Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilov və “MedEra” Hospitalının işçisi Nəzakət Paşayeva ilə barışıq sazişi imzalayıb. Barışıq sazişi notarial qaydada təsdiqlənməklə tərəflərə təqdim olunub.
Ağadadaş Ağayev Musavat.com-a deyib ki, Nurəddin Cəlilovun Musavat.TV efirindən ona təklif etdiyi barışığı dəyərləndirib və barışmaq qərarı verib.
“Barışıq sazişi varkən insident zamanı ayağına balta dəymiş Nəzakət Paşayevadan üzr istəyəcəksinizmi” sualına Xalq artisti Ağadadaş Ağayev belə bir fikri olmadığını deyib: “Onun ayağına baltanın dəyməsini sübut edən video yoxdur. Olmayan şeyə görə ondan niyə üzr istəyim?”
Barışıq sazişi Ağadadaş Ağayevin cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən öncə bağlanıb.
Musavat.com xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə Ağadadaş Ağayev və iş üzrə zərərçəkənlər Nurəddin Cəlilovla Nəzakət Paşayevanın vəkilləri barışıq ərizələrini məhkəməyə təqdim ediblər.
Qanuna görə, tərəflər arasında barışıq olsa da, məhkəmə prosesi davam etdirilməlidir. Buna görə də proses mühafizəçi Nurəddin Cəlilovun dindirilməsi ilə davam etdirilib.
Nurəddin Cəlilov insidentin Ağadadaş Ağayevlə aralarında yaranmış anlaşmazlıq üzündən meydana gəldiyini deyib. Bildirib ki, həmin gün Ağadadaş Ağayevin başı sarıqlı olub və onu yanınan çağıranda xalq artistini tanımadığından ona tərəf getməyib. Bundan sonra Ağadadaş Ağayev onun ünvanına nalayiq söyüşlər söyüb. Sonradan söyüş söyənin Ağadadaş Ağayev olduğunu bilsə də, artıq gec olub. Ağadadaş Ağayev 2 dəfə onu balta ilə “MedEra” Hospitalına qədər qovub. Həmin vaxt Ağadadaş Ağayevin əlində balta olub. Sonuncu hücumu zamanı Ağadadaş Ağayev baltanı ona atıb. Bundan sonra ona əsəbiləşdiyindən Ağadadaş Ağayevə hücum edərək güləş hərəkəti ilə onu yerə yıxıb.
Nurəddin Cəlilov Ağadadaş Ağayevə qarşı hər hansı bir tələbinin olmadığını da bildirib.
Nurəddin Cəlilov dövlət ittihamçısı Babək Zakirzadənin, Ağadadaş Ağayevin vəkili Asim Abbasovun və hakimin suallarını cavablandırıb.
İclasda Nəzakət Paşayeva da ifadə verib. Deyib ki, insident baş verən gün işdə olub:
“Səs-küy gəldi. Baxdım ki, biri əlində balta gəlir. Fikir vermədim və işimin arxasınca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta gəldi. Mən baxanda şlaqbaumu keçmişdi. Mühafizəçi qapının qabağına çıxdı. Mənim əlimdə “şvabra” var idi. Bir tərəfi təmizlədikdən sonra digər tərəfə keçdim. Ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Sonra mühafizəçi gəldi, burnu qanamışdı. Baltanı atanın tanınmış şəxs Ağadadaş Ağayev olduğunu görənlər onun yanına yığışdılar. Ağadadaş Ağayev baltayla birinci dəfə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm”.
Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov ona hücum edib:
“Mən baltanı alıb kənara qoydum ki, ikisindən biri onu götürər. Sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı. Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü, deyirdi ki, hamınızı yığmışam içəri. Qorxunuzdan girmisiz içəri. Çox nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu yaşadım”.
Digər şahid - hospitalın həkimi Ceyhun Hüseynov isə bildirib ki, səhər saat 7 radələrində xəstəxanaya işə gəlib və az sonra səs-küy eşidib:
“Haradasa 5 dəqiqə sonra səs-küy eşitdik. Biz ora yaxınlaşanda Ağadadaş Ağayev baltanı atdı. Onu gördüm”.
Həkim Ceyhun Hüseynov Ağadadaş Ağayevin insidentdən əvvəl xəstəxanaya gəldiyini, orada əsəbi şəkildə, yüksək səslə danışdığını da deyib:
“Axşam radələri idi. Ağadadaş müəllim xəstəxanaya yaxınlaşdı. Sol qulağından travma almışdı. Xəstəxanaya gələndə əsəbi idi. Mənə dedi ki, məni tanıyırsan? Tanımadığımı dedim. Yüksək səslə yenə də sual etdi, dedi ki, sən məni tanımırsan? Onun dediklərinə qarşılıq vermədim. Ağrıkəsici verdik, qulağını tikdik, sonra yola saldıq getdi. Çox tərpənirdi deyə içkili olana oxşatdım. Bu, mənim şəxsi mülahizəmdir”.
Digər şahid hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarlı olub.
O, sərbəst ifadəsində bildirib ki, hospitalda işdə olanda qışqırıq səsi eşidib:
“Mən arxa qapıdan binaya daxil olduğumdan binanın önündə nə baş verdiyindən xəbərsiz idim. İşçilər dedilər ki, çöldə dava-dalaş var. Ürək xəstələri qorxudan qışqırırdılar, onları sakitləşdirib geri göndərirdim. Ağadadaş Ağayev həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm. Nurəddin başını əyməsəydi, balta başına dəyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağadadaşa zərər verdiyini görməmişəm. Nurəddin onun qarşısına söyüşlərə görə çıxdı”.
Bundan sonra tərəflər şahidə suallar verin. Proses yanvarın 16-na qədər təxirə salınıb.
Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub.
Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.
Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər.
Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.
Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib.
Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.
Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.
Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:
“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ