Onlayn ictimai-siyasi qəzet
Noyabrın 4-də Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan partiya sıralarından xaric edilib, həmçinin parlament fraksiyasından çıxarılıb. Amma eyni zamanda, indi müstəqil deputat kimi deputat mandatını qoruyub saxlayıb.
Musavat.com xəbər verir ki, Ağazaryanın “Mülki Müqavilə” partiyasından çıxarılması ilə bağlı rəsmi qərar “deputatın qeyri-etik davranışı və qanunsuz bizneslə məşğul olması” ilə əsaslandırılıb.
Ağazaryanın problemləri bu ilin oktyabrında Ermənistanın İstintaq Komitəsinin o vaxtkı rəhbəri Argişti Karamyanla mübahisəsindən sonra başlayıb. Bir neçə yüksək vəzifəli məmur kimi Karamyan da işdən çıxarılıb, münaqişədə iştirak edən Narek Zeynalyan deputat səlahiyyətlərindən istefa verib, lakin Ağazaryan baş nazirin açıq çağırışına baxmayaraq, bundan imtina edib. Nəticədə Ağazaryan partiyadan xaric edilib.
“Mülki müqavilə”nin parlament fraksiyasının rəhbəri Hayk Konjorian bildirib ki, Ağazaryan fraksiya iclaslarından və digər müzakirələrdən, o cümlədən dövlət təhlükəsizliyi məsələləri ilə bağlı dərc olunmayan məlumatları mətbuata sızdırıb. Konjorian hansı məlumatdan söhbət getdiyini dəqiqləşdirməsə də, sonradan parlamentin spikeri Alen Simonyan jurnalistlərə deyib ki, “Mülki müqavilə” partiyasının qapalı iclasında Ağazaryan baş nazirlə Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqların təfərrüatlarını mətbuata “sızdırıb”.
Alen Simonyanın sözlərinə görə, vacib məlumatları mətbuata sızdırdığı üçün o, həmkarını öz əli ilə boğmaq istəyib: “Düzünü desəm, mən son vaxtlara qədər Ağazaryanı qorumaq üçün hər cür cəhd göstərmişəm. Amma “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonra şəxsən mən onu boğmaq istədim... Cənab Ağazaryan əməlindən peşman deyildi, üstəlik, aqressiv idi”.
Bu arada Ovik Ağazaryanın özü də jurnalistlərlə söhbətində məxfi məlumatların sızması faktını təkzib edib. Deputat xatırladıb ki, fraksiya iclaslarında ondan başqa 60-70 nəfər iştirak edir, onlardan hər hansı biri də bu məlumatları yaya bilərdi.
Ağazaryan etiraf edib ki, o, bəzən jurnalistlərə ictimaiyyətə açıqlanmayan məlumatları çatdırıb.
"Lakin bu, heç də o demək deyil ki, mən məqsədyönlü və müntəzəm olaraq məxfi məlumatları sızdırmışam", deyə deputat bildirib.
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ