Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Azərbaycanda da bu sistem yaranacaqsa, onun müsbət və mənfi tərəfləri ola bilər, çünki... ”
“Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir. Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır”, - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mediaya bidirib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.
Uzun müddətdir ki, Azərbaycanda da Aliment Fondu yaradılması məsələsi müzakirə edilir. Zaman-zaman bu məsələ ilə razılaşanlar və bunu qəbul etməyənlər olub. Amma əksəriyyət hesab edir ki, aliment fondunun yaradılması boşandıqdan sonra keçmiş həyat yoldaşına aliment ala bilməyən qadınlar üçün çıxış yolu olacaq. Belə ki, qadın, uşağı üçün alimenti dövlətdən alacaq. Buna fondun vəsaiti; boşanıb uşaqlarına aliment verməkdən boyun qaçıran, işsizliyi bəhanə edən kişilərdən toplanacaq. Aliment verməyib işsizliyi bəhanə edən kişi, müxtəlif işlərə yönləndiriləcək.
Bir müddət əvvəl ombudsman Səbinə Əliyeva, Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Qeyd edilmişdi ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondu) yaradılmalıdır. Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddəyə görə, hər ay uşağın saxlanılması üçün sabit vəsait ayrılmalıdır. Aliment ayrılması barədə razılıq olmadıqda, məhkəmə tərəfindən müəyyənləşdirilir. Belə ki, bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərnin 4/1 hissəsi, 2 uşağa görə 3/1 hissəsi, 3 və daha çox uşağa görə gəlirin yarısı miqdarında aliment tutulur. Bu vəsait, istisna hallarda məhkəmə tərəfindən artırıla və ya azaldıla bilər.
Onu da qeyd edək ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Mövzu ilə bağlı vəkil Anar Məmişov “Yeni Müsavat”a danışıb. Vəkil qeyd edib ki, ölkəmizdə də Aliment Fondunun yaradılmasının həm müsbət həm də mənfi tərəfləri ola bilər: “Aliment Fondunun yaradılmasının müsbət tərəfi budur ki, uşaqlar üçün dərhal hər ayın sonunda dövlət tərəfindən əmək haqqı kimi alimentlər alına biləcək. Pul birbaşa karta köçürülür və mübahisələr artıq vətəndaşlar arasında deyil, dövlətlə vətəndaşlar arasında yaranır. Beləliklə, dövlət pulu ödəyir və gələcəkdə onun qaytarılmasını tələb edir.
Anar Məmişov
Amma bunun mənfi cəhətləri də var. Bu, əsasən formal boşanmaların mümkünlüyü ilə bağlıdır. Azərbaycanda bununla bağlı təcrübə mövcuddur. Məsələn, ünvanlı sosial yardımla əlaqədar olaraq, uzun illər çoxuşaqlı ailələr formal boşanır, məhkəmə qərarı ilə aliment təyin etdirmirdilər. Sonradan qadınlar ünvanlı sosial yardıma müraciət edirdilər. Çünki qanuna əsasən, 8 yaşına qədər uşağı olan qadınlar əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına daxil edilir və onlar həm özü, həm də uşaqları üçün normal sosial yardım alırdı. İndi eyni problem bu məsələdə də yarana bilər: gələcəkdə formal boşanmalar baş verərsə və aliment müəyyənləşdirilərsə, vətəndaş Aliment Fondundan pul alıb, vəziyyətdən sui-istifadə edə bilər. Bu halda birinci növbədə nəzarət mexanizmi gücləndirilməlidir. Məsələn, dövlət ciddi şəkildə araşdırma apararaq öyrənməlidir ki, həqiqətən uşaqlar valideyndən ayrı yaşayırmı, boşanma formal, yoxsa doğrudurmu və sairə. Lakin burada əsas çətinlik ondan ibarətdir ki, kifayət qədər boşanmış ailə və aliment alan şəxs var, buna görə də bu məsələnin araşdırılması çətin olacaq. Əsas problem də məhz alimentdən sui-istifadə halları ilə bağlıdır.Amma müsbət tərəfi təbii ki, daha çoxdur. Qeyd etdiyim kimi, ən azından uşaqların təminatı yaxşılaşacaq. Uşaqlar alimenti əməkhaqqı kimi birbaşa alacaqlar və qadın məhkəmə icraçılarına müraciət edib alimentin ödənilməsini tələb etmək məcburiyyətində qalmayacaq. Get-gəllər aradan qalxacaq.
Dövlət alimenti özü topladıqda isə icra məmurlarının işi indikindən daha sistemli və səmərəli olacaq. Ən azından, bu sistem dövlət tərəfindən idarə ediləcəyi üçün icra məmurlarının sayı və nəzarəti də artırıla bilər.
Yəni bu məsələdə müsbət tərəf odur ki, mübahisə iki şəxs arasında olanda, həm onların arasında aqressiya artır, həm də bu aqressiyanın qurbanı uşaqlar olur. Məsələn, ana alimenti almadıqda, uşaq düşünə bilər ki, “Atam pul vermir, ona görə mən də ala bilmirəm” və s. Bundan başqa, aliment uşağın 18 yaşına qədər davam edən periodik bir ödənişdir, yəni bir dəfə həll olunan məsələ deyil. Məsələn, üç ay ödənilir, beş ay ödənilmir, beş ay ödənilir, bir ay ödənilmir. Halbuki uşaqların bəzi ehtiyacları var ki, onlar davamlıdır - məsələn, təhsil haqqı, idmana yazılmaq, kurslara getmək və s. Bu xərclər daimidir və alimentin gecikməsi uşaqların bu imkanlardan məhrum olmasına, hətta aqressiyanın artmasına səbəb ola bilər. Belə halların isə neqativ nəticələrə gətirib çıxarması mümkündür. Həmçinin bəzi hallarda bu mübahisələr cinayət hadisələrinə də yol aça bilər. Amma təbii ki, bu sistem tam olaraq problemlərin qarşısını ala biləcəkmi, bu, bir qədər mübahisəlidir. Çünki ata ödənişdən azad olunmur. Aliment ananın hesabına köçürüldükdə, ata dövlət idarəsinə gedib “Sən pulu aldın, mən də artıq borc ödəmirəm” deyə bilər. Bu da yenə müəyyən mübahisələrə yol aça bilər.
Təbii ki, burada bir məsələ də var. Bu sistemi hamıya tətbiq etməyə ehtiyac olmayacaq. Çünki nəzərə alsaq ki, aliment iki formada mövcuddur: biri sabit məbləğ şəklində, digəri isə əmək haqqı əsasında hesablanır. Əgər atanın stabil işi və rəsmi əməkhaqqı varsa, bu sistemə ehtiyac qalmır. Belə hallarda məhkəmə qətnaməsi iş yerinə göndərilir və hər ay mühasibatlıq həmin məbləği avtomatik olaraq ananın hesabına köçürür. Bu halda heç bir mübahisə yaranmır. Bu sistem daha çox sabit gəliri olmayan və ya işləməyən şəxslərə aiddir. Belə hallarda dövlət həmin şəxsləri işsiz kimi qeydiyyata alıb, onlara iş təklif edə və əməkhaqqı əsasında ödəniş sistemini tətbiq edə bilər".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ