İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada Türkiyə ilə İsraili baş-başa buraxır  

 

ABŞ Suriyanın şimal-şərqindən yüzlərlə hərbçisini çıxarmağa başlayıb, bu ölkədəki 8 hərbi bazadan 3-ü də qapadılacaq.

Musavat.com-un məlumatına görə, bu barədə “New York Times” qəzeti ABŞ rəsmilərinə istinadən bildirib. ABŞ rəsmiləri Suriyadakı hərbçilərinin sayını 2 mindən təxminən 1400-ə endirəcəyini və 2 aydan sonra komandirlərin daha çox ixtisar imkanlarını qiymətləndirəcəklərini qeyd ediblər. Bildirildiyinə görə, Pentaqonun bu qərarı hərbi komandirlərin Suriyada ən azı 500 əsgərin qalması və bəzi bazaların bağlanması, yaxud digərlərinə birləşdirilməsi tövsiyələrinə əsaslanıb və bu tövsiyələr ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təsdiqlənib. 2 yüksək rütbəli məmur qəzetə bildirib ki, Suriyada əsasən xüsusi təyinatlılardan ibarət  qüvvələr qalacaq və onlar Suriya Demokratik Qüvvələri (SDQ) ilə birlikdə terrorla mübarizə əməliyyatlarında, həmçinin müxtəlif həbs düşərgələrinin qorunmasında iştirak edəcəklər. Sual oluna bilər: ABŞ Müdafiə Nazirliyinin niyə birdən-birə belə qərar verib? ABŞ-ın əsas strateji müttəfiqi olan İsrail buna necə baxacaq? Suriyanın faktiki olaraq Türkiyənin ixtiyarına buraxılması anlamına gələn bu qərar hansı zərurətlərdən qaynaqlanır?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında deyib ki, ABŞ-ın Suriyadan çəkilməsi yeni verilən qərar deyil: “ABŞ prezidenti Donald Tramp ilk hakimiyyəti dövründə, konkret olaraq 2019-cu ilin oktyabr ayında bu məsələni gündəmə gətirmiş, amma İsrail və yəhudi lobbisinin müdaxiləsilə öz planından vaz keçmişdi. Maraqlıdır ki, 2019-cu ildə Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıqdan sonra bu qərarı almış və bu barədə dəfələrlə bəyanatlar vermişdi. Daha sonra bəzi senator və konqresmenlərin basqıları ilə üzləşən ABŞ prezidenti bu barədə danışmaqdan yayınmışdı. ABŞ əsgərlərinin Suriyadan çıxarılması barədə məlumatlar bir də keçən ilin əvvəlində media orqanlarında yayımlanmışdı. İngilis dilində yayımlanan “Al-Monitor” nəşri 2024-cü ilin yanvar ayında bildirmişdi ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası CİA, Dövlət Departamenti, Pentaqonun da iştirakı ilə Suriyadan çəkilmək məsələsini müzakirə etmiş və yol xəritəsi hazırlamışlar. Hazırlanan yol xəritəsində PKK/YPG ünsürlərinin Suriya ordusuna inteqrasiya olunması qərarlaşdırılmışdı. Bu məsələ həmin vaxt Suriya Demokratik Qüvvələri adlı PKK yanlısı təşkilatda ciddi narahatlıq doğurmuşdu. Ötən il Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ABŞ-ın əslində nəyi nəzərdə tutduğu anlaşılmışdı. Məlum olmuşdu ABŞ-ın yeni planında SDQ-nin Suriya ordusuna birləşdirilməsi deyiləndə Bəşər Əsəd rejiminə yox, yeni hakimiyyətə bağlı silahlı qüvvələr nəzərdə tutulur. Həqiqətən də bir müddət əvvəl SDQ lideri Məzlum Abdi ilə HTŞ lideri Əhməd Əşara arasında bağlanan 8 maddəlik sazişdə orduların inteqrasiyası da yer alırdı. Bir sözlə, ABŞ ordusunun Suriyadan çıxarılması ən azı 6 ildir gündəmdədir və bu, heç də Donald Trampın ağlının məhsulu deyil. Əks halda Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən 1 il qabaq bu məsələ ABŞ Təhlükəsizlik Şurasında müzakirə olunmaz və bəzi qərarlar alınmazdı”.

Heydər Oğuzun fikrincə, ABŞ ordusunun Suriyadan çəkilməsinin fundamental əsasları da artıq yaranıb: “Bu zamanadək, Suriyadan ordunun çəkilməsinə qarşı çıxanların əlində bir neçə arqument vardı. Arqumentlərdən biri ABŞ-ın indiyədək müttəfiqi sayılan PKK/YPG ünsürlərinin taleyi idi. Bilirsiniz ki, bir müddət əvvəl MHP Başkanı Dövlət Baxçalı tərəfindən kürd açılımına start verildi və PKK-nın həbsdəki lideri Abdullah Öcalan da bu təşəbbüsü bəyəndi. Öz tərəfdarlarına silahı yerə qoymaq və Türkiyə hökuməti ilə barışmaq çağırışı edən Öcalanın bəyanatına PKK-çılar da müsbət reaksiya verdilər. Ardınca da bu barışıq prosesinə İraq və Suriyadan da müsbət reaksiyalar gəldi.

ABŞ-da Suriyadan çəkilmək təşəbbüsünə qarşı çıxanların söykəndiyi digər arqument İsrailin təhlükəsizliyi məsələsi idi. Suriyanın hazırkı lideri Əhməd Əşara dəfələrlə İsrailə qarşı hər hansı hərbi əməliyyata hazırlaşmadıqlarını bəyan etsə də, bu çıxışlar Tel-əvivdə istənilən effekti yaratmamışdır. Dəfələrlə Suriyadakı hərbi hissələri bombalayan İsrailin bu hərəkətləri, görünən budur ki, Tramp hakimiyyətini də zinhara gətirmişdi. Sonunda İsrail baş naziri Netanyahunu Vaşinqtona çağıran Tramp ona Türkiyə ilə yola getməyi və özünü ağıllı aparmağı məsləhət gördü. Trampın bu xəbərdarlığından sonra Azərbaycan dövriyyəyə girdi və İsraillə Türkiyə rəsmilərini Bakıda görüşdürdü. Görüşdə bir-biri ilə döyüşməzlik qərarı olan hər 2 dövlətin rəsmiləri bu problemi də yoluna qoydular. Digər bir məsələ isə Suriyanın neft və qaz yataqlarının qorunması idi. Dərd burasındadır ki, Suriyanın karbohidrogen yataqları da çox deyil və ABŞ bu qədər mütəvazi təbii sərvəti qorumağa böyük kapitallar xərcləmək istəmir, Suriyada stabilliyin qorunmasını Türkiyə kimi müttəfiqlərinə həvalə etməyə çalışır.  Bir başqa problem Suriyada həbsxanada saxlanılan İŞİD üzvləridir. Bu zamanadək PKK/YPG ünsürləri məhz bu arqumenti bəhanə gətirib ABŞ əsgərlərini Suriyada saxlamağa çalışırdılar. Və bunun üçün də PKK/YPG-yə milyardlarla pul xərcləyirdilər. Ötən il prezident seçkiləri zamanı seçicilər qarşısında çıxış edən Tramp deyirdi: “Biz Yaxın Şərqdə indiyədək 9 trilyon dollar xərclədik. Bizim tərəfimiz də daxil olmaqla milyonlarla insanı öldürdük. Milyonlarla insan və 9 trilyon dollar... Bəs nə qazandıq? - heç nə. Əlimizdə ölümdən qandan başqa, heç nə yoxdur. Və necə deyərlər, xəzinəmizi və qanımızı xərclədik və qanımız xəzinəmizdən daha vacibdir".

Tramp bir başqa çıxışında onu da etiraf edirdi ki, İŞİD, Əl-Qaidə kimi terror təşkilatlarını belə ABŞ-ın özü yaradıb və əslində bu təşkilatlar ABŞ üçün real təhlükə deyil. Üstəlik, Türkiyə kimi güclü müttəfiq həbsxanada saxlanılan bu terrorçuların da öhdəsindən gələ bilər. Bir sözlə, ABŞ əsgərlərinin Suriyada qalması üçün heç bir əsas yoxdur”.

 Heydər Oğuzun fikrincə, bütün bunlar Suriya probleminin zahiri tərəfidir:
“Bir də onun çox da üzərində durulmayan gizli tərəfi də var. Bilirsiniz ki, 2009-cu ildə Qətər qazının Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən keçərək Türkiyəyə, ordan isə Avropaya nəqlini nəzərdə tutan kəmər çəkilməsi planlaşdırılırdı. Amma 2010-cu ildə Qətərin “Əlcəzirə” televiziyası vasitəsilə ərəb dünyasına inqilab ixrac etdiyi anlaşılan kimi, Bəşər Əsəd bu projedən çəkildi. Bəşər Əsədin  bu qərarı İranın da, Rusiyanın da işinə gəldiyindən onlar da Suriya diktatorunu dəstəklədilər. Beləcə, 2011-ci ildən indiyədək Suriya vətəndaş müharibəsinə sürükləndi. Bu vətəndaş müharibəsi İsrailə də, ABŞ və Avropanın qlobalist hakimiyyətlərinə də sərf edirdi. Çünki bir tərəfdən Türkiyə təhdid altında saxlanılır, digər tərəfdən isə Avropanın enerji təchizatı tamamilə fərqli qaynaqlar tərəfindən təmin olunurdu. Əsasən karbohodragenlərin istehsalı ilə məşğul olan qrupların maraqlarından çıxış edən Trampın hakimiyyətə gəlməsi ilə yenidən 2009-cu ildə planlaşdırılan həmin layihəyə qayıtmaq imkanı doğdu. Fikrimcə, məhz bu səbəbdən Trampla Putin sövdələşmə yolunu tutdular. Onların sövdələşməsinə əsasən, Ukraynanın yalnız buraxılması qarşılığında Rusiya Suriyadan çəkiləcək və Ukrayna məsələsi ilə uğraşacaqdı. Suriya isə Qətər qazının Avropaya nəqlini həyata keçirmək istəyən qüvvələrin ixtiyarına buraxılacaqdı. Suriyada baş verən hadisələrin ən mühüm gizlinlərindən biri də bu ola bilər”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR