İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən alınan “qara xəbər” Kremldə əndişə yaratdı: Tramp Putinin “sülh şərtləri”ni niyə reallaşdırmadı

Ağ Ev sahibi Donald Trampın prezident Volodimir Zelenskiyə göstərdiyi xəritə əslində, Ukrayna böhranında yeni mərhələnin başlanğıcına və sülhün hələ çox uzaq olduğuna işarədir... Ukrayna savaşının bu mərhələsi qarşılıqlı kompromislərdən daha çox, qarşıduran tərəflərin “qırmızı cizgiləri” üzərindən edilən təhlükəli manevrlər dövrünə çevrilməyə başlayıb...

Alyaska görüşündən sonra Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinin “sülh narrativləri”nin reallaşdırılması istiqamətində müəyyən cəhdlər göstərməyə çalışdı. Belə ki, prezident Donald Tramp Ağ Evdə Ukrayna və Avropa liderləri ilə də görüşdü. Ukrayna savaşının nəyin bahasına olursa-olsun, dayandırılmasının vacibliyini arqumentləşdirməyə cəhd göstərdi. Və ən əsasısa, Ağ Ev sahibi prezident Volodimir Zelenskidən Rusiyanın “sülh narrativləri”nə pozitiv reaksiya gözlədiyini qətiyyən gozlətmirdi.

Onu da qeyd edək ki, prezident Donald Tramp bu dəfə də Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq göstərməyə üstünlük verdi. Sadəcə, bu dəfə təzyiqin metodları dəyişdirildi. Belə ki, Ağ Evdəki görüşdə prezident Donald Tramp Ukrayna xəritəsini də nümayiş etdirib. Həmin xəritə üzərindən Rusiyanın hazırda nəzarətində saxladığı ərazilərin faiz göstəricilərini prezident Volodimir Zelenskiyə təqdim edib. Və bu xəritə sadəcə, statistik sənəd yox, siyasi-diplomatik prosesin istiqamətini müəyyən edən siyasi mesaj kimi dəyərləndirilir.

00c971cae2ae19c2c9e1393404475221.jpg (56 KB)

Məsələ ondadır ki, xəritədə Ukraynanın şərq və cənub bölgələrinin böyük hissəsi çəhrayı rənglə işarələnib. Rusiya Luqanskın 99 faizinə, Donbasın 76 faizinə, Zaparojyenin və Xersonun 73 faizinə nəzarət edir. Xarkovun 4 faizi, Dnepropetrovsk, Nikolayev və Sumının isə cəmi 1 faizi işğal altındadır. Bu təqdimat bir tərəfdən, rəsmi Kiyevə mövcud hərbi reallığı göstərməklə, təzyiq xarakteri daşıyır. Ancaq digər tərəfdən isə həm də Rusiyanın  legitimləşdirmək istədiyi “yeni sərhədləri” rədd edərək, beynəlxalq hüquqa əsaslanan 1992–2013-cü illərin sərhədlərini önə çəkir.

Maraqlıdır ki, Ukrayna nümayəndə heyəti də görüşdə prezident Donald Trampa xüsusi sənəd təqdim edib. Həmin sənəddə rəsmi Kiyevin ərazi güzəştləri şərtini qəbul etmədiyi birmənalı şəkildə vurğulanır, atəşkəs yalnız sülh sazişinə aparan ilk addım hesab olunur, amma cəbhənin dondurulması da istisna edilmir. Digər tərəfdən, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivləri vasitəsilə Ukraynaya vurulmuş ziyanın ödənməsi tələb olunur.

Əsas məqamlardan biri də ondan ibarətdir ki, rəsmi Kiyev Rusiyaya qarşı sanksiyaların yalnız Kremlin bütün öhdəlikləri yerinə yetirməsi müqabilində qaldırılmalı olduğu xüsusi olaraq, vurğulanır. ABŞ və Ukrayna arasında 100 milyard dollarlıq silah alışı və 50 milyard dollarlıq PUA istehsalı üzrə müqavilələrin imzalanması təklif olunur. Və bu yanaşma rəsmi Kiyevin Ukrayna ərazilərinin güzəşti üzərində qurulan “sülh planları”nı qəbul etmədiyini açıq-aşkar təsdiqləyir.

8475b776ccfbe4a4f185c7947e8d7fe2.jpeg (300 KB)

Təbii ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın “sülh narrativləri”nin reallaşdırılmasına nail olmaq üçün NATO üzvü olan Avropa dövlətlərinin də Ukrayna savaşının Kremlin şərtləri çərçivəsində dayandırılmasına loyal mövqeyini təmin etməliydi. Ağ Evdəki oval kabinetdə keçirilən görüşdə Ukrayna lideri Volodimir Zelenski ilə yanaşı, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Keir Starmer, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rütte də iştirak ediblər. Ağ Ev sahibi Donald Tramp vasitəçi rolunu ön plana çıxararaq, qeyd edib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri əsasən Avropa ölkələrinin üzərinə düşəcək, ABŞ isə prosesi yalnız koordinasiya edəcək.

İlkin məlumatlara görə, Avropa Birliyi təmsilçiləri Ukraynaya ən etibarlı təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildiriblər. Ancaq onlar ABŞ-ın Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin maliyyə yükünü Avropa Birliyi ilə bölüşməsini də əsas şərtlərdən biri kimi ön plana çıxarıblar. Və bu prosesdə gündəmə gətirilən NATO-nun bibaşa iştirakı ilə bağlı məqamlar isə müzakirələri ABŞ-Rusiya-Ukrayna üçbucağından çıxararaq, kollektiv təhlükəsizlik çərçivəsinə bağlamağa başlayıb.

Maraqlıdır ki, Ağ Evdəki müzakirələrin fasiləsində prezident Donald Tramp və Kreml sahibi Vladimir Putin arasında telefon danışığı baş tutub. Kreml təmsilçisi Yuriy Uşakovun sonradan verdiyi məlumata görə, hər iki lider Ukrayna ilə birbaşa danışıqları dəstəkləyiblər. Bu, Rusiyanın da bu prosesi davam etdirmək niyyətini göstərsə Kreml üçün əsas strateji hədəf hələlik reallıqdan uzaq qalmaqdadır. Belə ki, rəsmi Kiyev Ukrayna ərazilərinin güzəştə gedilməsinə razılaşmır. Və Ukraynanı dəstəkləyən Avropa dövlətləri isə Rusiyaya qarşı sanksiyaların yalnız Kremlin konkret öhdəlikləri yerinə yetirməsinin müqabilində yüngülləşdiriləcəyini qabardır.

c9d8c256cc833d1134323b9341a0a439.jpg (93 KB)

Belə anlaşılır ki, Ağ Ev sahibi Donald Trampın prezident Volodimir Zelenskiyə göstərdiyi xəritə əslində, Ukrayna böhranında yeni mərhələnin başlanğıcına işarədir. İndi müzakirə masasında yalnız “sərt sülh” modeli mövcuddur. Bu, Ukraynanın ərazi güzəşti etməyəcəyi, ancaq beynəlxalq təminatlar, maliyyə dəstəyi və kompensasiya mexanizmləri ilə müşayiət olunan bir modeldir. Və bu, o deməkdir ki, rəsmi Kiyev Ukrayna üçün hərbi və maliyyə zəmanətlərini gücləndirmək niyyətindədir.

Digər tərəfdən, Ağ Ev ABŞ-ın vasitəçilik rolunu daha ön plana çəkir, Avropa dövlətlərini Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının maliyyə yükünü daşımağa məcbur etməyə çalışır. NATO üzvü olan Avropa dövlətləri isə Ukraynaya ən etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini vacib hesab edir. Ancaq Kreml işğal etdiyi Ukrayna ərazilərini Rusiya sərhədləri içərisində “legitimləşdirməyə” çalışır. Halbuki, yaranmış situasiyada bütün maraqlı tərəflərə aydın bir reallıq da mövcuddur ki, nə qədər cəhd göstərilsə də, sülh hələ qətiyyən yaxın deyil. Və nəticə etibarilə, Ukrayna savaşının bu mərhələsi qarşılıqlı kompromisdən daha çox, qarşıduran tərəflərin “qırmızı cizgiləri” üzərində gedən çətin danışıqlar dövrünə çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR