Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Xarici İşlər Nazirliyi Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə səfiri izahat üçün çağırıb.
Musavat.com xəbər verir ki, buna səbəb Zaxarovanın Roma şəhərində Konti qülləsinin çökməsindən sonra səsləndirdiyi qalmaqallı bəyanat olub.
Mariya Zaxarova öz Telegram kanalında İtaliyanın Ukraynaya milyardlarla avro yardım etdiyini xatırladaraq yazıb:
“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız yerə xərcləməyə davam etdikcə İtaliya tamamilə dağılacaq - iqtisadiyyatından tutmuş qüllələrinə qədər”.
Bu açıqlama İtaliya hökumətində sərt reaksiyaya səbəb olub. Xarici işlər naziri Antonio Tayani Zaxarovanın sözlərini “kobud” və “mədəni ölkəyə yaraşmayan” adlandırıb.
“Belə faciə zamanı dağıntılar altında qalan və xəsarət alan insanlardan siyasi məqsədlərlə istifadə etmək olmaz. Biz Rusiyada bənzər hadisələr baş verəndə həmişə həmrəylik göstərmişik”, - deyə italyan nazir bildirib.
Hadisə 3 noyabrda Romada baş verib. Təmir işləri gedən Konti qülləsi qismən çöküb. Hadisə zamanı orada 4 fəhlə olub. Onlardan biri dağıntılar altında qalıb və xilasetmə əməliyyatı bir neçə saat davam edib. Həmin işçi daha sonra xəstəxanada vəfat edib.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ