Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun Yəməni bombalaması, son günlərdə Livan-Suriya sərhədində baş verənlər Yaxın Şərqdə İrana qarşı start götürən ümumi əməliyyatın bir parçasıdır.
Musavat.com xəbər verir ki, Yaxın Şərq üzrə təhlilçi Kənan Rövşənoğlu bu fikirdədir.
Onun sözlərinə görə, bu əməliyyatın başladılacağı əvvəldən məlum idi:
“Daha əvvəl də məlum idi ki, bu əməliyyatı başladacaqlar. Suriyada Bəşər Əsədin devrilməsi Yaxın Şərqdə İranın "müqavimət cəbhəsi" oxuna zərbə idi. Suriyadan sonra hədəf Livan idi. Məhəmməd bin Salman xəbər göndərdi ki, Livana maliyyə yardımı ancaq Hizbullah silahsızlaşdırılsa ediləcək. Ona görə də yeni hökumət bəyannaməsinə ilk dəfə Fələstin müqaviməti ifadəsi salınmadı. Amma hələlik Hizbullahın silahlı gücündən ehtiyat etdikləri üçün Taif razılaşmasından imtina məsələsini qoya bilmirlər. Amma sırada o da var. Son hadisələr, yəni Livan-Suriya sərhədində baş verən toqquşmalar Səudiyyə Ərəbistanının Livan planını pozur. Çünki ABŞ-in dəstəyi ilə Livan və Suriyanı Səudiyyə Ərəbistanı götürməli idi. Suriyanın yeni hakimiyyəti isə Türkiyə-Qətər ittifaqı ilə Səudiyyə-BƏƏ birliyi arasında manevr etməyə çalışır”.
K.Rövşənoğlu bildirir ki, sırada qalan iki ölkə var:
“Yəmən və İraq. İraqda proses çoxdan başlayıb, amma burada Nəcəf üləması və əhalinin çoxluğunun şiə olması problem yaradır. Bu səbəbdən də rəsmi Bağdad Vaşinqtonun Həşd-Şabi tələbini rədd etdi. Yəmən isə nisbətən uzaqdır, ona görə də indi Yəmənə ağırlıq qoyulur. Amma Yəmən mövzusu daha mürəkkəbdir. Çünki Yəmənə quru əməliyyatı üçün Vaşinqton hazır deyil, risklər var. Səudiyyə Ərəbistanı koalisiyası isə 8 il quru əməliyyatında uğur qazana bilmədi.
İkincisi, Yəməndə təkcə İran maraqları yoxdur, həm də Çin və Rusiya maraqları da var. Xüsusən də Çin amili burada diqqətə alınmalıdır. Çünki husilər faktiki olaraq dünya ticarət yüklərinin böyük hissəsinin keçdiyi Bab əl-Məndəbə nəzarət edirlər. Yeri gəlmişkən, Çin xaricdə ilk dəniz bazasını 2015-ci ildə Yəmən sahilləri ilə üzbəüz Cibutidə qurub.
Güman ki, Tramp hesab edir ki, proksiləri sıradan çıxardıqdan sonra Tehranı masaya daha rahat dəvət edə biləcək. Çünki bilindiyi kimi, Vaşinqtonun İranla bağlı əsas şərti nüvə silahı ilə yanaşı Yaxın Şərqdəki "proksilər", ya da başqa sözlə, "Müqavimət oxu" idi.
Amma husilər sərt "qabıqdırlar". Vaşinqton orda xeyli "yorulacaq", ərəblər isə "tərləyəcək", çünki biznesmen Trampın cibindən Yəmənə bir bomba atacağına inanmıram. Güman edirəm ki, çiddi hadisə olmasa, İranın nüvə mövzusu yenidən danışıqlar masasına qayıdacaq. Suriyada isə hələ bir müddət qarışıqlıq davam edəcək”.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ