Onlayn ictimai-siyasi qəzet
"Təəssüf ki, bizim ailə anlayışımız tam formalaşmayıb. Nənəmizdən, babamızdan, ata-anamızdan ailə ilə bağlı eşitdiklərimiz əslində doğru anlayışlar deyil. Çünki onların bizə ötürdüyü ailənin anlayışı "döz, otur, səbirli ol"dan ibarətdir. Hansı zamana qədər səbirli olmalıyıq? Bu səbr sonunda bizə nə verəcək?"
Musavat.com xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında psixoloq Nabat Mirzəyeva son vaxtlar ailə münaqişələrinin artması haqda danışarkən deyib.
Psixoloqun sözlərinə görə, ailə anlayış, sevgi, diqqət, iki insanın üzərinə düşən yükü birlikdə daşımaq deməkdir:
"Ailədə nə yaşanırsa-yaşansın, insanların bir-birilini dinləməsi və anlaması vacibdir. Ancaq təəssüf ki, bu, bizdə öyrənilmədiyi üçün ailə başqa cür xarakterizə olunur. Deyirlər ki, "evlən, övladın olsun, kişi xeylağıdı, yoldaşındı, döz".
N.Mirzəyeva deyib ki, ailələrdə söz-söhbətə sosial şəbəkələr də səbəb olur:
"Çünki bizim sosial şəbəkələrdə gördüyümüz "xoşbəxtlik" anlayışının təsirinə tez düşən insanlar var. Hər kəsin psixoloji durumu eyni deyil. Hər kəs psixoloji cəhətdən sağlam və güclü deyil. Buna görə də çoxları sosial şəbəkədə gördüyü "xoşbəxtliyin" təsirinə düşərək evdə söz-söhbət yaradır. Uşaqlıq vaxtı aldığımız travmalar da ailə qurduğumuz zaman özünü biruzə verir. Bu gün ailələrdə qətl törədən həmin insanların psixoloji durumları sağlam deyil. Sağlam psixologiyaya sahib olan insanlar sivil şəkildə ayrılmağı bacarır. Psixi problemləri olanlar isə kiçik olaylara görə söz-söhbəti gərginləşdirir və bu cinayətə qədər gedib çıxa bilir. Maddi durum, sosial şəbəkələr də ailədaxili münasibətlərə təsir edir. Amma bunların heç biri cinayətə, qətlə əsas vermir. Biz bir insanı istəmiriksə, onu həyatımızdan çıxarmalıyıq".
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ