İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev "qara səhifə"nin müəllifini niyə Bakıya göndərdi: Azərbaycan ABŞ-ın "erməni vektoru"nu çevirməyi bacardı

Ağ Ev nə qədər ermənipərəst mövqeyə yaxın olsa da, əslində, şəriksiz regional lider olan Azərbaycan ABŞ-ın strateji hədəfləri üçün Ermənistandan daha əhəmiyyətli dövlətdir... Hətta indiki situasiyada Azərbaycan ABŞ-ın Cənubi Qafqaz maraqlarında vazkeçilməz geopolitik iradə mərkəzi kimi görünür və bu səbəbdən də Ağ Ev rəsmi Bakı ilə korlanmış münasibətləri ən qısa zamanda bərpa etmək üçün tələsir...

Azərbaycan-ABŞ münasibətlərində maraqlı proseslər cərəyan edir. Ağ Ev Azərbaycanı sınaqdan keçirmək kimi bir manevrlə ABŞ-ın Cənubi Qafqaz siyasətinin uğur qazanma ehtimalını dəqiqləşdirməyə çalışır. Çünki ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın maraqlarına zidd olan kifayət qədər ciddi məqamlar müşahidə olunur. Və rəsmi Bakının tutacağı mövqenin, eləcə də verəcəyi reaksiyanın keyfiyyəti Ağ Evin geopolitik hədəflərinin də taleyini müəyyən edə bilər.

Onu qeyd etmək lazımdır ki, hazırda Bayden adminstrasiyası əsasən ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinin doğurduğu siyasi şərtlərin təsiri altına düşməyə başlayıb. Belə ki, bu ilin ilk yarısında Ağ Ev Cənubi Qafqazdakı sülh prosesinə münasibətdə daha konstruktiv və korrekt mövqe tutmağa üstünlük verirdi. Hətta Vaşinqton platforması Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün müəyyən uyğun situasiya da yaratmışdı.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Ancaq iyun ayından başlayaraq, ABŞ-ın Cənubi Qafqaz siyasətində vektorial dəyişikliklər baş verməyə başladı. Yəni, Ağ Ev sülh prosesində neytral vasitəçi statusundan tədricən imtina etməyə üstünlük verdi. Nəticədə ABŞ qısa müddətdən sonra bu regionda yeni keyfiyyətdə - Ermənistanın ən qatı himayədarı statusunda peyda oldu. Hətta Azərbaycana qarşı qərəzli hüquqi addımlar da atıldı. Buna misal olaraq, 907-ci düzəlişin bloklanmasını və Azərbaycana əslində, formal xarakter daşıyan hərbi dəstəyin dayandırılmasını göstərmək olar.

Belə məlum oldu ki, Ağ Ev Cənubi Qafqaz üzrə tərəfdaşını artıq prinsipial olaraq, seçib. Bu seçimdə isə Ermənistanın üzərində dayanıb. Böyük ehtimalla Bayden adminstrasiyasının öz Cənubi Qafqaz siyasətini vektorial məzmunla yükləməsi daha çox ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində erməni diasporunun dəstəyini qazanmaq istəyi ilə izah etmək olar. Əks halda, Ağ Ev ABŞ-ın dövlət maraqlarını belə təhlükəli risk altına atmazdı. Və Cənubi Qafqazda ABŞ-ın maraqlarını açıq təzyiqlərlə Azərbaycanı bir kənarda buraxıb, qeyri-effektiv Ermənistan vektoru üzərindən təmin edə biləcəyinə ümid bəsləməzdi.

Maraqlıdır ki, çox qısa müddət ərzində Ağ Evdə gözləmədikləri geopolitik situasiya ilə üzləşməli oldular. Rəsmi Bakı Bayden adminstrasiyasının Azərbaycan əleyhinə mövqeyinə sərt reaksiya verdi, açıq şəkildə müqavimət göstərdi. Üstəlik, Azərbaycan adekvat əks manevrlə ABŞ-ın hakim dairələrinə anlatdı ki, Ermənistan vektorlu regional hədəflərlə Cənubi Qafqazın nəinki "qapı"sından keçə, hətta "pəncərə"sindən belə, baxa bilməz. Və rəsmi Bakı ABŞ-ın qarşısından geri çəkilməmək üçün yetərli geopolitik resurslara sahibdir.

632186a35a3be.png (796 KB)

Təbii ki, Ağ Ev geopolitik hesablamalarda buraxılan kritik səhvin ünvanını təyin etməkdə çətinlik çəkmədi. Ona görə də, Azərbaycanla münasibətlərin qopma nöqtəsinə gətirilməsindən cəmisi bir neçə gün sonra ABŞ dövlət katibi Entoni Blinken buraxılan səhvin dərhal aradan qaldırılmasına cəhd etdi. Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurdu, öz köməkçisi Ceyms Obrayeni Bakıya səfərə göndərmək üçün icazə istədi. Və Prezident İlham Əliyev də dövlət katibi Entoni Blinkendən Azərbaycan rəsmilərinin ABŞ-a səfərlərinə qoyulmuş qadağanın ləğvinə razılıq aldıqdan sonra icazə verdi.

Təbii ki, ABŞ-da dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya göndərilməsinin Ağ Evin Azərbaycana qarşı qısa müddət öncəki mövqeyindən geri çəkilməsi kimi dəyərləndirənlər olmamış deyil. Hər halda, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məhz həmin Ceyms Obrayenin "Azərbaycanla münasibətlərdə daha heç bir şey əvvəlki kimi olmayacaq" deməsinin xatırladılması üzərindən verilən sualı cavablandırmaq məcburiyyətində qalıb. Və bu, ABŞ diplomatiyasının buraxdığı kobud səhvin qabardılması anlamı daşıyır.

Metyu Miller isə nədənsə, bu kobud səhvi açıq şəkildə etiraf etməkdən yayınmağa çalışıb: "Biz Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi heç vaxt deməmişik. Əgər, biz Azərbaycanla diplomatik əlaqələri kəssək, bu, həm ABŞ-ın maraqlarına, həm də regionda sülh prosesinə və təhlükəsizliyə zidd addım olardı".

fdc52c86d90390737395d6884c1746a1.jpg (99 KB)

Göründüyü kimi, Ağ Evdən verilən yeni mesajlar artıq tamamilə fərqli məzmun daşıyır. Üstəlik, ABŞ Azərbaycana qarşı buraxılan kobud diplomatik səhvə haqq qazandırmağa da xüsusi həvəs göstərmir. Əksinə, Ağ Ev sadəcə, rəsmi Bakı ilə məlum böhranın ümumiyyətlə, yaşanmadığı kimi davranmağa üstünlük verir. Azərbaycanın adekvat reaksiyası qarşısında geri çəkilmək məcburiyyətində qalması ilə barışmış kimi görünür. Və bu, Ağ Evin xarici siyasət kursunda çox nadir hallarda təsadüf edilə biləcək bir reallıqdır.

Artıq qətiyyən şübhə doğurmur ki, ABŞ Azərbaycanla artıq qırılma nöqtəsinə gətirilmiş münasibətlərini bərpa etməyə can atır. Üstəlik, Ağ Ev bunu mümkün qədər tez bir zamanda, yəni, maksimum sürətlə etməyə cəhd göstərir. ABŞ-ın mövqeyindəki bu sürətli dəyişiklik əslində, Azərbaycana münasibətdə yanlış siyasi kurs tutulduğunun dolayısı etirafıdır. İndiki situasiyada ABŞ-ın öz superdövlət nüfuzunu belə, riskə atmaqdan çəkinməməsi olduqca vacib proseslərin start götürmək üzrə olduğundan da xəbər verir. Hər halda, Ağ Evin Azərbaycana ehtiyacı olduğunu, üstəlik, zaman faktorunun da ABŞ-ın əleyhinə işləməyə başladığını təxmin etmək qətiyyən çətin deyil.

Ona görə də, Ağ Evin məhz Azərbaycanla münasibətlərin korlanmasında xüsusi rol oynamış diplomatı - yəni, "qara səhifə"nin müəllifi Ceyms Obrayeni Bakıya göndərməsi də xüsusi jest təsiri bağışlayır. Hər halda, bir neçə həftə əvvəl Azərbaycanı təhdid edən Ceyms Obrayen bu dəfə Bakıda Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsinin ölkəsi üçün vacibliyindən danışmalı və bunu hətta sübut etməli oldu. Bu baxımdan, hesab etmək olar ki, Ağ Ev nə qədər ermənipərəst mövqeyə yaxın olsa da, əslində, Azərbaycan ABŞ-ın strateji hədəfləri üçün Ermənistandan daha əhəmiyyətlidir. Hətta indiki situasiyada Azərbaycan ABŞ-ın Cənubi Qafqaz maraqlarında vazkeçilməz geopolitik iradə mərkəzi kimi görünür. Hər halda, rəsmi Bakının çox qısa zaman intervalında ABŞ-ın "erməni vektoru"nu əyməyə nail olması Azərbaycan diplomatiyasının uğurudur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR