İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ailə bağları" mövzusunda keçirilən foto müsabiqənin Azərbaycanlı qalibi ilə tanış olun!

Orxan Əzimov "Ailə bağları" mövzusunda keçirilən foto müsabiqənin Azərbaycan üzrə qalibidir. Onun EUNEIGHBOURS EAST və FOTOFESTIWAL  tərəfindən birgə təşkil olunan foto müsabiqəyə təqdim etdiyi "Təhsildən məsafədə" adlı layihəsi 31 mart 2023-cü il tarixində Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Fotoqraflıq və Multimedia Muzeyində baş tutan müküfatlandırma mərasimində əsas mükafata layiq görülüb. 

Avropa İttifaqının maliyyələşdirdiyi foto müsabiqədə altı Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar fotoqraflar iştirak edərək "Ailə bağları" mövzusunda fotoşəkillər təqdim ediblər. Hər ölkədən bir qalib seçilib və ona 1 000 avro dəyərində pul mükafatı təqdim olunub. 

Müsabiqəyə “Ailə bağları” mövzusunu bədii, sosial və xüsusilə də şəxsi interpretasiyada nümayiş etdirən fotoşəkillər təqdim olunub. Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?

Orxan Əzimov Rusiya, Gürcüstan, Türkiyə, İran, İraq, Qazaxıstan, Ukrayna, Macarıstan, İtaliya və Suriyada fotoşəkillər çəkib və onun işləri aparıcı yerli və beynəlxalq dərgilərdə dərc olunub. Onun "Çernobıl qəzasının 30 illiyi" və "Müharibədən sonrakı Hələb şəhərində həyat" mövzularında layihələri sərgilərdə nümayiş olunub.

Orxan Əzimovun mükafat layiq görülən “Təhsildən məsafədə” adlı layihəsi Azərbaycanın ucqar dağ kəndində uşaqların həyatından bəhs edir. 

O, özü mükafat qazanan layihəsini belə təsvir edir:

“Bu, Azərbaycanın Astara rayonunda yerləşən Diqo kəndidir. 50 uşağın yaşadığı bu ucqar kənddə cəmi bir avtomobil var, məktəb isə yoxdur. Bütün dağ kəndlərində olduğu kimi, Diqoda da ilin çox hissəsində yağış yağır, qışda isə kənd qarla örtülü olur. Diqodakı uşaqlar yağış və qarın yağmağına baxmayaraq, balaca ayaqlarını çətinliklə palçıq və qarın içindən keçərək dağ yollarında məktəbə gedirlər. Nənələri ən kiçik yaşda olan uşaqları qonşu kənddəki məktəbə aparır. Bəzən valideynlər övladlarını maşınla məktəbə göndərir, kənddə yeganə sürücüyə pul ödəyirlər və bu da onlara baha başa gəlir. Qəhrəmanımızın adı Şindandır. Məktəb onun evi, müəllimi isə atasıdır. Onun çantası, məktəb gündəliyi, qələmi və dəftəri var.”

“Onun adını kənddəki Şindan dağının şərəfinə atası Şirin qoyub. Üç il ərzində Şirin hər ilin sentyabr ayında oğlunu məktəbə yazdırmağa çalışıb. Lakin sənədləşmə ilə bağlı problemlərə görə Şindan məktəbə gedə bilməyib. Onun artıq 10 yaşı var və təhsili atası Şirindən alır. Atası ona oxumağı və həyətlərindəki əşyaların adlarını (bal, qutu, çərçivə, xalça və s.) yazmağı öyrədir. Ancaq qarşıda onu ən böyük problem gözləyir. Şindan demək olar ki, bütün sözləri atasından öyrənib və atası artıq ona öyrədə bilmir. Diqo kəndindəki valideynlərin özləri palçıq və qar səbəbindən lazımi təhsil ala bilməkləri üçün bu gün uşaqlarına evdə bildiklərindən daha çox şey öyrədə bilmirlər. Diqodakı gənclərin çoxu heç ibtidai təhsil ala bilməyiblər. Nəticədə onların çoxu iş tapa bilmir. Dolanmaq üçün bir çox yerli sakin Şindan dağı vasitəsilə İrandan Azərbaycana narkotik vasitələr keçirir və çox vaxt həbs olunurlar. Həyatda şans qazanmaq üçün Şindan iki Şindanı aşmalıdır: özünü və adını daşıyan dağın çətinliklərini... Həyata həbsxana barmaqlıqlarının arxasından deyil, zəfərlə zirvədən aşağı baxan gələcək üçün...”

Orxan Azərbaycandan seçilmiş üç fotoqrafdan biridir. Digər iki fotoqraf Əziz Kərimov (Azərbaycan koronavirusun yayılmasına qarşı tədbirlər həyata keçirirİlkin Yaqubov (Sarmaşma) olub.

Beş aparıcı münsifdən ibarət beynəlxalq komanda 400-dən çox iştirakçının arasından altı qalib seçib. Tbilisidə keçirilən mükafatlandırma mərasiminə hər ölkədən üç nəfər finalçı olmaqla 18 fotoqraf dəvət olunub. 

Digər ölkələrdən olan qaliblər bunlardır: Nazik Armenakyan (Ermənistan), Paşa Kriçko (Belarus), Natela Qriqalaşvili (Gürcüstan), Katerina Şoşeva (Moldova)Marisiya Myanovska (Ukrayana).

Mükafatlandırma mərasimində Aİ-nin Gürcüstandakı səfiri, eləcə də Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan fotoqraflar, kütləvi informasiya vasitələrinin nümayəndələri, məzmun yaradıcıları və nüfuzlu şəxslər iştirak edib. 

Mükafatlandırma mərasimindən bir gün əvvəl, martın 30-da müsabiqənin beynəlxalq münsiflər heyətinin iştirakı ilə finala çıxan fotoqraflar ustad dərsində iştirak ediblər.

Müsabiqə EU NEIGHBOURS EAST proqramı tərəfindən Polşanın Fotofestiwal təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

QISA TARİXÇƏ:

Orxan Əzimov haqqında 

Orxan Əzimov 1986-cı ildə Bakı şəhərində anadan olub və 10 ildir ki, peşəkar fotoqraf olaraq çalışır. Onun fotolarının əksəriyyəti "Washington Post", "Bloomberg", "Associated Press", "The Times", "The Guardian", və "New York Times" kimi yerli və xarici dərgilərdə dərc olunub.

Orxan Əzimov Azərbaycanın Daxili İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. O, Rusiya, Gürcüstan, Türkiyə, İran, İraq, Qazaxıstan, Ukrayna, Macarısatn, İtaliya və Suriyada şəkillər çəkib. O, 2016-cı ildə Çernobıl AES-də baş vermiş faciənin 30-cu ildönümündə Ukraynanın Çernobıl şəhərinə səfər edərək qəzanın nəticələrini lentə almış və əsərlərini sərgidə nümayiş etdirmişdir. 2019-cu ildə Orxan Əzimov Suriyanın Hələb şəhərinə səfər edib və müharibədən sonrakı məişət həyatını və şərqin görkəmli şairi Nəsiminin məzarının fotolarını çəkib. Həmin fotolar daha sonra onun “İtirilmiş şəhər və Nəsiminin məzarı” adlı sərgisində nümayiş etdirilib. Orxan Əzimovun çəkdiyi fotolar bir çox ölkələrdə mükafatlar qazanıb.

"Ailə bağları"

Müsabiqənin mövzusu "Ailə bağlarıdır". Müsabiqəyə “Ailə bağları” mövzusunu bədii, sosial və xüsusilə də şəxsi interpretasiyada nümayiş etdirən fotoşəkillər təqdim olunub.

Son üç il pandemiya və müharibə səbəbindən ailə bağlarının əhəmiyyətini və kövrəkliyini xüsusilə hiss etdik. Pandemiyaya görə sosial izolyasiya nəticəsində bir çox bağlar öz formasını dəyişdi, bəziləri isə daha da gücləndi. Son bir ildə isə bütün dünya müharibənin ailələri necə ayırdığını və bir çox ailələrin öz qapılarını qaçqınların üzünə necə açdığını gördü.

Ailə bağları hələ də həyatımızın və cəmiyyətimizin əsasını təşkil edir. Bəs görəsən bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?

Martın 15-də "EU NEIGHBOURS east" proqramının bütün kanallarında “Ailə bağları” mövzusunda daha geniş kommunikasiya kampaniyasına start verilib. Kampaniyaya Aİ tərəfindən maliyyələşdirilən Aİ Gender Bərabərliyi Naminə regional proqramının fəal atalıq üzrə fəaliyyəti, insanları ilhamlandıran ailə hekayələri və sosial mediada ailə dəyərlərinə dair viktorina daxildir. 

Münsiflər heyəti

Qaliblər beş hakimdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilib:

Lars Berinq: Avropa Jurnalistika Mərkəzinin (EJC) direktoru və kreativ fotoqrafiya üzrə konsaltinq platforması olan Triggertale.com-un təsisçisidir.

Emma Boukit: FT Weekend Magazine jurnalının fotoqrafiya üzrə direktoru və obyektiv əsaslı sənətlər və müasir vizual mədəniyyətə diqqət yetirən kuratordur.

Arianna Rinaldo: Fotoqrafiyanın müxtəlif janrları ilə işləyən sərbəst peşəkardır. O, Cortona On The Move adlı beynəlxalq festivalın keçmiş bədii rəhbəridir. 

Karolina Gembara: Fotoqraf və tədqiqatçıdır. Onun işlərində ev, bağımlılıq, miqrasiya, şəxsiyyət dəyişikliyi mövzuları yer alır.

Milika Saraseviç: Avropa Komissiyasında mətbuat katibi və strateji kommunikasiyalar üzrə məsul şəxsdir.

EU NEIGHBOURS east proqramı haqqında

EU NEIGHBOURS EAST Aİ tərəfindən maliyyələşdirilən regional kommunikasiya proqramıdır və məqsədi Aİ-nin regionda kommunikasiyalara dair fəaliyyətlərini gücləndirmək, Aİ və onun siyasətləri haqqında daha geniş təsəvvür yaratmaq və dezinformasiyalara qarşı dayanıqlıq formalaşdırmaqdır. 

EUNEIGHBOURS east internet səhifəsinin idarə olunması ilə yanaşı, proqramın fəaliyyətlərinə gənc fəallar, media tərəfdaşları, yerli dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və müxtəlif peşəkar şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən tematik kommunikasiya kampaniyaları, ictimai diplomatiya və daha böyük əhali kütləsinin məlumatlandırılmasına yönəlmiş fəaliyyətlər daxildir. Bu proqram həmçinin 1 000-ə yaxın üzvü olan Gənc Avropa səfirləri şəbəkəsinin idarə olunması ilə məşğul olur.

Fotofestiwal haqqında

Fotofestiwal təşkilatı 2001-ci ildə Polşada peşəkar fotoqraflar tərəfindən təsis edilib və o vaxtdan etibarən Avropanın ən böyük fotoqraflıq festivallarından birinə çevrilib. Bu təşkilatın müsabiqələrin keçirilməsi və nəticələrin nümayiş etdirilməsi sahəsində 20 ildən artıq zəngin təcrübəsi var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR