İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Nümayəndələr Palatası ermənipərəst layihəni rədd etdi

Bu, İran-Ermənistan arasında dərinləşən münasibətlər müstəvisində ABŞ-ın öz dost və düşməninin hansı mövqedə durduğunu aydın görməsi ilə əlaqədar ola bilər

ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib. Belə ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib.

Ermənpərəst konqresmenlər - demokratlardan Adam Şiff, Frenk Pallone, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər. Mövcud qaydalara əsasən, qanun layihəsi ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli və daha sonra imzalanmaq üçün Prezidentə təqdim olunmalıdır.

Qeyd edək ki, 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pallone, Adam Şiff və Toni Kardenas tərəfindən isə 5 düzəliş təklif olunmuşdu. Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi. ABŞ-ın bu addımı Azərbaycanın artan önəminimi göstərir?

Neft anbarında dəhşətli yanğın - 50-dən çox yaralı var

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Amerika tərəfdə ölkəmizlə bağlı müsbətə yönəlik mövqe dəyişikliklərinə səbəb olan bir sıra nüansları önə çəkdi: “ABŞ Nümayəndələr Palatasında bəzi ermənipərəst konqresmenlərin müzakirə olunan Milli Müdafiə Səlahiyyət Qanununa Azərbaycan əleyhinə olan dəyişikliklər təklifinin səsvermədə dəstək almaması son illər üçün maraqlı hadisələrdən biri hesab oluna bilər. Səsvermənin nəticələrinə baxanda görürük ki, erməni lobbisinin konqresmenlər vasitəsilə ortaya atdığı dəyişikliyin əleyhinə respublikaçılarla yanaşı demokratlar da çıxıblar. Bu isə o anlama gəlir ki, Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı münasibətlərdə bir-birinə rəqib olan iki partiyanın nümayəndələrinin fikirləri üst-üstə düşüb. Buna mövcud xarici siyasətin bu istiqamətində ABŞ-ın dövlət maraqlarının müdafiəsi hadisəsi də deyə bilərik. Əslində dünyada və regionda baş verən hadisələrdən dolayı bu cür perspektivin olması anlaşılandır. ABŞ hazırda bütün vasitələrlə Rusiyanı Ukrayna bataqlığında batırmağa çalışır və paralel olaraq İranla bağlı öncədən müəyyənləşmiş siyasətini uğurla başa çatdırmağa hazırlaşır. Belə bir durumda hər iki dövlətlə sərhəddə yerləşən, karbohidrogen ehtiyatlara malik olan, strateji cəhətdən əhəmiyyətli coğrafiyada yerləşən Azərbaycanla bağlı hər hansı bir ədalətsiz qərar dövlətlər arasında inamın ciddi zərbə almasına xidmət edər. Digər tərəfdən, məlumdur ki, ABŞ hazırda Azərbaycanın həm Rusiya, həm də İranla gərginləşmiş münasibətlərini ciddi şəkildə izləyir. Son aylarda Azərbaycanda Rusiyanın Cənubi Qafqaz siyasətinə bu şəkildə açıq və ardıcıl şəkildə olan etirazlar olmamışdı. Belə bir məqamda ABŞ nəinki Azərbaycan əleyhinə hər hansı bir zərərli addımlar atar, hətta köməklik də təklif edə bilər. Çünki hazırda bizim haqlı olaraq apardığımız işlər, etdiyimiz etirazlar əslində bizdən asılı olmadan ABŞ-ın maraqlarına da xidmət edir. Yəni bu səbəbdən rəsmi Vaşinqton Bakı ilə daha isti münasibətlərin yaranmasında və aralarında hər hansı anlaşılmazlığa səbəb ola biləcək hadisələrin yaşanmamasında maraqlı olacaq”.

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə erməniləri hələ qarşıda çox süprizlərin gözlədiyini bildirdi: “Adıçəkilən siyasətçilərin hər biri ANCA tərəfindən "Armenian Caucus", yəni “Erməni İşi” adlandırılan, ABŞ-da qlobal erməniçilik maraqlarının həyata keçməsinə xidmət edənlərdir. Bu baxımdan ANCA-nın ənənəvi qiymətləndirmə cədvəlində Pallone, Şpeyer, yaxud Şiff kimi konqresmenlər “A+” qiyməti alıb, bu şəxslərin xidmətləri artıq aydındır. Sual ABŞ Konqresində indiyədək təsir gücünə malik bu şəxslərin təkliflərinin niyə nəzərə alınmadığıdır. Təxmin etmək olar ki, bu, İran-Ermənistan arasında dərinləşən münasibətlər müstəvisində ABŞ-ın öz dost və düşməninin hansı mövqedə durduğunu aydın görməsi ilə əlaqədardır

Çünki indiyədək Ermənistan siyasi şahmat lövhəsində bu qədər iranyönümlü gedişlər etməmişdi. Təbii ki, burada İranın İsraili düşmən, Azərbaycanı isə Təl-Əvivdə səfirlik açmaq qərarına görə “düşmənlə əlbir” adlandırıb, ölkəmizə qarşı bütün qeyri-leqal metodlardan istifadə edərək qarayaxma, kiber, hibrid hücumlar edən, ölkə sərhədimizdə təlim keçən, Ermənistana yardım edən, torpaqlarımıza iddia edən İranın Azərbaycanla gərginliyi faktoru da vardır. Maraqlıdır ki, İranın Azərbaycana qarşı istənilən hücumunu İsrailə qarşı hücum kimi qiymətləndirənlər də ABŞ Konqresində çıxarılan qərarlarda az rol oynamır. Azərbaycanın sərhəd təhlükəsizliyinin təmini üçün ABŞ-Azərbaycan hərbi əməkdaşlığı artıq uzun illərdir ki, var. Qarşıdakı dönəmdə bu əməkdaşlıq daha da arta bilər.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, erməni maraqlarının qatı tərəfdarları bu gün ABŞ hüquq sistemi tərəfindən cinayət araşdırması proseduru altındadır, məsələn, Robert Menendez. O, erməni əsilli həyat yoldaşı Nadine Arslanianla birlikdə erməni lobbisindən külli miqdarda rüşvət alma və rüşvət vermə maddəsi ilə cinayət araşdırmasına cəlb olunub. Bu, son dövrdə ABŞ-ın Azərbaycana hərbi yardımlarla bağlı ilk və tək jesti deyil. Xüsusilə Vətən müharibəmizdən sonra erməni lobbiçiləri ABŞ Konqresində anti-Azərbaycan yönümlü ciddi qanunlara və qərarlara nail ola bilmişdilərsə də, antiterror əməliyyatları fonunda Bayden administrasiyasının 2022-ci ilin iyununda 907-ci düzəlişi (hərbi yardım sanksiyası) bir daha durdurması ermənipərəstlər üçün gözlənilməz olub. Görünür ki, onları hələ qarşıdakı dönəmdə bir sıra bu cür sürprizlər gözləyəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR