İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ yardımı”na kömək lazımdır - Pul paylayan qurumun təməlindəki korrupsiya

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ehtiyacı olan ölkələrə humanitar yardım göstərmək, eləcə də bu bəhanə ilə Vaşinqtonun bütün dünyada geosiyasi problemlərini həll etmək üçün yaradılan qurumun fəaliyyəti prezident Donald Tramp administrasiyası tərəfindən təftişə məruz qalıb.

Ağ Evin yeni rəhbəri 90 gün ərzində bütün xarici layihələri dondurduğu üçün artıq USAID-in veb-saytı işləmir. Agentliyin Vaşinqtondakı mənzil-qərargahında Tramp tərəfindən yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) müfəttişləri daxili sənədləri nəzərdən keçiriblər və çox sayda pozuntular aşkar ediblər.

us-1.jpg (162 KB)

USAID-in yüksək rütbəli məmurları bunun qarşısını almağa çalışsa da, uğursuzluğa düçar olublar və buna görə də dərhal “inzibati məzuniyyətə” göndəriliblər. Mindən çox digər agentlik işçisi və podratçısı bir həftədən artıqdır ki, oxşar vəziyyətdədir və rəsmi e-poçt hesablarına daxil ola bilmir. Görünür, abbreviaturası ingilis dilindən hərfi mənada “ABŞ yardımı” kimi tərcümə olunan USAID-in özünün köməyə ehtiyacı var.

Donald Tramp hakimiyyətə gələndən bəri keçmiş prezident Co Bayden tərəfindən təsdiqlənən 2025-ci il üçün illik büdcəsi 42 milyard ABŞ dolları olan bu qurumun bütün qeyri-şəffaf fəaliyyəti yeni administrasiya tərəfindən başladılan federal hökumət islahatının bir hissəsi kimi xüsusi diqqət obyektinə çevrilib.

Korrupsiya, şəxsi maraqlar, LGBT 

us-4.jpg (97 KB)

 

“Kapitoli təpəsi”nin USAID daxilindəki korrupsiya faktlarından xəbəri var. Təxminən 35 000 insanın yaşadığı 5 kv.km ərazidə yardım adı altında ayrılan vəsaitlərin çox hissəsinin “cibə” getdiyini hamı bilir. Məsələn, ABŞ-nin Əfqanıstanın yenidənqurulması üzrə baş müfəttişi Con Sopko mütəmadi olaraq buna işarə edib. Onun Amerika qanunvericilərinə verdiyi hesabatlarda Əfqanıstanın bərpası üçün ayrılmış Amerika vergi ödəyicilərinin vəsaitlərinin geri qaytarılması və mənimsənilməsi halları öz əksini tapıb.
Əfqanıstanın Bədəxşan və Xost əyalətlərində qadınların statusunun yaxşılaşdırılması üçün həyata keçirilən layihədə bürokratlar tərəfindən mənimsənilən vəsaitlərin payı 90-95 faizə çatıb. Bu cür sövdələşmələr üçün istifadə edilən sxem dünya qədər köhnədir: USAID öz podratçıları və subpodratçıları vasitəsilə bu və ya digər humanitar layihə üçün vəsaitləri onun maya dəyərini qəsdən şişirtmiş tərəfdaşlarına köçürüb. Vəsiat ABŞ büdcəsindən ödənildikdən sonra “Delta” vasitəsilə Vaşinqtona qayıdıb.

Digər tərəfdən, demokratların bəh-bəhlə təbliğ etdiyi “LGBT siyasəti”ndə də yaxşı pul varmış. Məsələn: Serbiyada iş yerində və biznes icmasında müxtəlifliyi və inklüzivliyi təşviq etmək, Kolumbiyada transseksual operanın, Peruda transgender komiks kitabının və Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığının yaradılması üçün milyonlarla vəsait ayrılıb.

Gizli əməliyyatlar

us-2.jpg (215 KB)

USAID-in kəşfiyyatla əlaqələrinin olması dəfələrlə ifşa olunub. Təşkilatın çətiri altında çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları son onilliklər ərzində Latın Amerikasında baş verən bütün çevrilişlərdə və ya çevriliş cəhdlərində müxalifət liderləri üçün müvafiq təlimlər, onların maliyyələşdirilməsi, siyasi, ideoloji və texniki dəstəyi təmin etməklə iştirak ediblər.

Eyni zamanda, agentlik kritik vəziyyətdə müxalifətə silahlı dəstək üçün nəzərdə tutulmuş agentləri cəlb edən təhlükəsizlik qüvvələrinin “modernləşdirilməsi və reabilitasiyası” istiqamətində iş aparıb.
Təxribat əməliyyatları Keçid Təşəbbüsləri Ofisi vasitəsilə maliyyələşdirilib. 2009-cu ildə Konqresin hesabatında qeyd olunub ki, ofisin işi çox vaxt diplomatik problemlər yaradan siyasi nəticələrə gətirib çıxarıb.

2013-cü ildə Boliviya ölkənin daxili işlərinə qarışmasını əsas gətirərək agentliklə əməkdaşlığı dayandırıb. 2014-cü ildə USAID-in Kubadakı fəaliyyəti ətrafında qalmaqal yaranıb. Bu şöbənin əməkdaşları ölkədəki hakimiyyətin nüfuzunu sarsıtmaq üçün rep ifaçılarını işə cəlb etməklə məşğul olublar və həmçinin müxalifətin təbliğatını aparmaq üçün Venesuela və Perudan olan tələbələri Kuba universitetlərinə göndəriblər.

us-3.jpg (213 KB)

Suriyada fəaliyyət göstərən “Ağ dəbilqəlilər” təşkilatı isə “humanitar fəaliyyətlə” məşğul olub. Məlum olub ki, bu təşkilat 2000-ci ilədək USAID başda olmaqla ABŞ-nin müxtəlif fondlarından 150 milyon dollar həcmində maliyyə alıb. Təşkilatın üzvləri Suriyada üsyançılara təlim keçib, təxribat törətməyin texnologiyalarını öyrədib.

Odur ki, son illər ərzində USAID Belarus, Rusiya, Türkmənistan, Zimbabve, Venesuella, Boliviya, Konqo və digər ölkələrdən çıxarılıb.
MDB
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, USAID ölkədəki seçkilərə qeyri-hökumət təşkilatları vasitəsilə 41,7 milyon dollar xərcləyib və hər dəfə bu QHT-lər vasitəsilə sabitliyin pozulmasında birbaşa iştirak edib.

us-5.jpg (254 KB)

USAID-in bağlanmasından sonra Ukraynanın yüzdən çox mədəniyyət və media təşkilatı öz resurslarını itirib. “Pais” nəşrinin yazdığına görə, iki korrupsiya təhqiqat orqanı - Slidstvo və Bihus xüsusilə ağır zərbə alıb, çünki bu layihələrdə Amerikanın maliyyələşdirmə payı 80%-dən çox olub. Onların Ukrayna hakimiyyətinin fəaliyyətinə böyük təsir göstərdiyi iddia edilir.

USAID uzun müddət Ukraynanın fəal sponsoru olub, təkcə 2022-2024-cü illərdə humanitar yardım, inkişaf yardımı və birbaşa büdcə dəstəyinə 38 milyard dollar xərcləyib. Bu da öz növbəsində korrupsiya üçün münbit şərait yaranıb. Çünki müharibə gedən məkanda audit aparmaq çətindir.

Təşkilatın 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Məlum olub ki, Vaşinqton öz istəyini Azərbaycana qəbul etdirmək istəyib və ölkəmizin heç bir legitim maraqlarını nəzərə almaq istəməyib. Buna görə də Bakı təşkilatla bağlı sazişin bir daha uzadılmaması barədə qərar qəbul edib.

us-6.jpg (407 KB)

USAID Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardımlar göstərib. Agentlik 2013-cü ildə dövlətlə birbaşa əməkdaşlığa keçib. Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən layihələr üçün vəsait alıb. Odur ki, təşkilatın bağlanması İrəvanı xalsız qoyacaq.

Bütün hallarda baş verən son hadisələr onu göstərir ki, respublikaçıların ciddi qəbul etdiyi USAID-in taleyi həqiqətən də ipdən asılıdır. İllərdir agentlik tərəfindən maliyyələşdirilən və nəzarət altında olan QHT-lər şəbəkəsi keçmiş səxavəti gözləməməlidir. USAID-in bu və ya digər formada sağ qalması məsələsi Potomak sahillərində gedən siyasi mübarizədə həll olunacaq. Mübarizə “qlobal Amerika humanitar yardımı” üçün deyil, onun üçün ayrılmış çox milyardlıq resurslara nəzarət üçün gedir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR