İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ dağılsa, Azərbaycana faydası nə olacaq?

Politoloqdan ilginc iddia; “sülhsevər Avropa” niyə sürətlə silahlanır?

Ukrayna-Rusiya müharibəsinin başlamasının dördüncü ilində Avropanın sürətlə silahlandığı müşahidə olunur. Bu, 2025-ci il üçün “Global Firepower” və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ən son hesabatlarında da öz əksini tapıb.

Hesabatlara əsasən, Avropa ölkələri arasında hərbi güc və müdafiə xərclərində əhəmiyyətli dəyişikliklər müşahidə olunur. “Global Firepower”ın 2025-ci il üçün hərbi güc reytinqində Avropa ölkələri arasında Böyük Britaniya və Fransa ön sıralarda yer alır. Bu ölkələr güclü hərbi ənənələrə və peşəkar silahlı qüvvələrə malikdir. Eyni zamanda Ukrayna müharibəsi kontekstində bu ölkələr Ukrayna əsgərlərinin təlimində fəal iştirak edirlər. Digər tərəfdən, Yunanıstan kimi ölkələr böyük orduya sahib olsalar da, avadanlıqları köhnəlmiş hesab edilir.

SİPRİ-nin məlumatlarına görə, Ukraynada davam edən müharibə Avropa ölkələrinin təhlükəsizlik siyasətinə ciddi təsir göstərib. Bu təsir nəticəsində Avropa ölkələri müdafiə xərclərini artırmağa başlayıblar. Xüsusilə Rusiya ilə sərhəddə yerləşən Polşa kimi ölkələr hərbi büdcələrini əhəmiyyətli dərəcədə yüksəldiblər. NATO-nun müdafiə xərcləri üçün müəyyən etdiyi ÜDM-in 2%-lik minimum hədəfi artıq bir çox ölkə tərəfindən baza səviyyəsi kimi qəbul edilir və bəzi ölkələr bu göstəricini daha da artırmağa çalışırlar.

Avropa İttifaqına üzv olan ölkələrin ümumi silahlı qüvvələri təxminən 1,97 milyon əsgərdən ibarətdir ki, bu da onları Çinlə müqayisədə ikinci ən böyük hərbi qüvvə edir. Bununla belə, Avropa ölkələrinin müdafiə xərcləri ABŞ ilə müqayisədə hələ də aşağıdır. ABŞ qlobal hərbi xərclərin təxminən 40%-ni təşkil edərkən, Avropa ölkələri ÜDM-lərinin ortalama 1,9%-ni müdafiəyə sərf edirlər. Almaniya Ukrayna müharibəsi fonunda müdafiə büdcəsini 20% artıraraq hərbi xərclərini əhəmiyyətli dərəcədə yüksəldib. Bu artım ölkənin müdafiə qabiliyyətini gücləndirmək və NATO öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır.

Son dövrlərdə İsveçrə və Avstriya kimi ənənəvi olaraq neytral mövqe tutan ölkələr müdafiə sahəsində fəallıqlarını artırırlar. 2025-ci ilin yazında İsveçrə, Almaniya və Avstriya birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar. Bu təlimlərdə İsveçrədən təxminən 800 hərbçinin iştirak edəcəyi gözlənilir. Dörd həftə davam edəcək bu təlimlər Avstriya ərazisində baş tutacaq. Bu cür əməkdaşlıqlar, regionda artan təhlükəsizlik narahatlıqları fonunda, İsveçrə və Avstriyanın müdafiə qabiliyyətlərini gücləndirmək və beynəlxalq tərəfdaşları ilə koordinasiyanı artırmaq məqsədi daşıyır. Lixtenşteyn isə kiçik ölçüsünə və məhdud hərbi resurslarına görə, əsasən İsveçrə ilə sıx əməkdaşlıq edərək öz müdafiə və təhlükəsizlik ehtiyaclarını təmin edir.

Ümumilikdə, son hesabatlar göstərir ki, Avropa ölkələri artan qlobal gərginliklər və regional təhdidlər fonunda müdafiə qabiliyyətlərini gücləndirmək üçün ciddi addımlar atırlar. Bu istiqamətdə həm hərbi xərclərin artırılması, həm də silahlı qüvvələrin modernləşdirilməsi prioritet məsələlər kimi ön plana çıxır.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın   Avropa İttifaqı ilə gərginləşən münasibətlər fonunda dağıtmaq ehtimalı barədə də iddialar var.  Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tahir Cəfərli deyib ki, Aİ-nin dağılması Azərbaycanın xeyrinə olan prosesdir və bundan narahat olmağa dəyməz. Analitik söylədiklərini belə əsaslandırmağa çalışıb: “Avropa İttifaqı həmişə Azərbaycanın əleyhinə  olub. ATƏT-in Minsk Qrupu  deyilən təşkilatın sayəsində 30 ildən artıq Ermənistan Azərbaycan ərazisinin 20 %-ni zəbt edib və həmin qurum Ermənistanı hətta işğalçı da adlandırmayıb. Əksinə, keçmiş Dağlıq Qarabağı və bir neçə rayonu Ermənistana vermək tələbini qoyub. Aİ demokratiya adı altında Azərbaycana təzyiq göstərmək kursu tutub.  Bu bir yana, Fransa və Almaniya kimi  ölkələr Ermənistanı silahlandırır və Azərbaycan  üçün  müharibə təhlükəsi yaradır. Azərbaycan sərhədinə müşahidəçi adı altında kəşfiyyatçıların yığılması heç də onların bizə qarşı dostluğundan xəbər vermir.

Ukrayna müharibəsi bir az da davam etsə, Aİ SSRİ kimi dağılacaq. Cəhənnəmə ki, dağılsın. Sözsüz ki, bizə düşmən mövqedə olan Aİ-nın dağılmasının Azərbaycana faydası böyük olacaq. İlk növbədə Azərbaycana təhlükə yaradan Ermənistana dəstək verməkdən əl çəkəcəklər. Zəngəzur  yolu açılacaq.

İnkişaf, tərəqqi, insan azadlığına gəldikdə,  Aİ-də  nə demokratiya var, nə də insan azadlıqları. Fransada anti-Makron mitinqlərinin  vəhşicəsinə dağıdılmasını yadınıza salın. Eyni mənzərələri Almaniyada, İngiltərədə, Polşada və s. ölkələrdə görmək mümkündür. Sərbəst gediş-gəlişə gəldikdə, bütün yollar olduğu kimi qalacaq. Məgər insanların harasa gedib-gəlməsi ciddi problemləri həll edir? Biz Vətənimizi düşünməliyik, onun suverenliyinə təhlükə gətirən ölkələrdən qorunmalı, düzgün siyasət qurub qüvvələr balansını saxlamalıyıq. Ən əsası, ordumuzun  döyüş qabiliyyətini artırmalı və dövlət başçımıza dayaq olmalıyıq..."

ELŞƏN MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR