Onlayn ictimai-siyasi qəzet
Erməni müstəqil deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş tərəfdaşı Ovik Ağazaryan təqsirləndirilən şəxs qismində cəlb olunduğu cinayət işini özünə qarşı siyasi təqib kimi qiymətləndirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışında danışıb.
Ağazaryan indiki iqtidarın ona qarşı təzyiqlərini ədalətsizlik hesab edib. Erməni deputatın sözlərinə görə, o, bir sıra məsələlərdə sərt mövqeyi və barışmazlığı səbəbindən Paşinyanın gözündən düşüb. Buraya ermənilərin Qarabağa yenidən qayıtması məsələsi də daxildir. Ağazaryanın sözlərinə görə, onun müxalifəti və müstəqil mövqeyi o vaxt onun bilavasitə rəhbəri olan Ermənistanın indiki baş naziri Nikol Paşinyanın mövqeyinə uyğun gəlməyib.
“Yəqin ki, çoxları xatırlayacaq ki, bir vaxtlar Ayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyinin əleyhinə çıxış edən demək olar ki, yeganə şəxs mən olmuşam”, - deyə erməni deputat qeyd edib.
Keçmiş müttəfiq həmçinin baş naziri üçüncü müddətə namizədliyini irəli sürməməyə çağırıb. Onun fikrincə, bu, qaçılmaz olaraq Ermənistanda avtoritar rejimin formalaşmasına gətirib çıxaracaq. Deputatın sözlərinə görə, onun gedişindən sonra hakim partiyada daxili tənqidlər mahiyyətcə sıfıra enib. Eyni zamanda Paşinyan özü də partiyadaşları ilə məsləhətləşmələri dayandırıb və heç kimin fikrini nəzərə almadan birtərəfli qaydada ölkə üçün mühüm qərarlar qəbul etməyə başlayıb.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ