İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam və Şuşada havanın keyfiyyətini ölçən stansiya quraşdırılacaq

Təhlükəli atmosfer hadisələrinin araşdırıldığı mərkəzdə bir gün

“Yeni Müsavat” xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzi ilə tanış olmaq imkanı qazanıblar. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Şamaxı və Göygöl rayonunda quraşdırılan Doppler radar sistemi  vasitəsilə atmosferdə baş verən dəyişikliklərin gündəlik müşahidəsi aparılır: 

“Situasiya Mərkəzinə genişləndirilmiş avtomat hidrometeoroloji sistemə daxil olan hidroloji, meteoroloji  stansiyalardan məlumatlar daxil olur. Proqnozlar da bu proses nəticəsində əldə olunur. Situasiya Mərkəzi 24 saat ərzində fəaliyyət göstərir və bütün məlumatlar həm ictimaiyyətə, həm də aidiyyəti dövlət qurumlarına gündəlik olaraq ötürülür. Yeni proqram təminatı vasitəsilə gələcəkdə mobil tətbiqlərin istifadəyə verilməsi mümkün olacaq”.

Situasiya mərkəzində 2 ədəd Doppler radar stansiyasının, 40 ədəd Avtomat hidroloji stansiyanın, 51 ədəd Meteoroloji stansiyanın, 4 ədəd dəniz hidrometeoroloji stansiyanın məlumatları xüsusi proqram təminatları ilə toplanır, eyni zamanda  37 ədəd müşahidə kamerası vasitəsilə real vaxt rejimində görüntülər vizuallaşdırılır.

İşğal azad edilən ərazilərimizdə də işlər gedir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında-Ağdam, Kəlbəcər, Şuşa, Füzuli və Laçında 11 hidrometeoroloji, 5 meteoroloji stansiya fəaliyyət göstərir. Gələcəkdə Xankəndi, Xocavənddə 2 aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır. Bu stansiyalar sözügedən ərazilərdə kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Mərkəzlə tanışlıq zamanı onu da öyrəndik ki, Azərbaycanda ilk dəfə elektron su xəritəsindən istifadə olunmağa başlanıb. Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov məlumat verdi ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək olur: “Əvvəllər bu lokal şəkildə olub. İndi isə idarəolunan şəkildədir. Məlumatların xəritədə əks olunması istənilən qərarların verilməsi üçün əhəmiyyətli sistemdir. Bu xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir”.

Sadə dildə desək, su hövzələrindəki vəziyyəti öyrənmək üçün xüsusi hallar istisna olmaqla, artıq ərazilərə getməyə ehtiyac yoxdur. Biz də mərkəzlə tanışlıq zamanı interaktiv şəkildə Suqovuşan su anbarındakı vəziyyəti real vaxt rejimində müşahidə etdik, ən son məlumatları əldə etdik.

Milli Hidrometeorologiya xidmətinin Telekommunikasiya mərkəzinin direktoru Gülnarə Abbasova regionlarda olan hidrometeoroloji stansiyalardan gələn məlumatları qəbul edir. O bildirdi ki, 32 stansiya vasitəsilə respublika üzrə meteoroloji parametrlər müəyyən edilir: “Havanın minimal, maksimal temperaturu, nisbi rütubət və s. barədə daxil olan məlumatlar yoxlanır. Əgər stansiyada məlumatların ötürülməsi ilə bağlı hər hansı problem varsa, bu dərhal bəlli olur və texniki qrupa bildirilir: hava şəraiti ilə bağlı internet xəttində problem yarana bilər, yaxud kimsə stansiyaya zərər yetirə bilər və s. Məlumatların keyfiyyəti dərhal yoxlanır və daha sonra bölmələrə ötürülür. Bəzi bölgələrlə bağlı məlumatlar ənənəvi ölçmə üsulu ilə aparıldığı üçün elektron poçt vasitəsilə ötürülür. Respublika üzrə 38 belə stansiya var ki, gələcəkdə onların yerində avtomatik stansiyaların quraşdırılması nəzərdə tutulur”.

Abbasova hava keyfiyyətinin yoxlanması ilə bağlı da məlumat verdi: “Respublika üzrə Bakıda 3, Gəncə və Sumqayıtda bir ədəd olmaqla, ümumilikdə 5 stansiya vasitəsilə havanın keyfiyyəti yoxlanır. Adətən transsərhəd çirklənməsi zamanı toz konsentrasiyalarında nəticələr yüksək olur. Bəzi hallarda isə durğun havada, isti havada dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olması müşahidə olunur. 2022-2026-cı illər dövlət investisiya sənədinə əsasən gələcəkdə işğaldan azad edilən Ağdam və Şuşada stansiya quraşdırılacaq. Beynəlxalq ekspert qiymətləndirməsinə əsasən respublika üzrə 23 stansiya olarsa, tam qiymətləndirmə həyata keçirmək olar. Stansiyaların ölçmə radiusu təxminən 1 kilometrdən çoxdur. Şuşa sənaye şəhəri olmadığı üçün hava keyfiyyəti amilini turistləri cəlb üçün istifadə etmək olar. Ağdam isə əksinə, sənaye şəhəri kimi inkişaf etdiriləcəyi üçün stansiya quraşdırılması labüddür. Yeri gəlmişkən, hələ 2021-ci ilin fevral ayında qayıdış başlamadan öncə Qarabağda ilk ölçmə aparılanda çox yüksək hava keyfiyyəti var idi. Zəngilan, Xocavənd, Qubadlı, Şuşa, Kəlbəcərdə havada oksigenin miqdarı 21 faiz idi”.

Radiometeorologiya mərkəzinin direktor müavini Vüsal Mirzəyev məlumat verdi ki, 2 ədəd Doppler radar stansiyası ABŞ-nin Baron sistemi əsasında fəaliyyət göstərir:  “Hər iki radar sistemi 250 kilometrlik radiusda atmosferdə baş verən bütün hadisələri real vaxt rejimində vizuallaşdırır. Bu vizuallaşmalar əsasında proqnozlar tərtib olunur. Proqnozlar bürosunun ekspertləri tərəfindən analiz edildikdən sonra aidiyyəti orqanlara və ictimaiyyətə yönləndirilir. Bu radarların əsas üstünlükləri ondan ibarətdir ki, təhlükəli bulud sistemlərini aşkar edir və xəritədə vizuallaşdırır. Bu erkən xəbərdarlıq sisteminin bir parçası olaraq öncədən baş verə biləcək dolu, şimşək, intensiv yağış barədə məlumat almaq imkanı verir. Radarların hündürlüyə görə görünmə bucaqları var. Radiodalğalar heç bir maneəyə dəymədən buludlardakı prosesləri aşkarlayıb qəbuledici sistemə ötürməlidir. 250 kilometrlik radiusda relyef şəraiti nəzərə alınır. Gələcəkdə Doppler radarlarının sayının artırılması, şimal-şərq və cənub zonalarında da quraşdırılması nəzərdə tutulur”.   

Rejim məlumatlarının arxivləşdirilməsi mərkəzinin direktoru Vəfadar İsmayılov  isə yaxın zamanda 5 ədəd meteoroloji və 5 ədəd hidroloji stansiyanın qurulacağının anonsunu verdi: “Meteoroloji stansiyalar 40-50 kilometr radiusu əhatə edir. Bəzi stansiyalar fermerlər üçün nəzərdə tutulub ki, 5 kilometr ərazini əhatə edir. Daha bir yenilik isə budur ki, yaxın aylarda xüsusi proqram təminatının alınması  nəzərdə tutulur. Bu proqram vasitəsilə televiziyaya, mətbuata məlumatları avtomatik ötürə biləcəyik. Belə deyək, sistem stansiyalardan gələn məlumatları özü analiz edə biləcək. Bir stansiyanın quraşdırılması 4-6 ay müddətinə başa gəlir. Əgər stansiyanın buludluluq sensoru varsa, qurulmasına 200 min manat xərclənir. Əgər sözügedən sensor yoxdursa, 100-120 min manata başa gəlir”. 

Qeyd etmək lazımdır ki, hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR