Onlayn ictimai-siyasi qəzet
"Rusiya – Ukrayna müharibəsi davam etdikcə böyük dövlətlər arasında nüvə qarşıdurması təhlükəsi söhbətləri azalmayacaq. Bu müharibəni kənardan izləyən nüvə dövlətləri mövcud nüvə arsenallarını yeniləmək və gücləndirmək haqqında düşünürlər".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, belə dövlətlərdən biri də Çindir:
"Çin dövlət televiziyası ilk dəfə DF-5 raketləri barədə reportaj yayımlayıb. 13 min kilometr məsafə qət edə bilən bu ballistik raket nüvə başlıqları ilə təhciz olunub. Maraqlıdır ki, Çin keçmiş illərdə nüvə gücü barədə məlumat yaymazdı. Bu mövzu qapalı idi. Pekin nüvə arsenalına görə özünə əlavə diqqətin göstərilməsini istəmirdi. Pekin müdafiə məqsədilə minimum nüvə arsenalına malik olması məlumatı ilə kifayətlənirdi. Ancaq hazırda regional müharibələr və böyük dövlətlərin qarşıdurmaları Pekinin də təhlükəsizlik siyasətini korrektəyə məcbur edib. Pekinin yeni təhlükəsizlik strategiyası Tayvanla bağlıdır. Çin lideri Si Cinpin Tayvanı ölkəsinin materik hissəsinə birləşdirəcəyini gizlətmir. Pekin nüvə başlıqlı ballistik raketlərini dünyaya nümayiş etdirməklə ABŞ-a mesaj göndərib ki, Tayvan adasının ələ keçirilməsi zamanı Vaşinqton Çinə mane olmasın, əks halda qarşı tərəfə zərbə endiriləcək. Çin rəsmilərinin son illərdə ritorikasının sərtləşməsi də bununla bağlıdır.
1970-ci illərdə hazırlanan DF-5 ballistik raketləri 1980-ci illərdə Çin ordusunun ixtiyarına verilib. İllər keçdikcə mövcud raket kompleksi modernləşdirilib. Bu raketlər ilk dəfə 2015-ci ildə Pekində keçirilən hərbi paradda nümayiş etdirilib. Çin ötən ilin sentyabr ayında bu raketləri Sakit Okean bölgəsində sınaqdan keçirib".
Elxan Şahinoğlu həmçinin qeyd edib ki, ABŞ Prezident Donald Trampla Çin lideri Si Cinpin arasında telefon danışığının aparılmasına baxmayaraq, iki dövlət bütün müstəvilərdə kəskin rəqabəti davam etdirirlər.
"Donald Tramp Çini gah tərifləyir, gah da hədələyir. Bu iki dövlət arasında şəxsi münasibətlər heç nəyi həll etməyəcək", deyə politoloq vurğulayıb.
Xalidə Gəray
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ