İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Şuşada olmuş yeganə səfiri – Sülh müqaviləsi xələfinin dövründə imzalanacaq

ABŞ-nin Bakıdakı sonuncu səfiri Mark Libbinin öz postunu vaxtından əvvəl tərk edib ölkəsinə qayıtmasından (17 yanvar) 40 gün ötür. Hazırda onu müvəqqəti işlər vəkili Hüqo Qevara əvəzləyir. Rəsmi məlumata görə, Libbi səhhətindəki ciddi problemlə əlaqədar ölkəmizdən gedib.

Səfir vəzifəsində o, bir ildən bir az artıq işləyib (dekabr 2023 – yanvar 2025). Bu da faktdır ki, Mark Libbi uzun fasilədən sonra Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunmuşdu. Səbəb də Bayden administrasiyası dönəmində iki ölkə münasibətlərində yaşanmış soyuqluq və erməni lobbisinin yaratdığı əngəllər idi...

Ancaq sələflərindən fərqli olaraq, öz postunda çox az qalsa da, Libbi Şuşaya getməyə (may 2024) macal tapmışdı. Odur ki, iki ölkə münasibətləri tarixində onun adı yəqin ki, məxsusi xatırlanacaq – azad Şuşada olmuş ilk və hələ ki, yeganə yüksək çinli amerikalı diplomat kimi.

Ümid edək ki, Mark Libbinin xələfinin gəlişi onun özünün səfir təyinatı kimi uzun sürməyəcək. Doğru, Amerika erməni diasporu yenə əlindən gələni edəcək ki, Bakıya növbəti diplomat təyinatı geciksin. Yüzdə yüz ermənipərəst konqresmenlər də dəridən-qabıqdan çıxacaqlar ki, Azərbaycanı yenə “əcinnə” obrazında təqdim eləsinlər...

Ancaq prezident Donald Trampın erməni lobbisindən hər hansı asılılığının olmaması, ABŞ parlamentində isə ənənəvi olaraq, erməni maraqlarına loyal demokratların deyil, respublikaçıların üstünlük təşkil eləməsi nikbinliyi artırır.

Yeni səfirin 3 illik fəaliyyət dövrü isə bütünlüklə Tramp dönəminə düşəcək. Bu, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma dövrü ola bilər. Demək, yüz ölçüb bir biçməklə yanaşı, indiki administrasiyanın Güney Qafqazla bağlı prioritetlərini əsas götürəcək bir şəxs Azərbaycana səfir göndəriləcək...

Bakının isə Tramp hökumətindən gözləntiləri var. Söhbət təbii ki, Demokrat Bayden hökuməti dönəmində korlanmış əlaqələrə yeni, pozitiv stimul verməkdən gedir. Trampın komandasındakı bəzi ermənipərəstlər buna imkan verəcəkmi? Zaman göstərəcək.

Bu yerdə daha bir faktı yada salaq. Dövlət Departamentinin rəhbəri (dövlət katibi) postuna təsdiqlənənə qədər erməni maraqlarının qızğın müdafiəçisi kimi tanınan Marko Rubio təzə postda Türkiyə xarici işlər naziri Hakan Fidanla ilk telefon danışığı zaman belə bir cümlə işlətmişdi: “ABŞ Azərbaycan və Ermənistan arasında dayanıqlı və ləyaqətli sülh istəyir”.

Qəribədir deyilmi? Yəni ki, ermənilər özlərini məğlub kimi hiss eləməsinlər? Bəs nə kimi hiss eləsinlər – qalib kimi? Məgər haqq elədiyi “dəmir yumruğ”a qədər Ermənistan işğalçı ölkə deyildi? İşğalçı ilə işğalçı kimi davranılmalıdır ki, bir daha qonşularına qarşı təcavüzkar-revanşist planlar qurmaq niyyətinə düşməsin. Necə ki, faşist Almaniyasına post-müharibə dövründə böyük ordu saxlamağa, nüvə silahı yaratmağa imkan verilməmişdi.

Eyni qaydada Cənubi Qafqazda “ədalətli və ləyaqətli” sülh naminə İrəvana təzyiq edilməlidir ki, ilk növbədə öz konstitusiyasından Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə bağlı müddəalar çıxarılsın, nəinki altdan-altdan yeni revanşist planlar quran Ermənistanın başı tumarlansın.

Tramp Amerikası İrəvanla necə davranacaq? Hər halda, yekun söz prezidentə məxsusdur. Bizə isə hələlik yeni səfiri gözləmək qalır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR