna mümkün atəşkəsə dair baxışlarını detallı şəkildə təqdim edəcək və müzakirələr davam etdiriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR