İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailələr övladlarını narkotik bataqlığına belə sürükləyir - "Ağ ölüm"dən necə qurtulaq?

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi illərdir ki, cəmiyyətin qarşısında duran ən təhlükəli sosial problemlərdən biri olaraq qalır.

Bu bəla xüsusilə gənc nəslin taleyini və gələcəyini hədəfə alır. 14-25 yaş arası şəxslərin “ölüm yolu”na düşməsi hüquq-mühafizə orqanlarını, əsasən də valideynləri çıxılmaz situasiyaya salır.

Rəqəmlər və rəsmi hesabatlar narkotik vasitələrə görə saxlanılan şəxslərin sayında azalma olmadığını göstərir. Əksinə, “şəxsi istifadə üçün saxlanılan miqdar” adı altında əksər hallarda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər də azadlığa buraxılır. Çünki bu şəxslərin ətrafında güclü ailə dayağı və ya sosial əlaqələr sistemi olur. Valideynlər, qohumlar, tanış və vəkillər... hamı birləşib “uşaq bir də etməz” arqumenti ilə onun məsuliyyətdən yayınmasına çalışır. Bu isə istər-istəməz həmin şəxsdə cəzasızlıq hissini, arxayınlıq və yenidən pozuntu törətməyə zəmin yaradan psixoloji immuniteti formalaşdırır. Yəni belə şəxslər əmin olurlar ki, birinci dəfə tutulanda tapılan çıxış yolu ikinci dəfə də tapılacaq. Bunun nəticəsidir ki, bu gün Azərbaycan məhkəmələrində baxılan işlərin az qala yarıdan çox narkotiklərlə əlaqəli cinayətləri əhatə edir.

Psixoloqlar bildirirlər ki, narkotik istifadəçiləri ilə bağlı ailələrin reaksiyası çox zaman iki zidd qütbdə təzahür edir: ya sərt cəza tələbi, ya da qəti şəkildə müdafiə mövqeyi tutulur.

Tutulduqdan sonra ailə dərhal vəkil axtarır, tanışa zəng edir, vasitəçi göndərir, bu isə həmin gəncə “mən onsuz da çıxacam” siqnalı verir. Belə olanda psixoloji dəyişiklik olmur, əksinə, içindəki cinayətə qarşı qorxu hissi zəifləyir. Bu şəxslərlə sistemli psixoloji dəstək işi aparılmalı, müalicə ilə bərabər ailənin də maarifləndirilməsi zəruridir.

NATİQ.jpeg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov məsələni hüquqi prizmadan təhlil edir.

Onun fikrincə, bir çox ailə hüququ pozulan övladını xilas etmək üçün əməlin ciddiliyini, gələcək nəticələri və hüquqi balansı unudur:

“Hər bir hadisədə “azad etdirək, sonra düzəldərik” yanaşması formalaşıb. Amma nəticədə həmin şəxs bir daha məsuliyyətə cəlb olunacağını düşünmür. Bu isə hüquqi mexanizmin səmərəsini azaldır. Ədalət prinsipi pozulur. Digər tərəfdən, narkotik istifadəçisi ilə narkotik satıcısının hüquqi məsuliyyəti fərqlidir, lakin bəzən bu fərq də “əlaqələrlə” silinir”.

Natiq Ələsgərov əlavə edib ki, Azərbaycanda narkomaniyaya görə məhkum olunanların bir hissəsi cəzasızlıq hissi ilə daha təhlükəli pozuntulara da meyl edir:

“Azərbaycan Daxili İşlər Nazirliyinin 2024-cü ilin sonuna aid statistik məlumatına əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 11 minə yaxın cinayət faktı qeydə alınıb. Onların 70 faizə yaxını şəxsi istifadə məqsədilə saxlanılan maddələrlə bağlı olub. Tutulanların təxminən 40 faizi 18-35 yaş arasında olan şəxslərdir.

Son 3 ildə azyaşlı və yeniyetmələrin narkotik istifadəsinə cəlb olunması faktları artmaqdadır. Bakı və Abşeron bölgəsi bu hallara görə ön sıralarda gedir.

Rəqəmlər göstərir ki, artıq bu problem yalnız kriminal yox, milli təhlükəsizlik və demoqrafik gənclik strategiyasına aid bir risk daşıyır. Ona görə də narkotiklə mübarizə təkcə cinayətə görə cəza ilə yox, ictimai psixologiyanın, ailə münasibətlərinin və hüquqi yanaşmanın dəyişməsi ilə mümkündür. Əks halda, bu gün həbsdən çıxarılan gənc sabah daha təhlükəli bir formada cəmiyyətin qarşısına çıxacaq”.

N.Ələsgərov digər ölkələrin narkomaniya ilə mübarizə təcrübəsindən bəhrələnməyin də vacib olduğunu deyib:

“Narkomaniyaya qarşı yalnız cəza tədbirləri kifayət etmir. Bu, bir çox ölkədə illərlə sınanmış və nəticə verməmiş yanaşmadır. Uğurlu nəticələr yalnız bərpaedici, reabilitasiyaedici və sosial yönümlü yanaşmalarla əldə olunub. Məsələn, Portuqaliyada narkotik istifadə cinayət deyil, sağlamlıq problemi hesab olunur. 2001-ci ildən bəri Portuqaliya narkotik istifadəsini cinayət deyil, inzibati pozuntu kimi qiymətləndirir. Yəni istifadəçi həbs olunmur, cərimə edilir və müalicəyə yönləndirilir. Ötən illər ərzində tətbiq olunan bu yanaşma nəticəsində HIV və hepatit infeksiyaları 90 faizədək azalıb, narkotiklə əlaqəli ölüm halları 80 faizə qədər düşüb. Gənclər arasında istifadə faizi tədricən azalıb.

İslandiya 1990-cı illərdə Avropada ən yüksək narkotik istifadəsinə malik ölkələrdən biri idi. Dövlət bu problemi gənclərin boş vaxtını doldurmaq yolu ilə həll etməyə başladı. Hər məktəblinin idman və ya incəsənət klubunda iştirak etməsi təşviq edildi. Ailə nəzarət mexanizmləri gücləndirildi. Bunun nəticəsində gənclər arasında narkotik və spirtli içki istifadəsi 20 il ərzində 80 faizdən çox azalıb. Almaniyada isə sərt nəzarət, humanist reabilitasiya tətbiq olunur. Narkotik vasitələrin satışı sərt şəkildə cəzalandırılır, lakin istifadəçilər üçün təlim, müalicə və inteqrasiya proqramları təklif olunur. Məsələn, hər bölgədə “Gənclər üçün narkotikdən qurtulma Mərkəzləri” fəaliyyət göstərir. Həbs cəzası əvəzinə nəzarətli azadlıq və müalicə tətbiq olunur. Dövlət və qeyri-hökumət təşkilatları müştərək proqramlar həyata keçirir.

Sinqapurda isə narkotik istifadəçiləriə sıfır tolerantlıq, mərkəzləşdirilmiş müalicə tətbiq edilir. Bu gün Sinqapur dünyada narkotikə qarşı ən sərt qanunlara malik ölkələrdən biridir. Hətta narkotikə görə ölüm cəzası da verilir. Lakin paralel olaraq ölkədə mərkəzləşdirilmiş reabilitasiya düşərgələri və psixoloji dəstək proqramları da tətbiq olunur. Burada hər narkotik istifadəçisi 2 il müddətində müalicə, təlim və əmək terapiyası ilə yenidən cəmiyyətə hazırlanır.

Bu gün Azərbaycan cəmiyyəti bu problemin miqyasını artıq görür. İndi isə növbə dövlətin koordinasiyalı siyasəti, ictimai təşəbbüslər və media dəstəyinin birləşməsindədir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR