Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Kimsə bu cür avtomobilləri ölkəyə gətirib pul qazanır, amma kimlərsə də o maşınlarda qəzaya düşür, həyatını itirir...”
Son illər ölkədə dəb düşmüş biznes növlərindən biri də xarici ölkələrdən, xüsusilə ABŞ-dan, Kanadadan, Yaponiyadan və s. qəzalı, suda batmış, lakin istehsal ili təzə olan maşınları gətirib, təmir edib satmaqdır. Kiçik dəqiqləşdirmələrdən aydın olur ki, belə maşınların əksəri çox ağır qəzalar keçirib, təhlükəsizlik sistemi sıradan çıxıb. Onları çox ucuz qiymətə auksiondan udurlar və gətirib 5-6 min manat bahasına, “sadəcə buferi əzilmiş” maşın adı ilə vətəndaşlara satırlar. Yüngül vuruğu, məsələn, “bufer”, qapı əziyi və s. bu kimi xırda əziklərin bir problemi olmur. Ancaq bir çox maşınlar çox ağır qəzalar keçirmiş, bütün airbagları açılmış olur ki, onları nə qədər təmir etsən də, hər an təhlükə yarada bilər.
Gömrük Komitəsinin həyətindən çəkilən görüntülər bu məsələni yenidən aktuallaşdırıb.
Kadrlarda Bakıya xarici ölkələrdən tam yararsız vəziyyətdə gətirilmiş avtomobillər əks olunub.
Ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə olan maşınların gətirilməsi narazılıq doğurub.
İzləyicilər şərhlərdə “Belə maşınlar Bakıya niyə gətirilir?” , “Bir- iki ay sonra "bezkraska" adı ilə satacaqlar", “Alverçilər Bakının avtomobil bazarını zibilliyə döndəriblər” tipli şərhlər yazıblar.
Avtomobil ustaları ikinci əl avtomobil alarkən yürüş məsafəsinə baxmağın vacib olduğunu vurğulayırlar. Avtomobilin bütün texniki nasazlıqlarını yalnız kompüter yoxlanışından keçirməklə, yəni diaqnostika etdirərək tam dəqiq bilmək olmur. Bunun üçün avtomobilin ümumi texniki xüsusiyyətlərini bilmək və onun işləmə prinsipinə bələd olmaq lazımdır. Avtomobilin mühərrikinin hansı yanacaq növü ilə işləməsi də önəmli amillərdəndir. Dizel mühərrikli avtomobillə benzin mühərrikli avtomobil çox fərqlidir. Dizel motorlar sıxılma-partlama, benzin mühərriklər isə alışma-yanma ilə işləyir. Bu baxımdan benzin mühərrik və dizel mühərrikin problemləri də fərqli olur. Azərbaycanda satılan dizel yanacağının keyfiyyəti aşağı olduğundan belə yanacaqla işləyən mühərriklərin DPF - filtrlərini tez bir zamanda sıradan çıxarır və avtomobilin hərəkətində müəyyən problemlər yaradır. Məsələn, avtomobilin sürət yığmağı ləng baş verir, əgər turbosu varsa, bu da mühərrikin və turbonun ömrünü qısaldır.
Bundan başqa, ikinci əl avtomobil aldıqda onu servisdə ümumi yoxlanışdan keçirmək olur. Bu zaman avtomobilin təkərlərindən tutmuş şüşəsilənin suyuna qədər hər bir detalı ayrıca yoxlamaq lazımdır. Sürətlər qutusunun yağı, mühərrik yağının keyfiyyəti, həmçinin avtomobilin əyləc sistemi yoxlanılmalıdır. Əgər əyləc mayesi köhnədirsə, sürətlər qutusu da daxil olmaqla, mütləq dəyişilməlidir. Avtomobilin mühərrik yağı nə qədər keyfiyyətli olarsa, yürüş məsafəsi də çox olur. Digər məsələ, benzin mühərriklərdə alışdırma şamlarının mütəmadi olaraq dəyişilməsidir. Bunun avtomobilin “çəkiminə” böyük təsiri var. Məsələn, hər hansı bir şam işləmədikdə avtomobilin dövriyyəsində problemlər yaranır, “çəkim” zəifləyir. Bu detalları da 35-40 min kilometrdən bir dəyişmək məsləhətdir. O cümlədən əyləc sistemindən əyləc yataqlarına mütləq baxılmalıdır. Əgər çox yeyinti varsa, onun da dəyişdirilməsi çox vacibdir.
Qeyd edək ki, Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.
Bəs ağır qəzalı, airbagları açılmış, suda batmış maşınların ölkəyə gətirilməsi qadağan edilməlidirmi? Çünki onlar istifadə zamanı təhlükə yaradır.
Elməddin Muradlı
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda qəzalı avtomobillərin idxalı mövzusu açıq qalıb, yəni konkret qadağa yoxdur. Yalnız istehsal ili 10 ildən yuxarı olmayan avtomobillərə dair tələblər var, yəni bu cür avtomobillər ölkəyə gətirilə bilər: “Müşahidə edirik ki, son zamanlar xeyli sayda əzilmiş, qəza keçirmiş maşınları Azərbaycana gətirirlər. Kimlərsə xarici ölkələrdən əzilmiş, qəza keçirmiş maşınları alıb, ölkəyə gətirir, üzərində müəyyən kosmetik dəyişikliklər edib, satmağa çalışırlar.
Bəzən maşın alverçilərinin özləri maşınları yolda vurub əzirlər ki, gömrükdə müəyyən endirim əldə etsinlər, daha sonra onun üzərində kosmetik işlər aparıb, təzə maşın kimi daha baha qiymətə satmağa çalışırlar. Yəni məhdudiyyət olmadığından alverçilər yaranmış fürsətdən istifadə edir.
Dəfələrlə təklif etmişik ki, bu cür qəzalı, suda batmış maşınların ölkəyə gətirilməsi qadağan olunsun. Bir çox ölkələr artıq belə bir qərar qəbul edib, qəzalı avtomobilləri ölkəyə buraxmırlar. Həmin ölkələr də əsasən avtomobil istehsalçılarıdır. Yəni başqa ölkələrə kütləvi şəkildə avtomobillər satır, ona görə də arxayın şəkildə bu məhdudiyyəti tətbiq edirlər.
Amma Azərbaycanda hələ ki bu sistem qurulmayıb, çünki biz avtomobil istehsalçısı deyilik. Adi maşın elementlərini belə istehsal etmirik. Sadəcə, xarici ölkələrdən xammal alıb, avtomobili yığırıq ki, bu da istehsal demək deyil. Ona görə də tam olaraq məhdudiyyət də qoya bilmirik.
Hesab edirəm ki, gömrük postlarında xüsusi cihazlar vasitəsilə həmin avtomobillərin parametrlərinə baxış keçirilməlidir. Çünki bu cür avtomobillər çox təhlükəlidir, təhlükəsizlik elementləri demək olar ki, sıfıra düşüb, qəzada xeyli sayda insan ölümünə səbəb olur. Kimsə bu cür avtomobilləri ölkəyə gətirib pul qazanır, amma kimlərsə də o avtomobilin içərisində qəzaya düşür, həyatını itirir. Dövlət bunu fikirləşib, bu cür avtomobilləri ölkəyə buraxmamalıdır".
Ekspert qeyd edib ki, bəzən vətəndaşların özləri də avtomobil alarkən səhlənkarlıq edir, məsələyə məsuliyyətsiz yanaşırlar: “Servisdə kosmetik yoxlamadan keçirir, baxılar ki, yaxşıdır, "yağ yemir", bununla da bütün dərin detalları yoxlamadan avtomobili alırlar. Və yaxud 50 manat verib, Check-up müayinəsindən keçirmək istəmir, 10 manat verib ara məhəllələrdəki ustalara göstərir, usta da deyir ki, yaxşıdır, amma sonra məlum olur ki, heç də yaxşı maşın deyil".
Elməddin Muradlı həmçinin təəssüflə qeyd edib ki, avtomobil bazarında alqı-satqı prosesi ilə bağlı dövlətin heç bir müdaxiləsi yoxdur: “Avtomobil bazarı tam nəzarət altında deyil, bazarı hazırda avtomobil "dəllalları", alverçilər idarə edir. Alverçilər istədikləri vaxt qiyməti qaldırıb, endirir, hansı maşını necə satmaq lazımdır məsələsini müəyyənləşdirir. Bəzən müşahidə edirik ki, ölkədə heç bir qiymət artımı yoxdur, yanacağın qiyməti bahalaşmayıb, amma maşın bazarında alverçilər qiyməti artırıb.
Türkiyədə artıq avtomobillərin alqı-satqısı məsələsinə dövlət səviyyəsində müdaxilə, nəzarət var, ona görə də heç kəs kimisə aldada bilmir. Satan alıcını aldada bilmir, öz məsuliyyətini dərk edir ki, hansısa problem olarsa, onu nə gözləyir və sairə.
Hesab edirəm ki, gec-tez ölkəmizdə də bu mexanizm qurulacaq. Amma qeyd etdiyim kimi, hazırda bu məsələyə nəzarət yoxdur".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ