Onlayn ictimai-siyasi qəzet
Günlər ərzində irəliləyiş əldə olunmasa, ABŞ Ukraynada atəşkəs danışıqlarının qeyri-mümkün olduğu qənaətinə gələcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rubio bildirib ki, ABŞ rəsmiləri irəliləyiş olmasa, dünya üzrə müxtəlif yerlərə ucaraq görüş ardınca görüş keçirməyə davam etməyəcəklər:
“Hər kəsə xatırlatmaq vacibdir ki, Ukraynadakı müharibə dəhşətlidir, lakin bu, bizim müharibəmiz deyil. Onu biz başlamamışıq. Birləşmiş Ştatlar son üç ildə Ukraynaya kömək edir və biz onun bitməsini istəyirik. Prezident hakimiyyətinin 87 gününü ən yüksək səviyyələrdə danışıqlar keçirərək, bu müharibəni sona çatdırmaq üçün davamlı səylər göstərdi. Biz indi elə bir nöqtəyə çatırıq ki, bu müharibəni bitirməyin mümkün olub-olmadığına qərar verməliyik. Bunun üçün tərəflərin hər ikisini prosesə cəlb etmişir”.
Rubio vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün əldə edilməsi məsələsinə “çox vaxt və enerji sərf edir”, lakin dünyada baş verən bir çox başqa mühüm hadisələr də var:
“Biz faydalı olmaq üçün əlimizdən gələni etmək istəyirik. Dünən yaxşı görüş keçirdik. Düşünürəm ki, fransızlar, britaniyalılar, almanlar çox konstruktiv, çox faydalı oldular.
Və ümid edirəm ki, gələn həftənin əvvəlində başqa bir görüş keçirəcəyik. Sonra irəliləyiş əldə etməyə nə qədər yaxın olduğumuza dair daha konkret cavablarımız olacaq. Lakin bu, danşıqlar, cəhdlər əbədi davam etməyəcək”.
Ukraynaya təhlükəsizlik təminatının verilməsi imkanlarını şərh edən Rubio bildirib ki, bu məsələ Ukrayna ilə bağlı hər görüşdə sözsüz ki, qaldırılır, lakin hələlik o, hər hansı konkretlikdən danışa bilməz:
“Hər bir müstəqil ölkənin özünü müdafiə etmək hüququ var. Ukraynanın özünü müdafiə etmək hüququ olacaq... Bunlar müxtəlif ölkələrlə ikitərəfli sazişlər ola bilər”.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ