Onlayn ictimai-siyasi qəzet
“Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq”.
Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.
“Hazırda imzalanacaq yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda XİN rəhbərlərinin görüşündə biz bu mətni razılaşdıracağıq”, - deyə o vurğulayıb və əlavə edib ki, artıq Azərbaycan ABŞ-ın bu görüşün yanvarda keçirilməsi ilə bağlı dəvətinə razılıq verib.
Rəsmi Bakı ABŞ-ın yanvar ayında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifi ilə bağlı erməni mediasında yayılan məlumatlara reaksiya verib. XİN sözçüsü Ayxan Hacızadə növbəti görüşün yeri və tarixi barədə hələlik razılıq olmadığını bildirib. Bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-da nazirlər səviyyəsində görüşdə iştiraka hazır olduqlarını bildirib.
Bundan əvvəl Şimali Makedoniya və Brüsseldə keçirilən toplantılar çərçivəsində də XİN rəhbərləri görüşməmişdilər. Bu məqamda Marukyanın özbaşına açıqlaması diqqət çəkir. ABŞ görüşünün olub-olmayacağı sual altındadır. Amma Vaşinqton proseslərdə aktiv rol oynamaqda israrlı görünür. Bu arada, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolunu alqışladığını bəyan edib.
“Biz Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayırıq”.
APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakı səfərinə münasibət bildirərək deyib. ABŞ rəsmisi Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına çağırış etməsini yüksək qiymətləndirib: “Bu mövzu bütün görüşlərdə və ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında baş tutan bütün dialoqlar zamanı müzakirə olunur. Odur ki, konkret məlumat verməyəcəyəm, lakin bu məsələ müntəzəm olaraq müzakirə edilir”.
“Biz nazirin münaqişənin həllinin mümkün olması ilə bağlı dedikləriylə razıyıq və bu məqsədə çatmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik”, - deyə ABŞ rəsmisi Türkiyə XİN başçısının “Azərbaycan və Ermənistan arasında sülh Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək” fikrinə münasibət bildirib.
Bakı ilə Vaşinqton arasındakı münasibətlərdəki kritik vəziyyət geridə qalıb ki, bu da müəyyən ümidlər yaradır. ABŞ-ın təzədən “oyuna” girməsi sülhə nə vəd edir, işin xeyrinədir, yoxsa ziyanına? Bakı ilə Vaşinqton arasında yaşanan məlum hadisələrdən sonra Amerikanı qərəzsiz vasitəçi saymaq olarmı? Birləşmiş Ştatlar həqiqətənmi iki qonşu arasında ədalətli sülh sənədinin imzalanmasında maraqlıdır? Ondansa ən yaxşısı ikitərəfli (birbaşa) danışıqlar deyilmi? Nəhayət, ABŞ-ın seçki ilinə girməsi onun vasitəçi səylərinə necə təsir edəcək?
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan ikitərəfli danışıqların tərəfdarıdır və danışıqların məhz bu yöndə getməsi üçün lazım olan bir çox mühüm addımlar atıb, onlardan da sonuncusu 2023-cü ilin sentyabrında olub:
“ABŞ-ın qərəzli vasitəçi olub-olmamasıyla bağlı sual ritorikdir. Çox təəssüf ki, özünü vasitəçi kimi təqdim edən, yaxud da çıxış edən tərəflərdən heç biri qərəzsiz deyil. Onlar hamısı indiyədək regionda sülhdənsə qarşıdurmanın qalmasında və onun idarə edilməsində maraqlı olduqlarını göstəriblər. Davranışlarından görünür ki, bundan sonra da vəziyyətin belə qalmasını istərdilər. Sadəcə Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin etməsindən sonra qarşıdurmanın idarə olunması onlara əvvəlki qədər əl vermir. Üstəlik, bu idarə etmək cəhdi indiki halda geosiyasi alət kimi faydalandıqlarının tamamilə siyasi coğrafiyadan silinməsinə aparıb çıxara bilər, bu təhlükəni onlar da görür və hətta açıq şəkildə dilə gətirirlər. Ona görə də Birləşmiş Ştatlar məncə, doğrudan da Azərbaycanla Ermənistan arasında sülh imzalanmasını istəyir. Ancaq istəyir ki, bu, tam, hərtərəfli sülh anlaşması deyil, gələcəkdə də qarşıdurmanın baş qaldırması üçün yer saxlayan çərçivə sənəd olsun. Sənədin seçki öncəsi imzalanması Bayden administrasiyasına da müəyyən dividendlər vəd edir. O səbəbdən də ABŞ rəsmiləri arada hətta konkret vaxt göstərməklə həmin o çərçivə sənədinin imzalanması tələbində də bulundular və cavablarını aldılar. Qeyd etdiyim kimi, vasitəçi rolunda çıxış edənlərin heç biri qərəzsiz, əsas da təmənnasız olmadıqlarından Azərbaycana əl verir ki, onlardan kimsə inhisarçıya, yaxud da dominanta çevrilməsin”.
S.Alıyev bu səbəbdən yaxın perspektivdə Rusiyada belə bir görüşün reallaşacağını istisna etmir:
“Xatırladım ki, Sank-Peterburqda MBD dövlət başçılarının sammiti gözlənilir. O sammit zamanı orada üçtərəfli görüşün keçirilməsi mümkündür və Rusiyanın artıq bu haqda öz planını açıqlaması ondan xəbər verir ki, son zamanlar Moskvanın xətti ilə danışıqlardan qaçan, yaxud da qarşılıqlı razılıq əsasında belə bir oyun oynayan Ermənistan rəhbərliyi də buna razıdır. Əks halda bunun özləri üçün çox böyük imic itkisi olacağını nəzərə alıb Kremldəkilər öncədən belə bir görüşün təşkilinə hazırlaşdıqlarını deməzdilər”.
Deputat Türkiyənin XİN rəhbəri Hakan Fidanın Bakıya son səfərinə diqqət çəkib:
“Xatırladım ki, Hakan Fidan Bakıya Vaşinqtondan dönüşündən dərhal sonra gəldi. Bu o deməkdir ki, onun orada apardığı danışıqlarda üzərində dayanılan məsələlərdən biri də məhz bizim regionda sülhün əldə edilməsi olub. Orası da diqqətdən qaçırılmamalıdır ki, ABŞ Dövlət Departamentinin təmsilçisi məhz həmin səfərdən sonra Türkiyənin regionda sülh üçün çalışdığını bildirdi. Yəni heç kimə, ilk növbədə də Vaşinqtondakılara sirr olmayan reallıq axır ki, dilə gətirildi. Bəli, Türkiyə xarici işlər nazirinin Bakıya səfərində danışıqların çox uzun çəkməsindən də göründüyü kimi, məhz regionda sülh və kommunikasiyaların açılması məsələləri üzərində çox detallı məsləhətləşmələr olub. Danışıqlardan sonra cənab Fidanın açıqlamasında regionda sülh baxımından ümidverici iki mühüm məqam mənim diqqətimi çəkdi. Birincisi, bu, Türkiyə və Azərbaycanın yenə də sinxron hərəkət edəcəkləri ilə bağlı deyilənlər idi. Məncə, regionda hər iki qardaş dövlətin maraqlarına cavab verən dayanıqlı sülhün əldə edilməsi baxımından bu sinxronluq qədər önəmli heç nə yoxdur. İkincisi, onun sülhə əngəl törədən məsələlərin ancaq texniki xarakter daşıdığı ilə bağlı söylədiyi fikirlər idi. Texniki xarakter daşıyan məsələlər deyəndə Hakan Fidan qarşı tərəfin qoşunları şərti sərhəddən geri çəkmək və “beynəlxalq qarantiya mexanizmi” haqda istəklərinimi nəzərdə tutur, açığı, bilmirəm. Əgər bunlar nəzərdə tutulursa, onda onlar o zaman texniki xarakter daşıya bilər ki, birincisi, qoşunlar geri çəkiləcək yerlərdə delimitasiya tam razılaşdırılsın, ikincisi, “beynəlxalq qarantiya mexanizmində” Türkiyə də yer alsın. Məncə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin də danışıqlara cəlb edilməsi haqda açıqlaması elə-belə deyildi və burada ilk növbədə məhz dediyim məsələ nəzərdə tutulur. Yeri gəlmişkən, Ermənistan tərəfdən verilən bəzi informasiyalardan belə bəlli olur ki, qarşı tərəf sülh anlaşmasında Qarabağda yaşamış haylarla bağlı ayrıca bəndin olması təklifindən artıq vaz keçib ki, bu da reallığın dərk edilməsi deməkdir”.
Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikri təsdiqləyib ki, ABŞ təşəbbüsü ələ almağa çalışır:
“Amma bu, mümkün olmayacaq. Çünki Rusiya geri çəkilmək fikrində deyil, Azərbaycan da balanslaşdırılmış siyasətini davam etdirir. Optimal yol da bundan ibarətdir. Rusiyanın razılaşmadığı variant alınmayacaq, ya da uzunömürlü olmayacaq. Əslində, proses Bakının nəzarəti altındadır. Ona görə də vəziyyəti “iki addım geri, bir addım irəli” yox, əksinə, “iki addım irəli, bir addım geri” ifadəsi ilə şərtləndirərdim”.
A.Nağı bildirib ki, Azərbaycan Kremlin onun mövqeyi ilə hesablaşmasına nail olub, addımlarına oradan etiraz yox dərəcəsindədir:
“Rusiya Azərbaycanın mövqeyini qəbul edir, hərəkətləri ilə razılaşır, ermənilərə isə elə dünən də mesaj göndərdi ki, günah özünüzdədir, Azərbaycanın tələblərini yerinə yetirmirsiniz. Amerika isə Azərbaycanı sərt ritorika ilə “ram etməyə” cəhd etdi, eyni cavabı aldıqdan sonra geri çəkilməli oldu. Azərbaycan iki addım irəli atdı, nəticəyə nail oldu, yəni vasitəçi istəyində olanlar onun mövqeyi ilə hesablaşdılar. İndi bir addım geri çəkilərək, yeni iki addıma hazırlaşır. Bu isə prosesi vasitəçisiz danışıqlara aparır. Amma ermənilər buna razılaşmırlar ki, imzalanacaq sənədə hansısa xarici qüvvə qarant olmalıdır. Böyük ehtimalla, müəyyən müddətdən sonra razılaşmalı olacaqlar. Onlar digər amillərlə yanaşı, hazır vəziyyətdə saxlanılan “Dəmir yumruğ”u da nəzərə almalı olacaqlar”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ