İnsanlara hürriyət, millətlərə istiqlal!

Alkoqol, narkotik, gecə əyləncələri – gürcülər Stalinin nəvəsini necə “öldürüblər?”

XX əsrin ən nəhəng siyasi liderlərindən biri olan, Alman faşizmi üzərində qələbə çalan İosif Stalin 30 il ərzində SSRİ-də mütləq hakimliyini təmin edə bilsə də, o, şəxsi ailə problemləri qarşısında aciz qalıb. Xüsusilə, oğlu Vasilinin faciələrə sürüklənən həyat tərzini dəyişə bilməyib. Ömrünün son illərini həbsxanalarda keçirən Vasili Stalin 1962-ci ildə 40 yaşında vəfat edib. Rəsmi məlumatlarda onun ölüm səbəbi alkoqoldan zəhərlənmə göstərilib. Elə Vasili Stalinin həyat yoldaşı və iki övladının həyatı da faciələrlə yekunlaşıb.

Vasili Stalin rəsmi olaraq dörd dəfə ailə həyatı qurub. Bu nikahlardan yalnız biri atasının ürəyincə olub. Müharibənin sonlarında Stalinə məlumat verilib ki, Vasili marşal Timoşenkonun qız Yekaterina ilə tez-tez görüşür.

1945-ci ildə Qələbə paradı zamanı Stalin Timoşenkoya oğlu Vasili ilə Yekaterinanın tez-tez görüşmələri haqqında məlumat verib. Əslində, ölkənin birinci şəxsi ilə qohum olmaq marşal üçün ürəkaçan xəbər olmalı idi. Amma bu xəbər marşalın heç də ürəyincə olmayıb. Stalinlə dost münasibətində olan Timoşenkoya elə gəlib ki, övladlarının görüşləri onların münasibətində problem yarada bilər. Marşal rəhbərin ağılasığmaz gedişlərinə, kimliyindən asılı olmayaraq ən sərt dəyişməz qərarlarına yaxşı bələd olub. O, həm də öz “narahat” qızının xarakterini də yaxşı bilib. Amma Timoşenkonun məsələyə bu cür münasibəti heç nəyi dəyişməyib.

87bf410583ab45809ae77cd16534.jpg (97 KB)

1945-ci ilin yayında Timoşenko ailəsi ilə birlikdə Soçidə istirahət edəndə Vasili Stalin də Soçidə olub. Həmin istirahət günlərinin birində gecə marşal yatarkən Vasili Yekaterinanı öz razılığı ilə evdən aparıb. Səhəri gün onlar istirahət evinə nikah kağızı ilə birgə qayıdıblar. Marşal bu izdivacın qəti əleyhinə olub.

Qısa müddətdən sonra Vasili Stalin və Yekaterina Almaniyaya gediblər. Vasili həmin dövrdə Almaniyada sovet qoşunlarının aviasiya qrupunun komandiri vəzifəsində xidmət edib. Vasilinin birinci nikahdan olan oğlu və qızı da onlarla birlikdə yaşayıb. Ailədə elə ilk günlərdən uşaqlarla bağlı böyük problemlər yaşanıb. Yekaterina Vasilinin uşaqlarına olmazın işgəncələr verib, hətta onları ac saxladığı, sutkalarla çölə buraxmadığı vaxtlar da olub. Cütlüyün öz övladları dünyaya gəldikdən sonra bu münasibət daha da kəskinləşib. Onların 1947-ci ildə bir qız övladları dünyaya gəlib, adını Stalinin qızının şərəfinə Svetlana qoyublar, 1949-cu ildə isə oğulları olub ki, onun da adını elə Vasili qoyublar. Beləliklə, Stalinin Svetlana adında həm qızı, həm də nəvəsi, Vasili adında isə həm oğlu, həm də nəvəsi olub.

Stalin ümumiyyətlə, Vasili ilə heç vaxt yaxından maraqlanmayıb. Nə onları qonaq çağırıb, nə də onlara təşrif buyurub. Amma mütəmadi olaraq Vasili haqqında ona məlumat verilib. Yekaterinanı isə bu cür münasibət qane etməyib. O, özünü birinci şəxsin ailə üzvü kimi qəbul edərək bütün məsələlərdə diqqət mərkəzində olmasını istəyib. Stalinlə Yekaterinanın ad günlərinin eyni günə, 21 dekabra təsadüf etməsi Yekaterinada özü haqqında yüksək fikir yaradıb və bunun heç də təsadüf olmadığını söyləyib.

Yekaterina bu iddialarda olduğu vaxtda Vasili Stalin də öz əyləncələri, yeni tanış olduğu xanımlarla eşq macəraları ilə ailədən soyumağa başlayıb. Ancaq ailənin problemləri bununla bitməyib. Qarşıda Yekaterinanı daha böyük faciələr gözləyib.

scale_1200.jpg (144 KB)

1953-cü ildə İosif Stalin vəfat edtikdən sonra Vasili həbs olunub. Həbsdən sonra Yekaterinanı Xruşşovun ən yaxın adamı olan Bulqaninin yanına dəvət ediblər. Ona boşanma haqqında ərizə yazmaq təklif olunub. Əks halda onun da həbsxanaya gedəcəyi xəbərdar edilib. Yekaterina dərhal nikahın pozulması üçün ərizə yazıb. Daha sonra isə Vasilini atalıqdan rəsmi olaraq məhrum edib. Bundan sonra Yekaterinaya Moskvanın Qorki küçəsində mənzil veriblər. Bir müddət nisbətən sakit yaşadıqdan sonra növbəti faciələr Yekaterinanın qapısını döyüb.

1956-cı ilin fevral ayında keçirilən partiyanın 20-ci qurultayında Nikita Xruşşov Stalinin adının üstündən birdəfəlik xətt çəkəndə, bütün repressiyaların baş müəllifinin Stalin olduğunu bəyan edəndə repressiya olunanların ailə üzvləri, doğmaları Stalinin gəlinini və nəvələrini təhdidlərə, təzyiqlərə, hətta bəzi hallarda fiziki təzyiqlərə məruz qoyublar. Çox ağır durumda olan Yekaterina elə vaxtlar olub ki, sutkalarla evdən çıxa bilməyib.

Marşal Timoşenko xidməti vəzifəsi ilə bağlı Minsk şəhərindən yenidən Moskvaya köçəndə Yekaterina son çıxış yolu kimi atasının yanına dönməyi qərar verib.

Uşaqların gələcək taleyi Yekaterinanı çox narahat edib. Oğlu Vasilinin ali təhsil almaq vaxtı gələndə tanışları ona məsləhət görüblər ki, Vasilini Tiflisə göndərsin. Beləliklə, Vasili Tiflisdə instituta qəbul olunub. Gürcüstanda Stalinə olan böyük rəğbət, sevgi təbii ki, Vasilini hər şeydən qoruyacaqdı. Amma faciələr burulğanına düşən ailəyə bu sevgi növbəti faciəni gətirib.

“İveriya” mehmanxanasında yaşayan Vasilini ziyarətə gələnlərin sayı o qədər olub ki, Moskvada təzyiqlərdən qoruna bilməyən bu cavan oğlan Tiflisdə də isti münasibətlərdən özünü qoruya bilməyib. Günün hər saatında baş tutan məclislər, qafqazlılara məxsus uzun-uzadı sağlıqlar təbii ki, alkoqollu içkilərlə müşayiət olunub və bütün bu “sevgi”nin son nəticəsi də Vasilinin alkoqoldan asılılığına gətirib çıxarıb. Yox, Tiflis təhsili təkcə alkoqolla yekunlaşmayıb. Cəmisi bir-neçə aydan sonra Vasili həyatını narkotiksiz təsəvvür edə bilməyib. Bütün bu əyləncələrin arasında o, ikinci kursa belə keçə bilməyib.

Yekaterina məsələdən agah olan kimi Vasilini yenidən Moskvaya qaytarıb. Ancaq bu, heç nəyi dəyişməyib. “Yenilməz dostlar”ı narkotik vasitələri Vasili üçün yerin dibində də olsa çatdırıblar. Stalinin pərəstişkarları nəvə Vasilini Moskvada da tək buraxmayıblar. Vasilinin gürcü dostları ilə gecə əyləncələri bitib tükənməyib. Yekaterina isə növbəti faciənin astanasında dayanıb. Vasili növbəti narkotik qəbulunda doza həddini aşaraq özünü güllələyib.

ljud_11_1_timoshenko.jpg (72 KB)

Vasilinin ölümündən sonra qohumlar elə düşünüblər ki, Yekaterina bütün meylini qızına salacaq. Qeyd edək ki, onların qızı Svetlanada anadangəlmə sinir xəstəliyi olub və bu xəstəlik onun psixoloji durumunda kəskin şəkildə özünü büruzə verib. Həkimlər Yekaterinaya qızına diqqət göstərməyin, onunla xüsusi məşğul olmağın vacibliyini söyləyəndə o, bundan imtina edib.

Marşal Timoşenko vəfat etdikdən sonra Yekaterina tək yaşayıb, özünə qapanaraq demək olar ki, heç kimlə əlaqə saxlamayıb və bu tənhalıqda qohumları ay yarımdan sonra mənzildə onun meyitini aşkar ediblər. Üstündən bir il keçməmiş xəstə Svetlanının meyiti də tək yaşadığı evdə tapılıb.

Beləliklə, Stalinin oğul, marşal Timoşenkonun qız nəvələrinin həyatı faciələrlə bitib...

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR