Onlayn ictimai-siyasi qəzet
Ağız qoxusu bir çox fərqli səbəbdən yarana bilər. Əsasən ağız və diş gigiyenasına diqqət edilmədikdə meydana çıxan bu problem bəzi təbii üsullarla aradan qaldırıla bilər.
Musavat.com xəbər verir ki, ağız qoxusu həm gigiyenik bir problemdir, həm də sosial həyatda maneə yaradır.
İnsanlarla danışarkən bizi geriyə çəkilməyə vadar edən bu narahatedici vəziyyətdən tez bir zamanda qurtulmaq vacibdir.
Ağız və diş baxımına laqeyd yanaşma başlıca səbəb olsa da, dərman istifadəsi, diş çürüməsi və müəyyən qidaların qəbulu da bu problemin yaranmasına yol aça bilər.
Ağız qoxusundan qurtulmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.
Gündəlik həyatınızda tətbiq edə biləcəyiniz bu sadə və təsirli təbii üsullar probleminizin həllində sizə yardımçı olacaq.
Budur, ağız qoxusundan qurtulmaq üçün tətbiq oluna biləcək bəzi təbii üsullar:
Cəfəri çeynəmək: Cəfərinin tərkibindəki xlorofil ağızdakı pis qoxunun neytrallaşdırılmasına kömək edir. Eyni zamanda ağızda pis qoxuya səbəb olan bakteriyalara qarşı təbii bir təmizləyici rolunu oynayır. Yeməkdən sonra bir neçə budaq təzə cəfəri çeynəyərək bu faydalarından yararlana bilərsiniz.
Darçınlı su: Darçın ağız boşluğunda yaranan bakteriyaları təmizləyir və nəfəsi təravətləndirərək pis qoxunu aradan qaldırır. Bu üsulu tətbiq etmək üçün 1 stəkan suya 1 ədəd çubuq darçın əlavə edin. 5–10 dəqiqə qaynatdıqdan sonra süzün və soyumağını gözləyin. Suyun ilıqlığı kifayət olduqda onunla qarqara edin.
Zəncəfil və limon: Təbii antibakterial xüsusiyyətə malik zəncəfil və təravətləndirici təsiri olan limon birlikdə ağız qoxusunu aradan qaldıra bilər. Bu qarışımı hazırlamaq üçün yarım çay qaşığı rəndələnmiş təzə zəncəfil ilə bir neçə damcı limonu ilıq suya əlavə edin. Bu su ilə gündə bir dəfə qarqara edin.
Soda (karbonat): Soda ağız boşluğundakı pH səviyyəsini tarazlayır və pis qoxuya səbəb olan bakteriyaları yox etməyə kömək edir. 1 stəkan suya 1 çay qaşığı soda əlavə edib qarışdırın və bu məhlulla gündə 2 dəfə qarqara edin.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ