Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın beynəlxalq mövqelərinin zəifləməkdə olduğu müşahidə edilir. Son vaxtlar Ağ Ev ABŞ-ın hərbi-siyasi gücünü beynəlxalq məkanda bir neçə istiqamət üzrə bölüşdürmək məcburiyyətində qalıb. ABŞ-ın strateji hədəfləri həm Yaxın Şərqdə, həm də Ukrayna savaş poliqonunda olduqca ciddi risk altında qalıb. Hər halda, hər iki hərbi-siyasi cəbhədə Ağ Ev təşəbbüsü əldən vermiş kimi görünür. Və bütün bunlar ABŞ-ın beynəlxalq superdövlət statusunu sarsıtmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, üzləşdiyi qəliz geopolitik situasiya Ağ Evi indiyə qədər üstünlük verdiyi xarici siyasət kursuna yenidən baxmaq və müəyyən düzəlişlər etmək məcburiyyətində buraxır. Xüsusilə də, ABŞ-ın hazırda Türkiyəyə əvvəlki dövrlərdən daha çox ehtiyacı var. Çünki rəsmi Ankara həm regional, həm də beynəlxalq mövqelərini ciddi şəkildə möhkəmləndirib. Və indi Türkiyə hər iki istiqamət üzrə siyasi iradəsini diqtə edən dövlətə çevrilib.
Təbii ki, bütün bunları nəzərə aldıqda, Ağ Evə Türkiyə ilə qarşılıqlı ziddiyyətləri daha da dərinləşdirmək qətiyyən sərfəli deyil. Çünki ABŞ-ın Türkiyəyə təzyiqləri rəsmi Ankaranı Ağ Evin beynəlxalq rəqiblərinə doğru istiqamətləndirir. NATO-nun ikinci ən güclü ordusuna sahib Türkiyənin ABŞ-ın əleyhinə olan beynəlxalq qütbdə yer alma ehtimalı Ağ Evin gələcəyə yönəlik strateji planlarını boşa çıxara bilər. Və bu səbəbdən də, Ağ Evin rəsmi Ankara ilə mövcud problemləri nizamlamağa can atdığı artıq açıq-aşkar müşahidə edilməyə başlayıb.
Məsələ ondadır ki, Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsinin qarşılığını mütləq ödəmək lazım gələcək. Əks halda, rəsmi Ankara növbəti mərhələdə ABŞ-ın öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsini atacağı addımlarda nəzərə ala bilər. Ona görə də, Ağ Evin Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışı ilə bağlı anlaşmanı təsdiqləyərək, ratifikasiya üçün ABŞ Konqresinə göndərməsi qətiyyən gözlənilməz deyil. Və bunu Ağ Evin Türkiyəni ABŞ-ın müttəfiqləri sırasında saxlamaq cəhdi kimi də dəyərləndirmək olar.
Ancaq bütün bunlar ABŞ-ın Türkiyə ilə mövcud ziddiyyətlərini tamamilə aradan qaldırmaq üçün yetərli olmaya da bilər. Çünki Ağ Ev rəsmi Ankaranın dəyərini əvvəlcədən ödədiyi “F-35” döyüş təyyarələrini hələ də Türkiyəyə göndərməyib və hələlik bundan israrla imtina edir. Halbuki, ABŞ bir müddət öncə NATO üzrə müttəfiq olsalar da, əslində, Türkiyənin əsas beynəlxalq rəqibləri sırasında yer alan Yunanıstana “F-35”-lərin satışı barədə qərar verib. Və bu, rəsmi Ankaranın ABŞ-dan narazı qalması üçün ciddi əsaslar yaradır.
Maraqlıdır ki, Türkiyə ilə kəskinləşməkdə olan ziddiyyətlərin həllinə nail olmaq üçün Ağ Ev dövlət katibinin müavini Viktoriya Nulandı Ankaraya göndərib. Bu səfər çərçivəsində “F-35” problem ilə yanaşı, Türkiyəni ABŞ-dan narazı salan digər məsələlər, o cümlədən də, Ağ Evin PKK/PYD terror təşkilatını dəstəkləməsinin yolverilməzliyi də gündəmə gətirilib. Yəni, rəsmi Ankara mövcud situasiyanı düzgün dəyərləndirərək, çevik siyasi manevrlər edir, ABŞ-a təzyiqləri gücləndirir. Və bu, artıq öz real nəticələrini verməyə başlayıb.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland vurğulayıb ki, Ağ Ev Türkiyəni “F-35” döyüş təyyarələrinin ortaq istehsalı ilə bağlı proqrama geri qaytarmağa hazırdır. Ancaq Ağ Ev rəsmisi bu dəfə də ABŞ-ın “bazarlıq” vərdişlərindən vaz keçməyib. Belə ki, o, rəsmi Ankaraya Türkiyənin Rusiyadan satın aldığı “S-400” raket sistemlərini xatırladıb. Viktoriya Nulandın fikrincə, rəsmi Ankara Rusiyadan silah almaqda bir qədər tələsib: “Çünki həmin mərhələdə Türkiyəyə “Patriot” raket sistemlərinin satışı ilə bağlı müzakirələr davam edirdi və rəsmi Ankara fərqli istiqamətdə hərəkət etmək qərarı verdi”.
Ağ Ev rəsmisi bildirib ki, bu məsələ indi yenidən müzakirə edilməyə başlayıb. Onun dediyinə görə, əgər, “S-400” probleminin həlli mümkün olarsa, yalnız bu halda, Türkiyə “F-35” proqramında yenidən iştirak hüququ qazana bilər. Viktoriya Nuland rəsmi Ankaranı əmin etməyə çalışıb ki, Türkiyənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ABŞ-ın da hərbi-siyasi maraqlarına tamamilə cavab verir. Və rəsmi Ankaranın buna inanacağını gözləmək isə sadəlövhlük olardı.
Məsələ ondadır ki, Ağ Ev Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən PKK/PYD terror təşkilatını dəstəkləməkdən imtina barədə hələlik düşünmür. Eyni zamanda, Türkiyənin əsas beynəlxalq rəqiblərindən olan Yunanıstanı davamlı olaraq, silahlandırıb, gücləndirir. Yunanıstana “F-35” döyüş təyyarələrinin göndərilməsi barədə qərar da bunu təsdiqləyir. Üstəlik, Ağ Ev Türkiyəyə “F-16” satışı və “F-35” proqramına qaytarılma ilə bağlı müəyyən şərtlər, xüsusilə də, rəsmi Ankaradan “S-400” raket sistemlərindən imtina tələbi irəli sürülür. Yunanıstana münasibətdəsə, belə şərtlər mövcud deyil. Halbuki, Yunanıstan da Rusiyadan “S-300” raket sistemləri satın alıb və ABŞ buna qətiyyən etiraz etmir. Və Ağ Evin rəsmi Ankara ilə anlaşmaq əvəzinə Yunanıstanı silahlanıdrması əslində, Türkiyənin dolayısı ilə savaş təhlükəsi ilə təhdid olunması anlamı da daşıyır.
Göründüyü kimi, Ağ Ev Türkiyəyə münasibətdə həmişə olduğu kimi, ikilistandarlar üzərindən yanaşır. Halbuki, hazırda Türkiyə ABŞ-a olduqca vacib ölkələr arasında ön sıralarda yer almağa başlayıb. Əgər, belə davam edərsə, Ağ Ev rəsmi Ankaranı ziddiyyətlərin aradan qaldırılmasına inandırmağa nail ola bilməz. Çünki ziddiyyətləri doğuran səbəblər aradan qaldırılmazsa, onların ləğvi də mümkün deyil. Bu səbəbdən də, ABŞ-ın Türkiyəni real müttəqfiq kimi itirmə ehtimalı kifayət qədər yüksəkdir. Və formal nüttəfiqlik isə indiki situasiyda nə ABŞ-a, nə də Türkiyəyə faydalı ola bilməz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ