Onlayn ictimai-siyasi qəzet
Həkim: “Müalicəsi çox çətindir, ona görə...”
Artıq xəbər verildiyi kimi, bundan sonra nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq. Bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.
Qeyd edək ki, hazırda nikaha girmək istəyənlər bəzi irsi xəstəliklər və ağır virus xəstəlikərlə bağlı məcburi müayinədən keçirlər. Tutaq ki, bu xəstəliklər aşkara çıxsa, nikah təhlükəli sayılacaqmı?
Məlumat üçün bildirək ki, ixtioz (yun. ichtys-balıq) - balıqpulcuğu, kseroderma dəri xəstəliyidir. Uşaq yaşlarında başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsilə bir-birilərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. İxtiozun 4 forması daha geniş yayılıb: adi ixtioz, x-ilgili ixtioz, lamellyar ixtioz, epidermolitik ixtioz.
Tibb ədəbiyyatında bullyoz ixtiozun bir çox sinonimi var: epidermolitik ixtioz, epidermolitik hiperkeratoz, bullyoz anadangəlmə ichthiyoziform Broca eritroderması. Xəstəlik ilk dəfə 1897-ci ildə rus dermatoloqu Nikolski tərəfindən təsvir edilib və fransız alimi L. Broc XX əsrin əvvəllərində patologiyanın klinik mənzərəsinin ətraflı öyrənilməsi ilə məşğul olub. İxtiozun bullyoz forması 200-300 min əhaliyə 1 hal tezliyi ilə baş verir, xəstələnmədə cinsi və irqi fərqlər aşkar edilməyib.
Bullyoz ixtioz ağır bir xəstəlik sayılır, çünki ölümcül formaları da istisna edilmir: erkən abortlar, ölü doğuşlarla nəticələnə bilən xəstəlikdir. Eləcə də uşaqlar vaxtından əvvəl doğulur, bunun nəticəsində onlarda tənəffüs çətinliyi sindromu (“hialin membran xəstəliyi”), beyindaxili qanaxmalar və vaxtından əvvəl retinopatiya inkişaf edir. Vaxtından əvvəl doğuş nekrotizan enterokolitə, ağır hipoqlikemiyaya və qidalanma pozğunluğuna səbəb ola bilər.
Geniş zədələnmə fonunda körpələrdə yeni doğulmuş dövrdə böyük əhəmiyyət kəsb edən bütün dəri funksiyaları pozulur - tənəffüs, ifrazat, termorequlyasiya. Açıq yaralar olduğundan maye itkisinə səbəb olur ki, bu da körpələrin bədəninin susuzlaşmasına gətirib çıxarır. Çoxlu açıq yaralar isə infeksiya üçün giriş nöqtələrinə çevrilir, bu da yeni doğanın immunitet sisteminin qeyri-kafi işləməsi şəraitində septik ağırlaşmalara səbəb olur.
Bəxtiyar Paşayev
Dermatoloq Bəxtiyar Paşayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bunlar genetik problemlərdir: “İxtioz dəri quruluğudur. Genetik ötürülür. Dəri quruluğu verir, digər xəstəlik isə dərinin ayrılmasıdır. Xırda travmalardan sonra suluxların əmələ gəlməsidir. Bu sonradan da ola bilər. Amma bu adətən genetik ötürülür. Müalicəsi çox çətindir, demək olar ki, yox kimidir. Sadəcə, simptomatik müalicəsi var. Həyat üçün birbaşa təhlükəsi olmasa da, dəri infeksiyaları həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Nikahdan əvvəl yoxlanılmasına gəlincə isə, bununla bağlı ətraflı məlumatım yoxdur. Ehtimal olunur ki, iki şəxsin ixtioz daşıyıcısı olub-olmamasını yoxlayırlar. Yəni bu xəstəlik gələcək nəsillərə ötürülməsin. Yəni hər ikisində olarsa, növbəti nəslə ötürülə bilər”.
Rəşad Sultan
Ginekoloq Rəşad Sultan da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “Bununla bağlı genetiklər fikir bildirməlidirlər. Amma bizdə genetik ya yoxdur, ya da doğru-dürüst genetik yoxdur deyə çox zaman xəstələr də bu suallarla bağlı bizə, ginekoloqlara müraciət edirlər. Bir çox genetik xəstəliklər var. Əgər genetik hamiləlik dövründə xəstəliyin diaqnozu istənirsə, daha doğrusu, ana bətnində uşaqda bu xəstəlik varmı-yoxmu, bu suala cavab almaq istəyirlərsə, ginekoloqun vəzifəsi uşağın ana bətnində olduğu zaman suyundan götürüb baxması lazımdır. Çünki ancaq uşağın suyunda onun hüceyrələrini əldə edə bilirik. Müvafiq genetik analizə göndərə bilirik. Bizim ginekoloq olaraq vəzifəmiz budur.
O ki qaldı xəstəliyin aşkara çıxmasına və bunun nə dərəcədə təhlükəli olub-olmamasına, bəli, həm anada, həm də atada xəstəlik olarsa, uşaqda olma ehtimalı yüksəkdir. Hər iki xəstəlik resesiv keçişli xəstəlikdir, yəni sadəcə valideynlərin birində bu gen varsa, valideynlərdən biri daşıyıcıdırsa, uşaqda xəstəliyin üzə çıxma ehtimalı yoxdur. Sadəcə, daşıyıcı olma ehtimalı var. Amma valideynlərin hər ikisi daşıyıcıdırsa, o zaman uşaqda bu xəstəliyin olma ehtimalı 25 faizdir. Ona görə, əlbəttə, hamiləlik dövründə uşaqda bu xəstəliyin olub-olmaması barədə diaqnoz qoyulmalıdır. Başqa bir metod da var. Əgər şəxs xəstə uşağa hamilə qalmaq istəmirsə, süni mayalanma, yaxud implantasiya öncəsi genetik araşdırma ilə ancaq sağlam uşağı ana bətninə qoymaqla da xəstəliyin qarşısını almaq olar".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ