İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaban QƏTLİAMI, Brüssel sammiti və aprel dərsləri

Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən ən dəhşətli cinayətlərdən biri Ağdaban qətliamıdır.

DABAN.jpg (102 KB)

Ağdaban kəndi Kəlbəcər rayonunun ən səfalı yerlərindən biri olan Ağdaban dağının ətəyində, Ağdaban çayının kənarında yerləşən, zəhmətkeş, səmimi, qonaqsevər və istedadlı insanların yaşadığı gözəl, abad, varlı bir kənd idi.

Ağdaban həm də Azərbaycanın saz- söz sənətinə tarixi möhürünü vurmuş Ağdabanlı şair Qurban ocağının layiqli davamçısı Dədə Şəmşirin mənəviyyat dünyasının məbədi idi. Ağdabanın mənəviyyat dünyasının tarixi isə kəndin yaşından çox qədim idi, Şah İsmayıl Xətainin yaxın silahdaşı, Səfəvilər xanədanının böyük dövlət və din xadımı, sufi şairi və haqq aşığı Miskin Abdaldan gəlirdi.

Məhz erməni separatçılarının ilk zərbə hədəfi kimi Ağdabanı seçməsinin bir səbəbi də bu idi. Kəlbəcər Qarabağ və Zəngəzurda hansı strateji əhəmiyyətə malik idisə, Ağdaban kəndi də Kəlbəcər rayonu üçün elə bir strateji əhəmiyyət daşıyırdı. Ağdabana birinci zərbə vurmaqla ermənilər bütün Kəbəcər əhalisində xof yaradacaqlarını düşünürdülər. Eyni zamanda Aşıq Şəmşirin ailəsinin və qohumlarının bu kənddə yaşadığını da ermənilər yaxşı bilirdi və Ağdabana hücum planının mərkəzində həm də Dədə Şəmşirin ocağını dağıtmaqla kənd əhalisinin müqavimətini daha asan qırmaq niyyəti dayanırdı.

Düz 32 il əvvəl, 1992-ci ilin aprel ayının yeddisindən səkkizinə keçən gecə erməni quldur dəstələri Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, kəndin 779 nəfər dinc sakininə divan tutdular.

QETLİ SON.jpg (145 KB)

Bu qətliam nəticəsində 32 nəfər ağır işgəncələrə məruz qalaraq qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri tonqalda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

Dədə Şəmşirin nəslindən 15 nəfər bu faciənin qurbanı olub. Ermənilərin törətdiyi ən dəhşətli vandalizm isə Şair Qurbanın və Dədə Şəmşırin zəngin arxivinin dağıdılması, nadir əlyazmalarının yandırılması idi. Doğrudan da, kəndi də bərpa etmək olacaq, daha gözəl, yaraşıqlı binalar da tikiləcək, lakin yandırılmış əl yazmalarını bərpa etmək mümkün olmayacaq. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra - "Qarabağda xristian abidələrindən narahatıq", - deyrək şivən salan YUNESKO "xanım" görəsən Ağdaban qətliamına, Kəlbəcərdəki muzey-məbədimizin yandırılıb dağıdılmasına heç bir tükünün də tərpənməməsini nə ilə izah edə bilər?

Məhz Ağdaban qətliamına biganə münasibət sonrakı daha böyük miqyaslı faciələrə, o cümlədən 1993-cü ilin aprelin 2-də Kəlbəcərin, daha sonra isə digər rayonlarımızın işğalına yol açdı.

KELBİ .png (652 KB)

Hətta biganəlik və şəriştəsizlik o həddə idi ki, o zaman iqtidarda olan AXC- Musavat cütlüyü Kəlbəcərin işğalından sonra az qala bir sevinc hissi ilə deyirdilər ki, Qərbdəki dostlarımızın dəstəyi ilə BMT qətnamə qəbul edəcək və Ermənistan Kəlbəcəri də, Laçını da, Şuşanı da, eləcə də külli-Qarabağı qaytarıb bizə verəcək, üstəlik təzminat da ödəyəcək. Bəli, Kəlbəcərin işğalı ilə bağlı BMT qətnamə qəbul etdi, daha sonra 3 ayrı qətnamə də qəbul etdi, amma 30 ilə yaxın bir müddət ərzində bir qarış torpağımızı bizə qaytaran olmadı. Beləcə, qərbin ikili oyunlarına, ikili standartlarına öyrəşdik. Düz 2016-cı ilin aprelin ikisinə kimi. 2016- cı il aprelin 2- sində başlayan və 3 gün davam edən döyüşdən sonra rəşadətli ordumuz düşmən səddinin keçilməzliyi mifini qırdı, Lələtəpə yüksəkliyini azad etməklə 2 min hektar ərazini nəzarət altına aldı.

O zaman Aprel döyüşlərinə ABŞ çox sərt, ermənipərəst reaksiya verdi, hətta ABŞ- ın dövlət katibi Con Kerri və dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid etdilər. Baxmayaraq ki, o dövrdə Ermənistan ABŞ-ın deyil, Rusiyanın forpostu idi və bunu utanmaq hissini çoxdan itirmiş Serj Sarksyan hər yerdə "qürurla" söyləyirdi.

2016-cı ilin 4-cü ayındakı ilk dərsdən 4 il sonra isə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Milli Ordumuz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə həm Ermənistana, həm də onun havadarlarına tarixi dərs verdi.

İLHAM ESGER.jpg (246 KB)

Məhz bu dönəmdə cənab Ali Baş Komandan İlham Əliyevin Ermənistan rəhbərliyinin ünvanına dediyi sərrast bir ifadə snayper atəşi kimi düz onluğa dəydi: "daban yalayan"!

"Kimə yalvarırsan yalvar, kimin ayaqları altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala. Heç kim bizə təsir edə bilməz"!

Bu tarixi sözlərin deyildiyi vaxtdan 4 ilə yaxın bir müddət keçib, necə deyərlər , çox sular axıb, çox şeylər dəyişib, çox arzularımız çin olub, çox xəyallarımız gerçəyə dönüb. 2020-ci ilin 10 noyabrında üç tərəfli bəyanata- öz kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyan sonradan müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınsa da, Azərbaycan addım-addlm öz məqsədlərinə inamla yaxınlaşıb. 2023-cü ilin aprelin 23- də Laçında sərhəd- buraxılış məntəqəsini qurmaqla, ərazi bütövlüyümüzü təmin etmişik, indi bütün sərhədboyu yüksəkliklərə bizim Ordumuz nəzarət edir, Xankəndidə üç rəngli şanlı bayrağımız qürurla dalğalanır, suverenliyimiz tam bərpa olunub.

XAN SON.jpg (112 KB)

Ermənistan isə əllərdə alət olmaqda davam edir, indi yeni ağa axtarışındadır. Dövrəyə isə siyasi əxlaq baxımından Ermənistandan heç də fərqlənməyən Makron Fransası daxil olmuşdur. Avropa Şurası, Avropa İttifaqı isə utanmadan Fransanın yançısı statusunda çıxış edirlər. Kukla teatrının qara pərdəsi arxasından isə ipləri oynadan ABŞ-ın şeytan barmaqları görsənməkdədir.

Xalqımızın etimologiyasında bir "qaradaban" ifadəsi var və adətən, bəduğur, gəldiyi ocağa faciələr gətirən gəlin haqqında işlədilir.

Hazırda cidd-cəhdlə Cənubi Qafqaza nüfuz etmək istəyən Fransa məhz, ABŞ-ın qaradaban gəlini kimi bölgəyə yeni nifaq toxumu səpməyə çalışır. Ermənistan isə Fransanın qara dabanını yalamaqla ağ günə çıxacağını xəyal edir. Amma unudurlar ki, fransız əsgərinin çəkməsi dəyən yerdə ot bitmir.

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüş Ermənistana hərtərəfli dəstək göstərilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyırdı. O Ermənistana ki, 1992- ci il aprelin 8- də Kəlbəcərin Ağdaban kəndində dəhşətli qətliam törətmişdi, bir il sonra isə aprelin 2- də bütövlüklə Kəlbəcər rayonunu işğal etmişdi.

Brüssel görüşünün görünən tərəfi Ermənistana iqtisadi, humanitar və siyasi dəstək göstərmək adı ilə təqdim edilsə də, əsil niyyət Ermənistanı silahlandırmaq, yeni münaqişə ocağı qalamaq və Rusiyanı sıxışdırıb bölgədən çıxartmaqdır. Təbii ki, bu o qədər də asan bir şey deyil və unudurlar ki, bölgədə güclü Azərbaycan və nüfuzlu Türkiyə faktoru ilə hesablaşmadan Qafqazda heç nəyə nail olmaq mümkün deyil.

ERDOGAN YENİ.jpg (75 KB)

Brüssel sammiti ərəfəsində narahatlıqla, -"aprelin 5-dən sonra görəsən nə olacaq", - deyə soruşan həmkarıma çox sakit şəkildə cavab vermişdim: - "Heç nə, aprelin 6-sı olacaq!"

Bəli, bizə bu təmkini, bu güvəni verən dövlətimizin güclü olmasıdır, Prezidentimizin beynəlxalq nüfuzu və möhkəm siyasi iradəsidir, yanımlzda qardaş Türkiyənin olması, Türk ailəsinin getdikcə yaxınlaşması və yüksəlişidir.

Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq işləri aparır, ən müasir görkəmli və təyinatlı kəndlər, qəsəbələr, şəhərlər inşa edirik.

QAYİDİS.jpg (187 KB)

Bu gün Kəlbəcər də, Ağdaban da yenidən qurulur, yollar çəkilir, körpülər salınır, yaşıl artım ölkəsinin tələblərinə uyğun infrastruktur yaradılır. Yaxın vaxtlarda Ağdaban camaatı ata-baba yurdlarına qayıdacaqlar, Dədə Şəmşirin ev muzeyini də, məzarını da bərpa edəcəklər, Miskin Abdal ocağı yenə də ziyarətgaha çevriləcək.

...Hər il aprelin 2-dən sonra 3-ü, 8-dən sonra 9-u gələcək.

...Amma gərək biz heç zaman nə aprelin 2-ni, nə də 8-ni unutmayaq.

...Ən azı düşmənlər aprelin 24-nü unudana qədər!

Musa Urud, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR