Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları artırır.
Musavat.com xəbər verir ki, məlumatı CBS News öz mənbələrinə istinadən yayıb.
Bildirilir ki, Ağ Ev administrasiyası Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdıraraq, neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər qoyur.
İlk addım olaraq ABŞ Maliyyə Nazirliyi, Bayden administrasiyası tərəfindən sanksiya tətbiq edilən Rusiya bankları ilə müəyyən əməliyyatların davam etdirilməsinə icazə verən lisenziyanın müddətini uzatmaqdan imtina edib. Müddət martın 12-də bitirdi. Artıq banklar enerji ilə bağlı iri əməliyyatlar aparmaq üçün ABŞ-nin ödəniş sistemlərinə daxil ola bilməyəcəklər. Bunlar Vneşekonombank, Bank Maliyyə Korporasiyası Otkritie, Sovcombank, Sberbank, VTB Bank, Alfa-Bank, Rosbank, Bank Zenit, Bank Sankt-Peterburq və Rusiya Mərkəzi Bankıdır.
Materialda qeyd olunur ki, ABŞ-nin bank sisteminə çıxışı daha da məhdudlaşdırmaq qərarı digər ölkələrin Rusiya neftini almasını çətinləşdirir. Faktiki olaraq, heç bir Avropa ölkəsi Rusiya neftini ala bilməyəcək, digər alıcılar isə birbaşa sanksiya hədəfi olmaq riskini nəzərə almalı olacaqlar. Məqalə müəlliflərinə görə, bu, dünya bazarına neft təklifini məhdudlaşdırır: “Bu, neftin qiymətinin bir barel üçün 5 dollardan çox artmasına səbəb ola bilər ki, bu da son həftələrdə qiymətlərin düşməsindən sonra əhəmiyyətli sıçrayışdır".
Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ