İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ liderinin ilk rəsmi səfəri - niyə İsrailə getmədi?

Ağ Ev rəhbərinin sürpriz bəyanatları gözlənilir

ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 16-na qədər Yaxın Şərqdə rəsmi səfərdə olacaq. Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Bu, prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk rəsmi xarici səfəridir. Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir.

Trampın səfəri Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əhatə edir. Səfərin əsas məqsədi ABŞ ilə bu ölkələr arasında iqtisadi və strateji əlaqələri gücləndirməkdir. Ekspertlər hesab edir ki, səfər zamanı Trampın əsas diqqəti iqtisadi əməkdaşlıqlara yönələcək. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 1 trilyon dollarlıq sərmayə sazişləri müzakirə olunur. Bu sazişlər süni intellekt, yarımkeçiricilər və nadir torpaq elementləri kimi strateji sahələri əhatə edir. Qətər isə “Boeing” şirkəti ilə kommersiya təyyarələrinin alınması və “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının 2 milyard dollarlıq alışı da daxil olmaqla, 200-300 milyard dollarlıq sərmayə vəd edir.

Trampın səfəri zamanı İsrailə baş çəkməməsi diqqət çəkir. Bu qərar, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar və humanitar böhran fonunda, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların dayandırılması ilə əlaqələndirilir.

Analitiklərin fikrincə, Trampın ABŞ-ın “Fars körfəzi” terminindən imtina edərək “Ərəb körfəzi” ifadəsini rəsmi olaraq qəbul etməyi nəzərdən keçirməsi İranla münasibətlərdə əlavə gərginlik yarada bilər. Bu arada Qətərin Trampa lüks “Boeing 747-8" təyyarəsini hədiyyə kimi təklif etməsi ABŞ-da müzakirələrə səbəb olub. Bəzi siyasətçilər bu addımı etik baxımdan şübhəli və qanunsuz hesab edirlər.

Trampın Yaxın Şərq səfəri iqtisadi əməkdaşlıqların gücləndirilməsi və ABŞ-ın bölgədəki təsirinin artırılması baxımından əhəmiyyətli olsa da, bölgədəki geosiyasi gərginliklər və etik məsələlər səfərin nəticələrinə təsir göstərə bilər.

“The Washington Post” qəzetinin məlumatına görə, Tramp bu dəfə geosiyasi məsələlərə deyil, biznes sazişlərinə üstünlük verməyi planlaşdırır. Məqsəd ABŞ iqtisadiyyatını dəstəkləmək və bölgənin zəngin ölkələri ilə əlaqələri dərinləşdirməkdir.

Ekspertlər hesab edirlər ki, bu yanaşma Trampın prezidentlik ritorikasında iqtisadi prioritetləri ön plana çıxarmağa çalışdığını göstərir.

Səfər barədə yayılan iddialardan biri də budur ki, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampdan Fələstin dövlətinin rəsmi tanınmasını, müharibəyə son qoyulmasını və regionda münasibətlərin normallaşmasını dəstəkləməyi xahiş edəcək.

Səudiyyə Ərəbistanının kral ailəsinin adı çəkilməyən nümayəndəsi İsrailin İctimai Yayım Şirkətinə (“Kan”) açıqlamasında vurğulayıb ki, Ər-Riyadın xahişləri çərçivəsində Fələstin dövlətinin demilitarizasiya şərti ilə qurulması, Qəzza zolağında müharibənin başa çatdırılması və HƏMAS-ın ləğvi əsas yer tutur.

“Eyni zamanda ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılması Donald Trampla danışıqların vacib nöqtəsidir. Ər-Riyad nikbindir ki, Tramp belə bir razılaşmanı dəstəkləyəcək. İsrail də bu fürsəti qaçırmamalıdır”, - deyə mənbədən bildirilib.

Qarşılıqlı olaraq məhkəmə iddialarından imtina sülhə müsbət təsir  göstərəcək - Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Yeni Müsavat”a açıqlamasında Trampın Yaxın Şərqə gözlənilən səfərini belə şərh etdi: “Yaxın Şərq ABŞ-ın xarici siyasətində xüsusi yer tutur. ABŞ-ın bu regionda xüsusi, hətta deyərdim ki, həyati maraqları var. Bu səbəbdən də hakimiyyətə hansı administrasiyanın gəlməsindən asılı olmayaraq, Yaxın Şərq regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verilir. Donald Tramp Qətər, BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək. Bu ölkələr ABŞ-ın regionda yaxın tərəfdaş ölkələridir. Hesab edirəm ki, Trampın regiona səfəri müddətində bir çox məsələ müzakirə olunacaq. Hətta bir sıra məsələlərlə bağlı qərarlar qəbul edilə bilər. Tramp gözlənilməz bəyanatlar səsləndirə bilər. Düşünürəm ki, Trampın səfər çərçivəsində əsas diqqət yetirəcəyi mövzular ilk növbədə ABŞ-ın region ölkələri ilə münasibətləri, eyni zamanda İsrail-Fələstin müharibəsinin həlli ilə bağlı danışıqlar, o cümlədən ABŞ-İran nüvə danışıqları, həmçinin neft hasilatının artırılması olacaq”.  Qeyd edək ki, Donald Trampın Səudiyyə Ərəbistanında Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi barədə fikirlər səslənsə də, prezident mayın 9-da brifinqdə belə bir görüşün planlaşdırılmadığını, lakin tərəflər arasında danışıqların getdiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Vladimir Putinin mayın ortalarına Yaxın Şərqə planlaşdırılan heç bir səfəri olmadığını deyib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR