İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ermənistan arasında imzalanan strateji sənədin içində nələr var və kimə qarşıdır

Musavat.com xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı ABŞ və Ermənistan arasında imzalanan strateji sənədin mahiyyəti və kimlərə qarşı yönəlməsi ilə bağlı şərh yazıb.

A. Nərimanlı iddia edir ki, ABŞ və strateji sənəd birbaşa Azərbaycana qarşı yönəlməyib, daha çox Vaşinqtonun Tehran və Moskva ilə mübarizə planlarından doğub. Lakin Azərbaycan üçün problemli məsələ Ermənistanı platforma seçən Bayden Administrasiyasının regional siyasətini erməni maraqları kontekstində tətbiq etməsi və İrəvanın Bakı ilə danışıqlarda Vaşinqtonun dəstəyini əldə etməsidir.

Asif Nərimanlı yazır: "Bunu strateji sənədin mətnində aydın görmək olar. Preambula və V bölmədən ibarət olan sənədin “Əməkdaşlıq prinsipləri” adlı 1 bölməsində bu, öz əksini tapır.

Sənəddə qeyd olunur:

- “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir.

- “Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.

Bu iki məsələ Bakı-irəvan danışıqlarında əsas ziddiyyətli və prinsipial məqamdır.

1. Sərhədin delimitasiyasının Alma-Ata Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və bu, Ermənistana sovetləşmə başlayandan 80-ci illərə qədər ermənilərə verilən Azərbaycan əraziləri üzərində legitimlik qazandırır, həmçinin, İrəvanın sərhəddə “güzgü prinsipi” təklifini – ordumuzun çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsi – aktuallaşdırır;

2. Kommunikasiyanın “suerenlik prinsipi” əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır və bu, həm də “dəhliz” məntiqinə qarşı irəli sürülən alternativləri – Kalininqrad dəmir yolu xətti və s. - də arxa plana keçirə bilər;

Bayden Administrasiyası hər iki məsələdə Ermənistanın mövqeyindən çıxış edirdi. Strateji sənədin imzalanması ilə bu siyasət rəsmiləşdi və Trampın “miras” olaraq verildi.

Əsas narahatlıq yaradan məqamlardan biri də sənəddə əksini tapan “ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır” qeydidir. Bu, “erməni qaçqınlar” mövzusunun davam etdirilməsi Azərbaycana qarşı ittihamları və Qarabağ məsələsini də aktual olaraq saxlayır.

Bu baxımdan, Ermənistanla strateji sənəd Vaşinqtonun İran və Rusiyaya qarşı qlobal mübarizəsinin regional komponentini təşkil etsə də, Azərbaycanın da maraqlarına uyğun deyil".

asif.jpg (298 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR