İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ strateji ehtiyatlar üçün çoxmilyonluq neft müqavilələri bağladı

ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatını artırmaq üçün 2025-ci ilin yanvar-mart ayları arasında çatdırılmaq şərtilə 3,4 milyon barel neft alışına dair müqavilələr imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirliyin yazılı açıqlamasında məlumat yer alıb.

İyulun sonunda ABŞ Energetika Nazirliyi strateji ehtiyatı artırmaq üçün ilin sonuna qədər 4,65 milyon barel neft alacağını açıqlamışdı.
Prezident Co Bayden 2022-ci il martın sonunda ABŞ-da benzinin qiymətini aşağı salmaq üçün Energetika Nazirliyinin 180 gün ərzində strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft satmasına dair fərman imzalayıb. Nazirlik xammal satışından əldə olunan gəlirləri enerji resurslarının alınması və neft ehtiyatlarının artırılması üçün istifadə edir.

Amerika Strateji Neft Ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra Konqresin qərarı ilə fövqəladə hallarda istifadə üçün yaradılıb. Hazırda Texas və Luizianadakı dörd ehtiyat anbarında təxminən 377 milyon barel neft var. Ümumi icazə verilən anbar tutumu 714 milyon barel səviyyəsində müəyyən edilib. Amerika neft ehtiyatı dünyada hökumətə məxsus ən böyük neft ehtiyatıdır.

Qeyd edək ki, son həftələr neft qiymətləri ciddi eniş dövrünü yaşayır. ABŞ-ın ehtiyatları artırmaq qərarı bazarda nikbinlik yarada bilən amillərdən hesab olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR