İnsanlara hürriyət, millətlərə istiqlal!

ADNA terrorundan 15 il ötür - açıq qalan suallar

Avropa Məhkəməsi bu terrora görə ömürlük həbsdə olan şəxsin şikayətini baxışdan çıxarıb

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris binasına silahlı hücum oldu. Bu gün həmin terror aktının törədilməsindən 15 il ötür. Qanlı terakt nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirildi, 13 nəfər isə yaralandı. 

ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs olunub. Onlardan 3-ü barədə ömürlük, biri haqda isə 12 illik həbs cəzası çıxarılıb. Məhkəmədə isə üzə çıxıb ki, ittiham olunan şəxslərdən heç biri terror aktı baş verən zaman Neft Akademiyasının binasında olmayıblar. İş üzrə proses aparılarkən təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov dəhşətli işgəncələrə məruz qaldıqlarını, Fərda Qədirovla hər hansı bir cinayət törətmədiklərini bildiriblər. Sübut yetərsizliyinə baxmayaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Musavat.com terror aktının 15 illiyi ərəfəsində Nadir Əliyevin vəkili olmuş Hüseynxan Mustafayevlə əlaqə saxlayıb. Vəkil müvəkkilinin barəsindəki hökmlə razı olmadığını, Azərbaycan məhkəmələrində günahsızlığını sübut etmək üçün çabalarından sonra Avropa Məhkəməsinə üz tutduğunu bildirib. Vəkil bildirib ki, şikayət qəbul olunsa da sonradan heç bir izahat verilmədən baxışdan çıxarılıb. 

Üstündən 15 il keçməsinə baxmayaraq, geniş ictimaiyyət hələ də bu qanlı terror aktı ilə bağlı bir sıra cavabsız suallar qarşısındadır. Bu hadisə niyə baş verdi? Qətliamın motivi nə idi? Terrorçu elan edilən Fərda Qədirov bir psixopat-manyak idi, yoxsa xüsusi təlim görmüş terrorçu? Hadisənin arxasında hansısa dövlətin kəşfiyyat strukturu durmuşdu? Terrorçu tək olmuşdu, yoxsa “qara işi” görəndən sonra onu da zərərsizləşdirən biri və ya bir neçəsi olub? 

Suallar çoxdur. Bunların bəzilərinin yarımçıq və rəsmi qəbul edilmiş cavabları var, amma illər keçdikcə bu cavablar daha da inandırıcı görünmür. Fərda Qədirov Gürcüstanda doğulub-böyüyüb, Rusiyada yaşayıb və Azərbaycanda terror həyata keçirib. Bunu niyə etməli idi? Axı Azərbaycanda onun xətrinə dəyən, həyatını qaraldan, karyerasına mane olan, haqsızlıqlara məruz qoyan heç kim yox idi. Əgər adam ətrafındakı insanların əlindən zülm-zillət çəkibsə, onlara qarşı nifrət ovqatına köklənibsə belə, bu halda yenə doğulub-böyüdüyü və ya faktiki olaraq yaşadığı ölkənin insanlarına nifrət etməli, qisasını onlardan almalı idi. Fərda Qədirov zombiləşmiş psixopat idisə və hökmən azərbaycanlı gəncləri öldürməyə proqramlaşdırılmışdısa, bunu “Sınıq körpü” sərhəd-keçid məntəqəsini keçəndən bir az sonra, elə Qazax şəhərinin bazarında da edə bilərdi. 

Maraqlıdır ki, müdhiş olay 2009-cu ildə Azərbaycan büdcəsinə yüz milyonlarla dollar həcmində neft gəlirləri daxil olan günlərdə törədilib. Neft Akademiyasının hədəf olaraq seçilməsi də bu baxımdan təsadüfi görünmür. Həmin günlərdə neft bumuna görə Azərbaycanın adı dünyada dillər əzbəri idi. Azərbaycan manatı dünyanın 3 ən bahalı valyutasından birinə çevrilmişdi. Bir sıra qonşu və uzaq dövlətlərdə bu tərəqqinin qısqanclıq doğurduğu gün kimi aydın idi. Hər halda, həmin ölkələrin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı. Ona görə də Azərbaycanın məhz ən həssas yerindən - uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tiflisdə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu  müəyyən edib. Belə ki, o, əvvəlcədən videomüraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. Fərda Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı videomüraciət yerli televiziyalarda nümayiş etdirilib. Gürcüstanda yaşayan, orada çörək bişirib satmaqla məşğul olan Mardun Qumaşyan isə iddia etmişdi ki, onun ADNA terroru ilə hər hansı bir əlaqəsi yoxdur. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR