Onlayn ictimai-siyasi qəzet
Çindən Xəzərə qədər olan marşrutu alternativləşdirmək mümkün olsa da, dənizin qərbində Avropanın əlində belə imkan yoxdur: yüklər yalnız ölkəmizin üzərindən daşınmalıdır
Ukraynadakı müharibənin ardınca Yaxın Şərqdə, xüsusilə də dünya ticarətində mühüm yeri olan Qırmızı dənizdə başlanan gərginlik Avropanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə marağının kəskin artmasına gətirib çıxarıb. Avropa İttifaqı dəhlizin keçdiyi Mərkəzi Asiya ölkələrinin infrastrukturunu inkişaf etdirmək üçün hərəkətə keçib.
Yanvarın 29-31-də Brüsseldə Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu keçirilib. İnvestisiya Forumu Avropa Komissiyası, Aİ-yə üzv dövlətlər, Mərkəzi Asiya, eləcə də Qafqaz ölkələri və Türkiyədən yüksək səviyyəli nümayəndələri bir araya gətirib. Digər iştirakçılara G7 ölkələri, digər həmfikir ölkələr, maliyyə institutları və özəl sektor daxil olub.
İnvestorlar Forumu Avropa Komissiyasının rəhbərlik etdiyi və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Avropa və Mərkəzi Asiya arasında Dayanıqlı Nəqliyyat Əlaqələri üzrə 2023-cü ilin iyun ayında aparılan tədqiqatın nəticələrinə əsaslanır. Tədqiqat 33 çətin infrastruktur ehtiyacını müəyyənləşdirib, Transxəzər nəqliyyat şəbəkələrinin əməliyyat səmərəliliyini və iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq təkliflər hazırlanıb.
Foruma dair Avropa Komissiyasının yaydığı məlumatdan aydın olur ki, Avropa İttifaqı Rusiyadan yan keçməklə Transqafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Məlumatda qeyd olunur ki, hələlik Brüssel bu məqsədlər üçün Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) iki kredit xəttinin formasında 2,97 milyard avro ayırmağa hazırdır.
Avropa Komissiyası vurğulayır ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi başladıqdan sonra “Avropa və Asiya arasında Rusiyadan keçməyən alternativ etibarlı ticarət yollarının tapılmasında xüsusi aktuallıq var”: “Avropa İttifaqı mövcud və planlaşdırılan sərmayələrdən ibarət 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Avropa İnvestisiya Bankı Avropa Komissiyasının zəmanəti ilə 1, 47 milyard avroluq kreditlərin ayrılması haqqında bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə anlaşma memorandumu imzalayıb. Bu gün sonra Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanla 1,5 milyard avroluq kredit xətti üzrə anlaşma memorandumu imzalayacaq”.
Ötən il Rusiyadan yan keçməyə çalışan böyük daşımaçılıq şirkətləri Azərbaycan üzərindən Orta dəhlizlə daşımaları test etməyə başladılar. Tezliklə məlum oldu ki, çoxsaylı maneələr bu marşrutun yükötürmə imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Nəticədə 2022-ci ildə Orta Dəhlizlə konteyner daşımalarının həcmi 2021-ci illə müqayisədə 33 faiz artsa da, 2023-cü ilin səkkiz ayı ərzində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb.
Hələlik üzv ölkələrin Orta dəhlizlə daşımaları sürətli artırmaq planları real nəticələr verməyib. Ötən ilin sonlarında tədqiqat hesabatında Dünya Bankı ekspertləri Orta Dəhlizin problemlərini sıralayıblar: Dəhlizin koordinasiyasının və vahid idarəçiliyin olmaması; Xəzər və Qara dənizlərdəki limanların, o cümlədən Xəzər dənizində dəniz nəqliyyatının aşağı istismar səmərəliliyi; Tamamlanmış dəmir yolu infrastrukturunun olmaması; Müxtəlif ölkələrin dəmir yolu nəqliyyatı operatorlarının qarşılıqlı əlaqədə olduğu sərhəd keçid məntəqələrində gecikmələr; Tərəflərin istifadə etdiyi müasir informasiya texnologiyaları həllərinin vahidliyinin və inteqrasiyasının olmaması.
Ötən ilin əvvəlinədək Azərbaycanın və Gürcüstanın bu problemlərin həlli üçün Avropa İttifaqına Transxəzər dəhlizinə diqqətin artırılmasına dair müraciətləri sükutla qarşılanıb. Lakin həmin dövrdən Avropanın Mərkəzi Asiya və oradan keçən dəhlizə marağında kəskin artım müşahidə olunur: bölgə dövlətlərinə yüksək səviyyəli səfərlər son dərəcə intensivləşdirilib. Mərkəzi Asiya dövlətləri başçılarının Avropaya birgə səfərləri təşkil olunub.
Aparılan müzakirələrin nəticəsi Brüsseldə əldə olunan razılaşmalardır. Tərəflər 10 milyard avroluq ümumi investisiya sazişi çərçivəsində ayrıca sənədlər də imzalayıblar. Belə ki, Avropa İnvestisiya Bankı Avropa Komissiyasının zəmanəti ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətlərinə, eləcə də Qazaxıstan İnkişaf Bankına 1,47 milyard avro məbləğində kredit ayırıb. Öz növbəsində, Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanla Anlaşma Memorandumu imzalayıb. Ona əsasən, maliyyə institutu respublikaya nəqliyyat və logistika sahəsində layihələr üçün 1,5 milyard avro verəcək.
Özbəkistan mətbuatının məlumatına görə, Avropa İnvestisiya Bankı bu ölkənin nümayəndəsi ilə 500 milyon avro məbləğində ayrıca müqavilə imzalayıb.
Forumun ilk günündə Avropa diplomatiyasının rəhbəri Josep Borrell iştirakçılar qarşısında çıxış edib. O, Aİ-nin Mərkəzi Asiya regionu dövlətləri ilə əməkdaşlığının vacibliyini qeyd edib: “Dörd il əvvəl mən Brüsselə gələndə Mərkəzi Asiya hardasa kənarda görünürdü və indi siz hər şeyin mərkəzindəsiniz. Siz Avropa ilə Asiya arasında təməl daşısınız. Və buna görə də tərəfdaşlığımız bizim üçün çox vacibdir”.
Onun fikrincə, beynəlxalq böhranlar kontekstində - Əfqanıstanda hakimiyyət dəyişikliyi, Ukraynada və Qəzza zolağında silahlı münaqişələr fonunda Avropa ilə Mərkəzi Asiya arasında fiziki əlaqələrə daha çox resurs yatırılmalı, nəqliyyat, enerji, təchizat zəncirləri və digər sahələrdə alternativlər axtarılmalıdır.
Borrell vurğulayıb ki, tərəfdaşlıq məsələlərində diqqəti iqtisadiyyat və təhlükəsizliyə yönəltmək lazımdır, çünki müasir dünyada bu anlayışlar ayrılmaz şəkildə bağlıdır.
Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi tərəflər arasında dialoqun xüsusilə bu ilin sonunda Özbəkistanda keçiriləcək birinci tam formatlı Aİ-Mərkəzi Asiya sammiti çərçivəsində davam etdiriləcəyini bildirib.
Beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Jutta Urpilainen bildirib ki, hər iki regionun dövlət və özəl investorları bu kritik dəhlizin uğurlu olması üçün birgə çalışacaqlar: “Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən çoxsaylı anlaşma memorandumları imzalanmış, Aİ-yə üzv dövlətlər və özəl sektor tərəfindən konkret öhdəliklər götürülmüşdür. Bu öhdəliklər birlikdə, Avropa Komissiyasının qrant maliyyələşdirməsi və investisiya zəmanətləri ilə mümkün olan Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqəsi üçün öhdəliyi olan təsirli 10 milyard avro təşkil edir. İdeyadan hərəkətə keçməmiz üçün lazım olan sərmayə məhz budur”.
Forumda bir sıra əlavə razılaşmalar da əldə edilib. Aİ tərəfindən maliyyələşdirilən Regional Nəqliyyat Proqramı 2025-ci ildə qəbul ediləcək. Bu yeni proqrama əsasən Aİ nəqliyyatla bağlı mövcud və gələcək layihələri təşviq etmək üçün texniki yardım təklif edəcək. Bu, Mərkəzi Asiyada nəqliyyat infrastrukturunun inkişafı proqramının həyata keçirilməsi üçün Avropa Komissiyası və Avropa İnvestisiya Bankı tərəfindən ümumilikdə 1,5 milyard avro vəsaitin ayrılmasına töhfə verəcək.
Daha bir razılaşma tərəqqinin monitorinqi, əməkdaşlığın genişləndirilməsi və Transxəzər Nəqliyyat Dəhlizinin inkişafının davam etməsini təmin etmək üçün koordinasiya platformasının yaradılmasını nəzərdə tutur. Transxəzər nəqliyyat şəbəkələrinin praktiki fəaliyyətinə və istifadəsinə yönəlmiş 2024-cü ildə başlayacaq regional proqramı isə Beynəlxalq Ticarət Mərkəzi və OECD həyata keçirəcək.
Daha bir razılaşmaya əsasən baş rezident-məsləhətçilər üçün alət işə salınıb, onun çərçivəsində məsləhətçilər 2024-cü ildən Mərkəzi Asiya ölkələrinin hamısının nəqliyyat nazirliklərinə daxil ediləcək. Qarşıdakı aylarda proqram təminatının yumşaq infrastruktur bağlantısı ilə bağlı ixtisaslaşdırılmış iclasların əlaqələndirilməsi və təşkili başlayacaq.
Göründüyü kimi, Avropa bir qədər gec də olsa, Asiyadan yükdaşımaların 15 gün müddətində həyata keçirilməsinə imkan verən Orta dəhlizin inkişafı üçün səfərbər olub. Bu zaman Çin və Avropa ölkələri Orta Dəhlizin inkişafı məqsədilə Azərbaycan və Gürcüstanda davam etdirilməklə Qırğızıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək, Qazaxıstana alternativ olacaq marşrut da yaratmaq niyyətindədirlər. Bu, əslində Transxəzər dəhlizi boyu iki marşrutun yaradılması deməkdir: bir marşrut Xəzər dənizinə Çindən Qazaxıstan ərazisindən keçməklə, digəri isə Qırğızıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçməklə çıxışı nəzərdə tutur.
Belə olan halda Çin Transxəzər marşrutu layihəsinə təkcə Qazaxıstanla deyil, həm də Qırğızıstanla sərhəddən qoşulacaq. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryol xəttinin tikintisinə başlandığını nəzərə alsaq, bu layihə daha da reallaşır.
Dəhlizin əsas iştirakçılarından biri olan Qazaxıstan yükdaşımaları Mərkəzi Asiya regionundakı qonşularına verməyi planlaşdırmır. Belə ki, Qazaxıstan nəqliyyat sektorunda iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün yaxın beş ildə 40 milyard avro investisiya cəlb etməyi planlaşdırır. Brüsseldə keçirilən forumda iştirak edən Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayevin sözlərinə görə, investisiyalar sayəsində beş il ərzində tranzit dəhlizlərinin yenidən qurulması və uzunluğu 4,7 min km olan yolların təmiri nəzərdə tutulub. Bundan əlavə, Karabayev bildirib ki, yeni əsas marşrutlar üzrə uzunluğu 1,3 min km olan dəmir yollarının çəkilməsi planlaşdırılır ki, bu da Orta Dəhlizin imkanlarının dəfələrlə artmasına kömək edəcək.
Beynəlxalq TMTM Assosiasiyası 2023-cü ildəki 2,7 milyon tonla müqayisədə bu il dəhlizlə 4 milyon ton yük daşınacağını gözləyir. 2030-cu ilə qədər assosiasiya TMTM ilə yük daşımalarının demək olar ki, üç dəfə artacağını - 11 milyon tona çatacağını proqnozlaşdırır.
Çindən Xəzərə qədər olan marşrutu alternativləşdirmək mümkün olsa da, dənizin Qərbində Avropanın əlində belə imkan yoxdur: yüklər yalnız Azərbaycan üzərindən daşınmalıdır. İran və Rusiyanın Avropa ilə münasibətləri nəzərə alınarsa, alternativ yalnız Azərbaycan ərazisindən sonrakı marşrutda yaradıla bilər: ya Gürcüstan, ya da Ermənistandan keçməklə. Azərbaycan artıq Ermənistana bunun üçün Zəngəzur dəhlizini təklif edib, rəsmi İrəvan razılaşmağa tələsmir. Belə yanaşma davam etdiyi müddətdə İrəvanın beynəlxalq səviyyəli layihədə iştirakı mümkün olmayacaq...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ