İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP-MHP birliyi - Azərbaycanda da millətçilərin

YAP-la müttəfiqliyi mümkündürmü?

Türkiyədə milliyyətçilərlə AK Parti çoxdan müttəfiq olub. Milliyyətçilik dövlət idarəçiliyində rol alıb. Barışmaz, az qalsın antaqonist qüvvələr -  AKP ilə MHP liderlər (Ərdoğan-Bahçeli) səviyyəsində çox yaxındırlar, koalisyon qüvvə həddinə çatıblar.

Hətta 2016-cı ilin iyulunda Ərdoğanı devirmək üçün təşkil olunan FETÖ qiyamında MHP lideri gecə ikən AKP iqtidarının yanında dayanmış, qiyamın yatırılması üçün birlik nümayiş etdirmiş və sonda da türk dünyası xilasının baş tutduğunu desək yanılmarıq. Həmin vaxtdan bu günə qədər AKP-MHP birliyi davam edir və günü-gündən daha da güclənir.

Bəs Azərbaycanda milliyyətçi kəsimlə hakim qüvvə arasında niyə barış, ittifaq yaranmır? Bunu hakimiyyət istəmir, yoxsa milliyyətçi kəsim kompleks yaşayır? “Hakimiyyətlə yaxınlaşsam, mənə nə deyərlər” düşüncəsi bəlkə onları addım atmağa qoymur? Yoxsa konkret olaraq bu düşərgənin nüfuzlu, vahid liderinin (Elçibəy obrazında) olmaması bu məsələdə əngələ çevrilib? YAP bu nəzəri ittifaqa necə baxır? Türkiyənin milliyyətçi qüvvələri ilə Azərbaycan milliyyətçilərinin müqayisəsi necədir? Oxşar tərəfləri varmı? Yoxsa Azərbaycandakılar Türkiyədəkiləri imitasiya edir?

Sülhməramlıların sayı 1960 olmalı idi, amma 7-8 min nəfərə çatır -ELMAN  MƏMMƏDOV - Günün Səsi

Elman Məmmədov: “İqtidarla əməkdaşlıq edən müxalif partiyaların sayı kifayət qədər çoxdur”

YAP-çı deputat Elman Məmmədovun bu məsələyə mövqeyi belədir: “Bu gün qardaş ölkədə iqtidarla müttəfiqlik edən bir neçə partiya mövcuddur. Onların da önündə Milliyyətçi Hərəkat Partiyası gəlir. Amma əməkdaşlıq etməyən və iqtidar partiyasına qarşı barışmaz mövqedə dayanan partiyalar da mövcuddur. HDP, CHP kimi partiyaların adlarını çəkə bilərik. Hər bir cəmiyyətdə belə münasibətlər mövcuddur. Siyasi mövqeləri bir-biri ilə barışmaz mövqedə olan partiyalar, birliklər, cəmiyyətlər var ki, bu da normaldır. Bu hal ölkəmizdə də mövcuddur. Azərbaycanda çoxsaylı siyasi partiyalar, QHT-lər, birliklər fəaliyyət göstərir. Onların əksəriyyəti hakimiyyətlə, iqtidar partiyası ilə dialoqda olurlar, görüşlər keçirirlər, əməkdaşlıq edirlər. Ancaq müəyyən qismi də var ki, bunlar çox azlıq təşkil edirlər. Milli Şura və onun ətrafında olan bir neçə təşkilatı misal çəkə bilərik. Onlar siyasi baxışlarına, tutduqları mövqelərə görə, iqtidarın dəfələrlə dəvətinə baxmayaraq, dialoqa gəlmirlər. Açıq şəkildə ifadə etsək, onların tutduqları yol, məqsədləri mövcud iqtidarı nə yolla olursa olsun devirmək və hakimiyyətə gəlməkdir. Hətta burada bəzən onlar Azərbaycan dövlətçiliyinin ziyanına olan hərəkətlərə belə yol verirlər, bəyanatlar səsləndirirlər, xarici qüvvələrlə əməkdaşlıq edirlər. Hesab edirəm ki, bütün cəmiyyətlərdə müxalif qüvvələrin olması təbiidir və bunu hər kəs normal qəbul etməlidir. Ancaq elə məsələlər var ki, bunların içərisində milli məsələləri xüsusi qeyd edək, burada artıq müxalifətdə olmaqdan, hansı siyasi xətt yürütməkdən asılı olmayaraq, mövqe bir olmalıdır. Burada fikir ayrılığı olmamalıdır. Məsələn, bizim torpaqların azadlıqları uğrunda gedən mübarizə dövründə, dövlətçiliyin qorunması məsələsində, milliliyimizin əldə saxlanılmasında, təhlükəsizliyimizin qorunmasında artıq müxalifət-iqtidar məsələsi olmamalıdır. Hər kəs birmənalı şəkildə dövlətçilik mövqeyindən çıxış etməlidir. Belə olsa, təbii ki, bu hamımızın xeyrinədir. Partiyaların, müxtəlif birliklərin, cəmiyyətlərin olmasının heç bir ziyanı yoxdur. Bütün dövlətlərdə bunlar var və hətta xeyirdir. Burada rəqabət məsələsi var. Rəqabət olan yerdə də inkişaf daha çox olur. Dövlətçiliyə zərər verəcək bütün fəaliyyətlərin qarşısını hakimiyyətlə yanaşı cəmiyyət də almalıdır. Müxalif partiyasan, öz xəttin, nizamnamən var, heç kəs sənə fəaliyyətdə qadağa qoymur, amma sən də gərək milliliyini unutmayasan. İqtidar komandasında, hakim partiyada milli liderimiz var, o da Ali Baş Komandan, cənab İlham Əliyevdir. O, dövlətimizin, xalqımızın lideridir”.

Deputat Türkiyədəki kimi Azərbaycanda da hakim partiya ilə millətçi kəsimin müttəfiqliyinin mümkünlüyündən də söz açdı: “İqtidar vaxtaşırı olaraq, müxalif partiyaların liderlərini dəvət edir, onlarla görüşlər keçirir. Son günlərdə belə görüşlərdən biri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə baş tutdu, fikir mübadiləsi aparıldı. İqtidar hər zaman bu istiqamətdə addımlar atır. İqtidarla əməkdaşlıq edən müxalif partiyaların kifayət qədər sayları çoxdur”.

Müsahibimiz Azərbaycan millətçiləri ilə türk millətçiləri arasında oxşarlığın olub-olmamasından da söz açdı: “Açığı, bu barədə araşdırmam yoxdur. Onun üçün də qəti fikir söyləyə bilmərəm. Amma onu deyə bilərəm ki, Azərbaycan çox, millətli bir dövlətdir. Burada millətçiliyin olması təbiidir. Amma millətçilik ayrı-seçkilik olmamalıdır. Bu istiqamətdə aparılan işlər ümumi dövlətçilik işlərinə ziyan verməməlidir. Azlıqda olan etniklərin, qrupların mənafeləri, hüquqları millətçilik adı altında pozulmamalıdır. Türkiyədə bizdən daha çox millətlər yaşayır. Oradakı MHP-nin siyasəti bu ölkədə olan millətlərin hüquqlarına, mənafelərinə heç zaman ziyan vermir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə milli ruhun, dövlətçiliyin olması vacibdir. Hər kəs öz milli ənənələrini yaşatmalı, millətini sevməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR