İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstana namizəd statusu verəcək - bölgəyə nə vəd edir?

“Gürcüstan ehtimal ki, bu ilin dekabrında Avropa İttifaqından (Aİ) namizəd statusu alacaq”. Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. O, statusla bağlı ötən ayla müqayisədə bu ay daha çox ümidlərin olduğunu, ölkənin status alması şansının artdığını qeyd edib. Əlavə edib ki, bu müxalifətin, bəyanatlarında da əks olunur.

“Əvvəllər bunun tarixi qərar olduğunu deyirdilərsə, indi bunun əksini - heç bir mənası olmadığını deyirlər. Bu ritorika da statusla bağlı qərarın yetişməkdə olduğunu göstərir”, - Kobaxidze deyib.

Gürcüstanın Aİ-yə üzvlüyü hələlik real görünməsə də, namizəd status ciddi məsələdir. Onu da nəzərə çatdıraq ki, Gürcüstanın Aİ-yə yönəlməsi ilk addımdan Rusiyanın aqressiv davranışları ilə müşayiət olunmuşdu. Bəs növbəti mərhələdə necə olacaq? Rusiya Gürcüstana növbəti dəfə problemlər yaşada bilərmi? Bu proses bölgəyə nə vəd edir?

Yeri gəlmişkən, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç deyib ki, Avropa İttifaqına üzvlük prosesində Ukrayna, Gürcüstan və Moldovaya üstünlük verilməsi təhlükəli mesaj ola bilər. Nazir qeyd edib ki, Avropa İttifaqının Qərbi Balkan regionunda genişlənməsi Aİ-yə qarşı skeptisizmin artdığı bir vaxtda atılmış ən məqbul addım olar. İnanmıram ki, Aİ-yə üzvlük prosesində Ukrayna, Gürcüstan və Moldovaya üstünlük verilsin. Bu, ədalətsizlik olar. "Balkan regionunda genişlənmə prosesi Avropa İttifaqı üçün Bosniya və Herseqovinadan daha prioritetdir. Aİ Bosniya və Herseqovinanı siyasi mənada öz cəmiyyətində istədiyini açıq şəkildə göstərməli və danışıqlara başlamalıdır. Əlbəttə, danışıqlara başlamaq o demək deyil ki, biz Avropa İttifaqına formal mənada hansısa şəkildə yaxınlaşırıq", - deyə E.Konakoviç bildirib.

Fayl:Hikmət Babaoğlu.jpg — Vikipediya

Hikmət Babaoğlu: “Qonşu ölkənin Avropa İttifaqına namizədliyə üzvlüyü regionun bütünlükdə xeyrinədir”

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qonşu ölkənin Avropa İttifaqına namizədliyə üzvlüyü regionun bütünlükdə xeyrinədir: “Çünki Azərbaycan da Avropa İttifaqını əsas ticarət tərəfdaşı kimi müəyyənləşdirib. Aİ-yə üzv olan ölkələrin üçdə biri ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri var. Ona görə də Gürcüstanın bu məkana daxil olması region üçün yaxşı perspektivlər yarada bilər. Rusiya amilinə gəldikdə isə Rusiya Gürcüstana qarşı mümkün kartlarının hamısından istifadə edib. Bu, Aİ-dən daha çox Gürcüstanın Şimali Atlantika blokuna üzv olma niyyətləri zamanı baş verib. Ona görə mən düşünmürəm ki, Aİ iqtisadi birlikdir və Gürcüstanın bura namizəd kimi qəbul olunması indiki mürəkkəb, tarixi şəraitdə Rusiyanın hansısa kəskin reaksiyasına səbəb olsun. Əgər Aİ-nin yerinə başqa bir hərbi siyasi blok, misal üçün, NATO olsaydı, onda müəyyən reaksiyalar gözləmək olardı. İndiki halda mən düşünmürəm ki, çox mürəkkəb proseslərin baş verdiyi postsovet məkanında və Yaxın Şərqdə mövcud olan vəziyyətdə Rusiyanın əlavə resursları və imkanları olsun ki, o, Gürcüstana təzyiq etsin”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov: “Bu, Rusiya tərəfindən böyük qıcıqla, qısqanclıqla qarşılanacaq”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Gürcüstan son illərdə öz xarici siyasət strategiyasında Avropaya inteqrasiya meyllərini açıq şəkildə ifadə edir: “Baxmayaraq ki, 2008-ci ildə bu meyllər, bu istiqamətlənmə ölkəsinin, ərazilərinin 20 faiz işğal olunmasına gətirib çıxarıb. Mixail Saakaşvili dövründə Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən ilhaq edildi. Bu, birbaşa Gürcüstanın NATO üzvlüyünü əngəlləyirdi, çünki NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən NATO üzvlərinə qarşı hücum olarsa və ərazi bütövlüyü pozularsa, birgə koordinasiyalı şəkildə buna cavab vermək lazımdır. Və NATO-nun bütün üzvləri xarici düşmənə qarşı vuruşmalıdır. Əlbəttə, ərazi bütövlüyünün pozulması NATO tərəfindən də diqqətlə izlənilirdi. Yerdə qalan yeganə sosial-iqtisadi formasiya kimi Aİ-yə meyllənmə prosesi baş qaldırdı. Burada da çox tez-tez hakimiyyət dəyişikliyi, müxtəlif qüvvələrin hakimiyyət başına gəlməsi fonunda, nəhayət, rusiyameylli, öz gəlirlərini Rusiyanın hesabına qazanmış İvanişvili bir boz kardinal kimi hakimiyyətə yiyələndi və öz hakimiyyətini qurdu. Burada bir paradoks ondan ibarət idi ki, ola bilsin ki, hakimiyyət Rusiyaya loyal münasibətdə idi. Aşağı və orta təbəqə yalnız nicat yolunu Avropada görürdü. Avropaya meyllənmə kursu həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media fəalları ictimai aktivlər tərəfindən də dərinləşmiş şəkildə tirajlanırdı. Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın Avropaya üzv olmasına cəhdlər həm də Gürcüstan tərəfindən dəstəkləndi. Lakin ondan sonra ertələndi. İndi görürük ki, yenidən Aİ-yə üzvlük istiqamətində meyllər baş qaldırıb. Bu əlbəttə, Rusiya tərəfindən böyük qıcıqla, qısqanclıqla qarşılanacaq. Nəzərə almaq lazımdır ki, Rusiya qoşunları hələ də Gürcüstan ərazisindədir. Bu, dövlətçilik üçün də təhdid formalaşdırır. Bu günə qədər, əlbəttə, vizasız gediş-gəliş Gürcüstan vətəndaşları üçün bir avantaj formalaşdırırdı. Amma Gürcüstan xalqı, hətta əhalinin əksər hissəsi Avropa İttifaqında özünü görməyə çalışır”.

Ekspert əlavə edib ki, bu iqtisadi dividentlər, işsizliyin aradan qaldırılması və digər üstünlükləri vəd edir: “Yəni Aİ bu imtiyazları da Tiflisə vəd edir və bununla cəlbediciliyi artırmağa çalışır. Demokratiya, söz azadlığı, terrorizm və bu kimi ənənəvi çağırışlar da hiss olunmaqdadır. Əlbəttə, Gürcüstan bizim qonşumuzdur, orada müəyyən hakimiyyətdaxili proseslər, ölkənin geopolitik qarşıdurma məkanına çevrilməsi bu və ya digər formada Bakı tərəfindən də diqqətlə izlənilir. Sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın, işbirliyinin qurulması önəmlidir. Bu yaxınlarda Tiflisdə Böyük İpək yolu kontekstində böyük bir tədbir keçirildi. O tədbir çərçivəsində Azərbaycan və Ermənistan baş nazirləri görüş də keçirirərək gələcək əməkdaşlığın konturlarını müzakirə etdilər. Gürcüstan həm də bizim ticari-iqtisadi, enerji partnyorumuzdur. Bütün Qərbə doğru layihələrini Gürcüstan ərazisi vasitəsilə həyata keçirir və Gürcüstanda dayanıqlı təhlükəsizlik mühitinin qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Əsrlər boyu formalaşan mehriban qonşuluq siyasəti çərçivəsində də bizim üçün aktuallıq daşıyır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR