İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü qeyd olundu- FOTOLAR

 

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd etmək və gələcək 30 illik tərəfdaşlığa nəzər salmaq məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlı ali məktəb tələbələri və media nümayəndələri üçün “Açıq qapı” günü təşkil edib.

Musavat.com xəbər verir ki, tədbirdə səfirliyin təşkilatçılığı ilə ABŞ-Azərbaycan əməkdaşlığını və onun gələcək imkanlarını özündə əks etdirən sərgi nümayiş olunub.

“Açıq qapı” günündə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib ki, 30 ildir ABŞ Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. Diplomat deyib: “ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində qurulub. Dövlət katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident Corc Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı açıqlayıb. ABŞ-ın Azərbaycandakı səfirliyi 1992-ci il martın 16-da açılıb”.

Səfir bildirib ki, ABŞ Azərbaycanın dostu kimi sülhə nail olmaq və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanın və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəklədiyini vurğulayan səfir Litzenberqer diqqətə çatdırıb ki, ABŞ Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir və bu, belə də davam edəcək.

Qeyd olunub ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Səfirin sözlərinə görə, ölkəsi Azərbaycanın dostu kimi sülhə nail olmaq və bütün regionun inkişafına kömək etmək üçün iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına kömək göstərməyə hazırdır.

Azərbaycanla ABŞ-ın insan hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlıq etdiklərini diqqətə çatdıran səfir deyib: “Düşünürəm ki, insan alverinə qarşı mübarizədə müsbət irəliləyiş var. Digər sahələr üzrə də birgə əməkdaşlıqda işlər öz axarında gedir”.

Həmçinin tələbə gənclərə müraciət edən səfir onlara diplomat olmağı arzulayıb.

Tədbir iştirakçıları ABŞ hökumətinin mübadilə proqramları və xaricdə təhsil üçün digər imkanlar, habelə səfirliyin Bakıda və Azərbaycanın digər altı şəhərində fəaliyyət göstərən Amerika guşələri şəbəkəsindəki mövcud resurslarla tanış olublar. Ziyarətçilər tələbə vizaları, iş yerləri və səfirlikdə təcrübə imkanları haqqında məlumatlandırılıb və səfirliyin Dəniz Mühafizəsi Dəstəsinin keçirdiyi oyunlarda iştirak ediblər. Onlar səfirliyin ekoloji layihələri haqqında daha çox məlumat əldə etmək üçün “Yaşıllar komandası” ilə görüşüb, diplomatik nümayəndəliyin yeni elektrik avtomobilinə baxıblar.

Tələbələr və mətbuat nümayəndələri, həmçinin USAİD layihəsinin dəstəklədiyi qadın sahibkarlarla tanış olublar. Onlar öz icmalarının ehtiyaclarını USAID tərəfindən maliyyələşdirilən yeni elektron nəzarət platformasına necə təqdim edə biləcəklərini öyrəniblər. Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının üzvləri 2002-ci il sentyabrın 19-dan başlayan Azərbaycanla tərəfdaşlıq əlaqələrini xüsusi qeyd ediblər.

Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR