Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonda Azərbaycanla əməkdaşlıq tendensiyasının güclənməsi Kris Smit və onun kimi ermənipərəstləri narahat edib - Vardanyanın pulları konqresmenlərin iştahasını artırıb
ABŞ-da erməni lobbiçilərinin növbəti təxribatı başlayıb. ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası Azərbaycanda insan hüquqları ilə bağlı dinləmələr keçirib. Dinləmələrə Kris Smit sədrlik edib.
“AzadlıqRadiosu”nun xəbərinə görə, bu komissiya Kris Smitin “BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-dan sonra Azərbaycanda insan hüquqları” adlandırdığı qanun layihəsi hazırlayır. Smit iddia edir ki, guya Azərbaycan COP29-un uğurundan ölkənin nüfuzunu artırmaq üçün istifadə edib. Krisin başına topladığı Konqres üzvləri Tramp administrasiyasının Azərbaycana qarşı hansı siyasəti yeridəcəyi ilə maraqlanırlar.
Əslində ABŞ Prezidentinin Novruz bayramı münasibətilə İlham Əliyevə göndərdiyi məktubda bu suala cavab verilib: “ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün güclü dəstəkçisi olaraq qalır”. Belə görünür ki, Vaşinqtonda Azərbaycanla əməkdaşlıq tendensiyasının güclənməsi Kris Smit və onun kimi ermənipərəstləri narahat edib. Bu səbəbdən də heç şübhəsiz “insan hüquqları” ilə bağlı dinləmələr erməni sponsorlara xidmətdir. Təsadüfi deyil ki, “insan hüquqları” ilə bağlı dinləmələrdə Kris Smit bildirib ki, onların əsas fəaliyyəti Azərbaycan hökumətinin saxladığı “erməni siyasi məhbusları və hərbi əsirləri” azad etməyə çalışmaqdır. Üstəlik, Qarabağda “erməni mədəni irsini qorumalı və ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququnu diqqətdə saxlamalıdırlar. Müzakirələrə Ruben Vardanyanın xaricdəki vəkili Jared Genser də dəvət olunub. Həmin dinləmələrə bədnam Artak Beqlaryan da gətirilib və o, "Artsax xalqının soyqırımı" haqqında danışıb və Azərbaycana hər cür yardımın dayandırılmasını tələb edib. Əslində Kris Smit bu cür dəvətlərlə ABŞ-ın tanıdığı və dəstəklədiyi Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hücum etmiş olur.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu, təxribat xarakterli dinləmələrdir: “Bayden hakimiyyəti dövründə bu cür dinləmələri adi hala çevirmişdilər. Konqres Administrasiyaya tabe olmayan müstəqil qurumdur, müxtəlif partiyaların nümayəndələrindən təşkil olunur və Prezidentə tabe deyil. O baxımdan indi Tramp zamanında da Konqresdə anti-Azərbaycan dinləmələrinin keçirilməsində Prezidentin rolunun olduğunu söyləmək yanlış olardı. Konqresmenlərə erməni lobbisinin təsir imkanları həmişə olub. Bir sıra konrqesmenlər erməni diasporu ilə sıx işbirliyindədir, ermənilərdən maliyyə alırlar. İndiki dinləmələrdə də məhz bu amilin rolunun olduğu dəqiqdir. Ruben Vardanyanın vəkilinin dəvət olunması isə bu dinləmələrin təşkilində Vardanyanın pullarının rol oynadığını təsdiqləyir. Konqresin komissiyası və Kris Smit erməni pullarının təsiri altına düşərək prezident Trampın Azərbaycanla bağlı mövqeyinə zidd hərəkət edir”.
Hüquq müdafiəçisi qeyd etdi ki, 30 il Azərbaycan xalqının mədəni irsini Qarabağda məhv edən, vandalizmə məruz qoyan ermənilərin müdafiəsinə qalxmaqla həmin konqresmenlər beynəlxalq hüququ da ayaqlar altına atırlar: “Bu cür dinləmələr qərəzlidir. Azərbaycanda cinayət törətməyən, qanunlarını pozmayan bir nəfər də olsun erməni həbsdə deyil. Hazırda məhkəməsi gedən ermənilərin heç bir hüququ pozulmur. Təqsirləndirilən şəxslər vəkillərlə təmin olunub, prosesdə beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı təmin olunub. Məhkəmə prosesi tamamilə şəffaf həyata keçirilir və həmin ermənilərin əməllərinə tamamilə qanunlara uyğun qiymət verəcək. Heç kim düşünməsin ki, hansısa qondarma dinləmələrlə Azərbaycana, separatçıların davam edən məhkəmə prosesinə təsir göstərə biləcək. Azərbaycan ədalətli mövqedədir və qətiyyətli şəkildə özünü qərəzli hücumlardan qorumaq iradəsindədir. İkincisi, məhkəməsi gedən şəxslər özləri törətdikləri cinayətləri etiraf edirlər. Belə bir reallıq ortada olduğu halda Konqresin hansısa komissiyasında və ya özündə keçirilən dinləmələrin, hazırlanan və ya hazırlanacaq hansısa sənədlərin heç bir əhəmiyyəti ola bilməz. Ona görə də bu cür dinləmələrdən çox da narahat olmağa dəyməz”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov da bildirdi ki, ABŞ-da erməni lobbisinin növbəti təxribat kampaniyası başlayıb. Zaman-zaman bu cür kampaniyalara rəhbərlik edən şəxslərin dairəsi də dəyişmir: “İnsan haqları Komissiyasında Kris Smitin bundan öncəki fəaliyyətinə diqqət etdikdə görürük ki, Menderes kimi bu şəxs də özünün bütün fəaliyyətini erməni lobbisindən yararlanmaqla anti-Azərbaycan kampaniyası aparmağa həsr edib. İnsan hüquqlarını hansısa beynəlxalq tədbirdən öncə və sonraya bölməyin özü qüsurludur. COP29 tədbirinin olub-olmamasını insan haqları ilə əlaqələndirmək məntiqsizlikdir. COP29 kimi mötəbər tədbir zamanı da Krsi Smit kimi şəxslər Azərbaycana qarşı qarayaxma kampaniyasını həyata keçirdilər. Ancaq heç bir nəticə əldə edə bilmədilər. Çünki bu kampaniyanı aparanların mövqeləri kökündən qərəzli idi. İndi isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, xalqına qarşı cinayətlər törətmiş erməniləri siyasi məhbus adlandırmaqla qərəzin pik həddinə çatdıqlarını nümayiş etdirirlər. İnsan haqların, xalqların mədəni irsinə hörmət qoyan kimsə bu qədər absurda gedə bilməz. Vardanyanın pulları konqresmenləri həvəsləndirib və növbəti dəfə özlərini biabır etməkdədirlər”.
Ekspertin sözlərinə görə, Azərbaycana qarşı kampaniyada iştirak edən şəxslərə bir neçə sual vermək kifayətdir ki, onların kampaniyası darmadağın olsun: “Müdafiə etdikləri Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digərləri harada saxlanılıblar? Onlar saxlanılana qədər həmin ərazidə hansı fəaliyyətlə məşğul olublar? Bu şəxslər BMT-nin və ABŞ-ın Azərbaycan ərazisi olaraq tanıdığı ərazini Azərbaycandan qoparıb özlərinə "dövlət" elan etməmişdilərmi? İndi bu cür adamları siyasi məhbus adlandırmaq və azad edilmələrini tələb etmək hansı beynəlxalq hüquqa sığır? Artak Beqlaryan da adını çəkdiyim ermənilərlə eyni mövqedə, eyni sırada olmuş birisidir. ABŞ-da bəzi konqresmenlər belə çıxır ki, beynəlxalq qanunları, Azərbaycan qanunlarını pozmuş bir şəxslə həmrəylik nümayiş etdirirlər. O halda həmin konqresmenlərin hansısa dinmələr keçirməsi, sənəd qəbul etməsi təbii ki, Azərbaycan tərəfindən rədd edilir və ediləcək. Heç bir nəticəsi olmayacaq dinləmələri nə qədər keçirirlər keçirsinlər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ