İnsanlara hürriyət, millətlərə istiqlal!

Aliment problemindən çıxış yolu - fond niyə yaradılmır?

Azərbaycanda aliment verməkdən yayınanların şok statistikası açıqlanıb.  Ölkədə bir il ərzində aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsinə dair rəsmi statistikadan aydın olur ki, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Nəticədə aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib.

Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.

Rəsmi statistikaya görə, ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.

Alimentdən boyun qaçırma ciddi problemdir və burada ən çox əziyyət çəkən də günahsız uşaqlardır. Bu problemin həlli üçün ötənlərdə Aliment Fondunun yaradılması təklif edilib. Mərhum Qənirə Paşayeva bunun üçün uzun müddət çalışmışdı. Daha sonra bu təkliflə rəsmi qurumlar, şəxslər, deputatlar, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi də çıxış edib. Ancaq məsələ həllini tapmır. 

Mahiyyət bundan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür, bu dövləti tələb kimi həyata keçirilir. 

Qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. 

Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 

Alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Belə ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Lakin ölkədə aliment ödəməkdən yayınanların sayı durmadan artır. 

Dünya praktikasında isə bir sıra ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bunun üçün bir çox ölkələrdə Aliment Fondu yaradılıb. 

Məsələn, Latviyada Uşaqların təminatı ilə bağlı vəsaitlərə dair Zəmanət Fondu, Böyük Britaniyada Uşaqların təminatı ilə bağlı Agentlik, İsraildə Milli Sığorta Xidməti, İspaniya və Bəhreyndə Alimentlərin tutulması üzrə Zəmanət Fondu, Polşada Dövlət Aliment Fondu, Niderlandda Aliment üzrə Federal Büro, İsveçdə Dövlət Sığorta Agentliyi, ABŞ-da Aliment orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri, Kanadada Aliment orderlərinin icra Agentliyi, Avstraliyada Uşaqlara Dəstək Agentliyi fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə fondlar müxtəlif səlahiyyətlərə malikdir və geniş funksiyalar icra edir.

Böyük Britaniya və İsraildə fondun əsas məqsədi aliment ödəməkdən yayınan şəxslərin axtarışı və ödənişlərin tutulmasıdır. Bir sıra ölkələrdə (Litva, Latviya, İspaniya, Bəhreyn, Polşa, Fransa) dövlət valideynlərdən hər hansı biri öz öhdəliklərini icra etməkdən imtina edərsə, həmin fond bu öhdəliyin icrasını öz üzərinə götürür.

Postsovet ölkələrindən Estoniyada 2017-ci ildən “Ailəvi kompensasiyalar” haqqında qanun qüvvəyə minmişdir və Aliment Fondu da bu qanunun tələbləri əsasında fəaliyyətə başlamışdır. Qazaxıstanda bu təşəbbüs reallaşmasa da, geniş müzakirə edilir.

Bəs ölkəmizdə bu məsələ niyə reallaşmır? 

Musa Quliyev 70 yaş məsələsinə aydınlıq gətirdi: Fikirlərim təhrif olunub

Musa Quliyev: “Bunun həm müsbət, həm də mənfi tərəfləri var...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Aliment Fondunun yaradılmasının həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi ondan ibarətdir ki, valideynlər aliment verməkdən yayındıqda  aliment dövlət və yaxud yaradılmış fond tərəfindən alınacaq.

Mənfi tərəfi isə ondan ibarətdir ki, bu prosesin bir mexanizmi yoxdur. Yəni fondun ödədiyi vəsaiti ata və yaxud anaların vaxtında ödəməsini təmin etmək hansı nə şəkildə həyata keçiriləcək? Bu mexanizm olmadığından Aliment Fondunun yaradılması aliment verməkdən yayınan valideynləri  məsuliyyətdən kənarda qoyacaq. Hətta ola bilər ki, hansısa ailələr süni şəkildə boşanaraq rahat şəkildə fonddan  aliment almağa çalışsın. Yəni bu cür addımlarla da qarşılaşa bilərik. 

Hesab edirəm ki, ilk növbədə aliment ödəməkdən yayınan insanlara qarşı  ciddi inzibati tədbirlər görülməli, onları məcburi işə cəlb etmək lazımdır və onların aldıqları əmək haqqı fonda yönəlməlidir. Çünki müşahidə edirik ki, alimentdən yayınan insanların sayı heç azalmır, əksinə, getdikcə daha da artır.  

Aliment Fondunun yaradılması əlbəttə ki, alimentlərin vaxtında ödənilməsinə təminat verə bilər. Amma valideynin üzərinə düşən hüquqi vəzifəni Aliment Fonduna yönəltmək həmin insanları həm məsuliyyətsiz edəcək, həm də eyni zamanda mənfi meyillərə gətirib çıxara bilər.

Məlum olduğu kimi, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova bir neçə dəfə Aliment Fondunun yaradılması i təklifi ilə çıxış edib. Hər halda, gərək mexanizm tapılsın, ondan sonra. Bəzən qanunlar qəbul edirik, amma sonra görürük ki, qanunlar kağız üzərində qalır və icra olunmur. Ona görə ki, icra mexanizmi mükəmməl olmur, ya da ümumiyyətlə praktikada  nəzərdə tutulan şəkildə işləyə bilmir. İstənilən halda bu məsələni gündəmdə saxlamaq və həlli üçün çalışmaq lazımdır".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu: “Hələ 15 il əvvəl bu fondun yaradılmasını təklif etmişdik, amma... ”

Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycanda Aliment Fondunun yaradılmasının çox vacib olduğunu bildirdi: "Aliment Fondunun yardılmasını ilk dəfə biz 15 il əvvəl təklif etmişdik.  Belə bir fondun yaradılmasının əleyhinə olanlar bu problemlərlə üzləşməyiblər. B problemlə üzləşənlər bizim quruma gəlirlər. Ona görə də 15 il əvvəl biz bu məsələni qaldırdıq ki, atalar aliment ödəmirlər və bundan da ən çox əziyyət çəkən uşaqlar olur, ona görə də aliment verməyən şəxsləri məcburi işə cəlb etsinlər. Çünki araşdıranda məlum olur ki, aliment verməyənlərn bir çoxu işsizlərdir. Beləliklə, onları işlə təmin etsinlər və onlar da məcburi şəkildə alimenti ödəsinlər. Bəli, görürük ki, alimenti ödəməyənlər hətta həbs olunurlar, amma bunun da təsiri yoxdur. 

Ölkədə uşaqpulunu da vermək istəmirlər. Ana, valideyn alimenti də ala bilməyəndə bəs uşaqlarını necə böyütsün? 

Bir çox ölkələrdə artıq bu cür fondun yaradılması praktikası var. Ona görə də hesab edirəm ki, Azərbaycanda da Aliment Fondunun yaradılması çox vacibdir, lazımdır.  Həm uşaqların, həm də qadının əzablardan azad olması üçün". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR