Onlayn ictimai-siyasi qəzet
"ABŞ-la Çin arasındakı gərgin münasibətlərə biri də əlavə olunub, hər iki dövlət bir-birinə qarşı viza tətbiqini sərtləşdirib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, birinci addımı aprelin əvvəlində Vaşinqton atıb:
"ABŞ administrasiyası çinli məmurlara qarşı viza tətbiqi elan edib. Dövlət katibi Marko Rubio açıqlamasında bunu Çinin amerikalı diplomatların və jurnalistlərin Tibet Muxtar Bölgəsinə girişini məhdudlaşdırmasıyla əlaqələndirib.
Pekin Vaşinqtonun bu qərarını cavabsız qoymayıb. Çin Tibetlə bağlı məsələlərdə "pis davranan" bəzi ABŞ əməkdaşlarına viza məhdudiyyəti tətbiqini elan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Tibetlə əlaqəli məsələlərin Çinin daxili işi olduğunu bildirib.
Pekin hesab edib ki, ABŞ-ın Tibetlə bağlı Çin rəsmilərinə viza məhdudiyyətlərinin tətbiqi sui-istifadədir. Yəni Pekin demək istəyib ki, Çin ərazisində ABŞ vətəndaşları Tibetdən başqa istənilən əraziyə gedə bilərlər, Vaşinqton isə Çin vətəndaşlarına ABŞ-ın tamamına girişə məhdudiyyət qoyub.
Pekin digər ölkələrin vətəndaşlarının Tibetə səyahət etmək və ticarət üçün açıq olduğunu bəyan edib. Pekin Tibeti amerikalı diplomat və jurnalistlər üçün ona görə qapadıb ki, onların səhayət və ticarət əvəzinə həmin bölgədə insan hüquq və azadlıqları barədə məlumat toplayacağını və bununla bağlı hesabatlar hazırlayacağını bilib. Pekinin qadağası bununla əlaqəlidir. Beləliklə, iki ölkə arasında ticarət müharibəsiylə yanaşı, Vaşinqton üçün Tibet həssas mövzu olaraq qalır.
Ağ Evlə yanaşı, ABŞ Konqresi də Tibet mövzusunu diqqətdə saxlayır, bu bölgə ilə bağlı müxtəlif sənədlər qəbul edir. Bunlardan sonuncusu Konqres tərəfindən 2018-ci ildə qəbul olunub. Bu sənədə görə, ABŞ vətəndaşlarına Tibetə girişi qadağan edən çinli məmurlara qarşı avtomatik olaraq viza məhdudiyyəti tətbiq edilir. Əslində ABŞ prezidenti Donald Tramp müxtəlif ölklərdə insan hüquqları və demokratiya mövzularına az maraq göstərir. Dövlət Departamentinin müvafiq şöbələri də bağlanmaq üzrədir.
Buna baxmayaraq, keçmiş konqresmen olan dövlət katibi Marko Rubio və Konqresin hazırkı üzvləri Çinlə münasibətlərdə bütün istiqamətləri diqqət mərkəzində saxlamağa çalışırlar. Belə olan halda Pekin Tibeti ABŞ vətəndaşları üçün qapalı saxlayacaq".
Xalidə Gəray
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ