Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər Rusiya mediasında eyni vaxtda bir neçə saytda Vaşinqtonun Qarabağ ermənilərinə rəsmi Bakı ilə üçüncü bir ölkədə görüşüb anlaşması üçün təzyiq etməsi barədə xəbərləri oxuyanda dərhal o fikirə gəlmək olardı ki, Qarabağ və onun ətrafında nəsə olacaq.
Rusiya saytları hətta Vaşinqtonun görüş təşəbbüsünü “ultimatum” adlandırmışdılar və belə qələmə vermişdilər ki, guya Vaşinqton Qarabağ ermənilərini görüşə razı olmayacaqları təqdirdə Bakının antiterror əməliyyatı keçirəcəyi ilə hədələyib.
Bu, o demək idi ki, onlar ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi işində təşəbbüsü ələ almasından narazıdılar və fürsətdən istifadə edib Vaşinqtonu “ermənilərin düşməni”, özünü isə “ermənilərin dostu” roluna qoyur.
Əslində isə elə deyil. Hazırda Rusiya dünyada yeganə ölkədir ki, Qarabağ münaqişəsinin bitməsini səmimi qəlbdən istəmir və artıq bunu gizlətmir.
İşlərin gedişatı göstərdi ki, ATƏT-in süquta uğramış Minsk qrupunun digər həmsədrləri olan ABŞ da, Fransa da konfliktin sona çatmasını istəyirlər.
Fransa istəyir ki, münaqişə birmənalı şəkildə Ermənistanın xeyrinə bitsin, Qarabağ Azərbaycandan qoparılıb Ermənistana verilsin.
ABŞ istəyir ki, Azərbaycan ərazi bütövlüyü pozulmasın, dövlətin Xankəndi üzərində yurisdiksiyası bərpa olunsun, eyni zamanda ermənilər Qarabağın dağlıq hissəsindən deportasiya olunmasınlar, bölgədə kompakt halda yaşamaqda davam etsinlər.
Son 30 ildə ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair mövqeyində bu qədər haçalanma və ziddiyyət olmayıb. Bu, ilk dəfədir. İndiyəcən onlar çəkici bir zindana vururdular, müharibədə zəif düşmüş tərəfə - Azərbaycana gah təzyiq, gah da eyham edirdilər ki, güzəştə getsin, bəlkə bu halda itirdiyi 20 faiz ərazinin bir yarısını geri qaytara bilər. Onların “güzəşt” deyə nəzərdə tutduqları şey Dağlıq Qarabağa iddiadan vaz keçmək, “DQR”-i müstəqil dövlər kimi tanımaq idi.
Ancaq 44 günlük müharibə həmsədrlərin mövqeyində bu sayaq ciddi dəyişikliklər və ziddiyyətlər əmələ gətirdi. Fransa Ermənistanı özünün Marsel vilayəti yerinə qoyaraq, həyasız bir tövrdə onun müdafiəsinə qalxdı, Rusiya Paşinyanın və Qərbyönlü ermənilərin acığına neytrallığını qorudu, iki Qafqaz ölkəsini təkbətək buraxdı, ABŞ isə haqlı və güclü olan tərəfin haqqı və gücü ilə hesablaşmağı, eyni zamanda zəifi əzdirməməyi üstün tutdu.
Bu isə Rusiyaya sərf edən variant deyil. Kreml Qafqazda, Qarabağda kimin hansı zaman kəsiyində üstün hərbi mövqedə olmasına, kimin kimə ağır zərbə vurmasına məhəl qoymur, ona lazım olan odur ki, tərəflər heç bir razılığa gəlməsin, münaqişə bitməsin, hər iki tərəf ondan asılı olsun və o, bu regionda öz mövcudluğunu qorusun.
Bu, o qədər bariz, hətta aksiomatik bir həqiqətdir ki, heç bir mübahisə predmeti olası deyil. Kartlar çoxdan açılıb. Bu məsələdə diplomatik cümləpərdazlıqlar artıq işə yaramır. Heç bir tərəf mövqeyini gizlətmir.
O da bəllidir ki, erməni elitası, siyasilər və ziyalılar baş nazir Paşinyanın sülhə doğru atdığı hər bir addımını, açıqlamasını satqınlıq kimi qələmə verir, hay-küy kampaniyası başlayırlar. Yaxşı, bəs necə olsun? Azərbaycan öz ərazilərini təzədən qaytarıb ermənilərə versin ki, sülh danışıqları 0 nöqtəsindən başlasın? Ümumiyyətlə, cığal erməniləri Qarabağ və onun ətrafındakı hansı vəziyyət qane edəcək ki, sülh danışıqlarına başlamağa hazır olsunlar?
Belə görünür ki, onlar ya həmişəki kimi pis mənada maksimalistlik edirlər, ya da heç cür sülh istəmirlər və bu mövqeləri ilə Kremlin əlinə oynayırlar.
Əslində rəsmi Moskva ermənilərlə və Azərbaycan tərəfi ilə səmimi olsaydı, onların 35 illik münaqişədən sonra sülhə gəlməsini alqışlayardı və onun üçün sülh danışıqlarının hansı ölkədə aparılmasının, yekun sazişin hansı paytaxtda imzalanmasının fərqi olmazdı.
Ancaq bəlli olan odur ki, bu xüsusda hər şeyin Kreml üçün fərqi var. Ona heç bir sülh sazişi lazım deyil və o, buna imkan vermək fikrindən uzaqdır. Odur ki, barmağı şeytanın quyruğunun altındadır.
Laçında, Zəngilanda, Xankəndi ətrafında yaranan hərbi eskalasiyaya məhz bu prizmadan baxmaq lazımdır. Cəfər Cabbarlının “1905-ci ildə” pyesində deyilən “atan kazaklardır” replikası hələ də aktualdır. Bu dəfə atan kazaklar, yəni onların varisləri olan “sülhməramlılar” olmasa da, atdıran, atanlara “atın” deyən onlardır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ