İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qarabağdakı qanunsuz dəstələrin çıxarılmasını niyə tələb etmir?

Politoloq: “ABŞ Ermənistana təzyiq etməyəcəksə, onun irəli sürdüyü təklif havada qalacaq”

Azərbaycan Prezidenti İlham Əliyev martın 22-də ABŞ dövlət katibi Blinkenlə telefon söhbətində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirdi. Prezident ilk dəfə idi ki, erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayırdı. Ölkə rəhbəri bununla konkret şəkildə ABŞ rəsmisinə nəyi anlatmaq istəyib?

Yada salaq ki, ABŞ tərəfinin telefon danışığı ilə bağlı yaydığı açıqlamada Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa danışıqlarda maraqlı olduğu bir daha vurğulanır. Yəni vasitəçisiz-filansız. Ancaq erməni separatçılarının durmadan silahlandırllması, ərazimizdə minlərlə qanunsuz silahlının olması fonunda bu, necə mümkün ola bilər? Məgər ABŞ Qarabağda qanunsuz erməni hərbi birləşmələrin varlığından bixəbərdir?

Əlbəttə, yox. O zaman nədən bir dəfə də olsun, onların çıxarılmasına çağırış etməyib? Erməni lobbisindən çəkinir, yoxsa “qərbyönlü” Paşinyan iqtidarını küsdürmək istəmir?

Fransanın mövqeyi bəlli. Rusiyanın separatçılara dəstəyi də öz yerində. “Sülhməramlılar” hələ də 20 noyabr sənədinin 4-cü bəndinə riyakarcasına əməl etmir. Blinken isə deyir ki, “Azərbaycanın İranla sərhədini (Azərbaycanı İrandan - red.) qorumaq lazımdır”. Yəni suverenlik, ərazi bütövlüyü məsələsi.

Çox yaxşı. Bəs Vaşinqton burdan-bura real işğalçıya - Ermənistana niyə etiraz etmir? Ermənistan işğalçı hərbi qüvvələri hələ də Qarabağdadır. Fakt budur ki, 44 günlük savaşdan sonra da ABŞ Ermənistana göz ağartmır. Odur ki, sual yaranır: Azərbaycana İranın hücumundan narahat olan Birləşmiş Ştatlar nədən işğalçı erməni silahlı qüvvələrinin hələ də ərazimizdə qalmasına normal yanaşır? Və belə olan surətdə onun sülh təşəbbüskarlığının səmimiliyinə inanmaq olarmı?

İranda iğtişaşlar bitmir - molla rejimi 2023-dən salamat çıxa biləcəkmi -  rəy

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin Blinkenlə danışığı zamanı Qarabağda 10 min nəfər Ermənistan hərbçisinin qaldığını diqqətə çatdırması çox mühüm idi: “Çünki ilk dəfə birinci şəxsin dilindən Qarabağda hələ də qalan Ermənistan ordusunun şəxsi heyətinin sayı açıqlanırdı. Bu rəqəm onu göstərir ki, həmin 10 min nəfər heç də ermənilərin uydurduğu kimi, guya Qarabağdakı ”müdafiə ordusu"nun silahlıları deyil. Hazırda Qarabağda yaşayan təxminən 25 min nəfərlik erməni əhalisinin 10 min nəfər hərbçi toplamaq imkanı yoxdur, bu mümkün deyil. Adətən ordular əhalinin 1 faizi ətrafında formalalşdırılır.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, Qarabağdakı separatçı rejimin “müdafiə ordusu” adı altında təqdim etdiyi silahlı dəstə ordu deyil, terrorçu qruplardan ibarət qanunsuz silahlı dəstələrdir. Prezident İlham Əliyev ABŞ dövlət katibinin diqqətinə onu çatdırdı ki, Azərbaycan ərazisində qalan erməni silahlıları Ermənistan ordusuna aiddir və 10 noyabr üçtərəfli bəyanatının tələbi yerinə yetirilməyib, Azərbaycan istənilən an öz ərazisində qanunsuz yerləşən həmin 10 min nəfərlik Ermənistan hərbçilərini güc yolu ilə çıxarmaq hüququna malikdir".

Politoloq hesab edir ki, Blinkenin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirləri, o cümlədən ikitərəfli danışıqlara üstünlük verilməsinin zəruriliyinin qeyd etməsi pozitiv yanaşmadır, lakin o zaman bunun nəticəsi ola bilər ki, ikitərəfli danışıqlarda iştirak edən tərəflər konstruktiv mövqe sərgiləsinlər və öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər: “Amma biz bunu Ermənistanın timsalında görmürük. İki il yarıma yaxın bir dövrdə Ermənistan danışıqlarda qeyri-konstruktiv davranış sərgiləyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Tərəflər məsələləri öz aralarında həll etsin anlayışı müsbət olmaqla yanaşı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan-Ermənistan arasında münaqişə davam edən müddətdə-44 günlük savaşdan öncə də ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bildiriblər ki, tərəflər özləri bir masa ətrafında oturub məsələni həll etsinlər. Ancaq Ermənistan o zaman da konstruktiv mövqe ortaya qoymayıb. Hal-hazırda ABŞ tərəfindən Azərbaycana və Ermənistana ikitərəfli danışıqlar aparmaq təklifi irəli sürülürsə, o zaman ABŞ Ermənistanı yola gətirmək üçün gərəkən addımları atmalıdır. Öhdəliyi yerinə yetirməyən tərəfə təzyiq edilməlidir. ABŞ Ermənistana təzyiq etməyəcəksə, onun irəli sürdüyü təklif havada qalacaq.

ABŞ hələlik Ermənistana lazımi təzyiq etmək və Ermənistanı ikitərəfli danışıqlara gətirmək və sülh sazişini imzalamağa məcbur etmək niyyətində deyil. İki səbəbə görə bunu hələlik etmir. Birincisi, Vaşinqtonun əsas diqqəti hazırda Ukrayna müharibəsinə yönəlib və hələ Qafqazın əsas məsələ olduğu qənaətinə gəlməyib. Yəni Güney Qafqaz hazırda ABŞ siyasətinin prioritet məsələsi, Ukraynadan vacib məsələsi deyil. Eyni zamanda ABŞ hazırkı şəraitdə Güney Qafqazda baş verənləri, o cümlədən Qarabağda Ermənistan ordusunun 10 min hərbçisinin olduğunu və Laçın yolunda ekoaksiyanın davam etməsinin hər hansı blokadaya səbəb olmadığını da gözəl bilir. Sadəcə olaraq, prosesin uzanmasına ona görə razıdırlar ki, bəlkə bir müddət sonra Ermənistan üçün sülh sazişinin şərtləri müəyyən qədər yüngülləşə bilər. Ona görə də indi Ermənistana təzyiq etmək istəmirlər. Təzyiqin edilməməsi yalnız erməni diasporunun ABŞ-dakı gücü ilə bağlı deyil. Erməni diasporu nə qədər güc sahibi olsalar da ABŞ-ın dövlət maraqları önə çıxanda dövlətin maraqları əsas götürülür. Vaşinqton həm də hesab edir ki, hazırda Ermənistana ciddi təzyiq edilərsə, onsuz da sürüşkən mövqeyi olan Paşinyan hakimiyyəti Qərb istiqamətində atdığı addımlarını tamam dayandıra və tam olaraq Rusiyaya üz tuta bilər. ABŞ hələ ki, fəal şəkildə hərəkətə keçmək istəmir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR