Onlayn ictimai-siyasi qəzet
Ekspertlərin fikrincə, Omanda keçirilmiş görüşün nəticələrini dəyərləndirmək hələ tezdir - cənub qonşu üçün təhlükə qalır...
Ötən həftəsonu - aprelin 12-də Omanın paytaxtı Maskatda ilk dəfə olaraq, ABŞ-İran danışıqları baş tutub. İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla sanksiyaların ləğvi və nüvə məsələsi barədə bir sıra dolayı danışıqlar aparıb. Tərəflər nüvə proqramına qoyulan məhdudiyyətlər fonunda bir sıra sanksiyaların yüngülləşdirilməsi məsələlərini müzakirə ediblər.
Bu həftə - aprelin 19-da danışıqları davam etdirmək üçün iki tərəf arasında razılaşma əldə olunub.
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Omanda İranın xarici işlər naziri ilə apardığı görüşdə Vaşinqtonun Tehran qarşısında uranın zənginləşdirilməsindən tamamilə əl çəkmə tələbini irəli sürülməyib”.
Bu barədə “The New York Times” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Uitkof danışıqlarda diqqətin daha çox mövcud zənginləşdirilmiş materialların hərbi məqsədlərlə istifadəsinin qarşısının alınmasına yönəldilməsini irəli sürüb. Qəzet qeyd edir ki, ilkin mərhələ İran üçün müsbət nəticələnib, çünki bu danışıqlar gələcəkdə prosesin daha yüksək səviyyədə davam etməsi üçün vacib olan məqsədlərin əldə olunmasına şərait yaradıb.
Belədirmi? ABŞ nüvə məsələsində Tehran qarşısında yumşalıb?
Günay Ağamal
Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İranın nüvə proqramı uzun illərdir müzakirə predmeti olaraq qalmaqdadır: “Cənub qonşumuzun uranın zənginləşdirilməsi ilə bağlı gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və xüsusilə ABŞ-İsrail xəttində ciddi narahatlıq yaradır. Hazırda tərəflər arasında münasibətlər olduqca gərgindir və müharibə ehtimalı çox yüksəkdir. İsrail rəsmiləri Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatlara inandırmağa çalışsalar da, hələlik rəsmi Vaşinqtonun soyuqqanlı ritorika sərgilədiyinin şahidi oluruq. Bu səbəbdən, ABŞ və İran arasında Omanın paytaxı Maskatda baş tutan danışıqlar gərginliyin azaldılması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir. İrana qarşı həyata keçiriləcək hər hansı bir hərbi müdaxilə təkcə regional deyil, qlobal sabitliyə ciddi təhdiddir. Çünki eskalasiya ehtimalı Yaxın Şərqdə digər münaqişə ocaqlarının alovlanmasına, qonşu dövlətlərdə, xüsusilə İraq, Əfqanıstan, Suriya, Livanda qeyri-sabitliyin artmasına, terror təşkilatlarının güclənməsinə və neft böhranı fonunda qlobal iqtisadi tənəzzülə səbəb ola bilər. Prezident Donald Tramp mövcud riskləri bildiyi üçün hazırkı situasiyada İranla sövdələşmək kampaniyasını həyata keçirir. Lakin proseslərin inkişaf istiqamətləri bütün hallarda danışıqların nəticəsindən asılı olacaq”.
Elşən Mustafayev
AMİP liderinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayevin fikrincə, Omanın paytaxtı Maskatda keçirilmiş ABŞ-İran danışıqlarını tərəflər arasında münasibətlərin yumşalması kimi dəyərləndirmək hələ tezdir: “Danışıqların bərpası İran üçün çox vacib olan proses olsa da, nüvə siyasətindən birdəfəlik imtina etmək istəmir. İllər əvvəl İran nüvə razılaşmasından çıxmamışdan öncə uranın bəlli bir həddə qədər zənginləşdirilməsi işini aparacağını bildirmişdi və bunun də nüvə silahı əldə etmək üçün yetərli olmayacağı bəyanatını vermişdi. Amma sonradan beynəlxalq komissiyanın üzvləri İranı bəzi nüvə obyektlərinə baxış keçirməyə imkan verməməkdə ittiham etmişdilər. Bundan sonra ABŞ, əsasən də İsrail İranın nüvə silahı əldə etmək məqsədilə uranın zənginləşdirilməsi işini davam etdirdiyindən ciddi şəkildə şübhələndiklərini bildirmişdilər. Hazırda isə yenidən danışıqların bərpası bu istiqamətdə razılaşmaların olacağına şanslar yaradıb. Amma danışıqların nə qədər çəkəcəyi, hansı məsələlər üzərində dayanılacağı hələ bəlli olmadığından nəticənin necə olacağını da indidən demək çətindir. Tərəflərin görüşlə bağlı verdikləri açıqlamalardan görünür ki, gedişatdan İran hələ ki məmnundur. Amma bu, sona qədər belə olacaqmı? Hesab edirəm ki, bu, ABŞ-ın İranla bağlı siyasətinin hansı mərhələdə olduğundan asılı olacaq. İran tərəfinin görüşdən sonra verdiyi açıqlamalara görə, rəsmi Tehran dinc istifadə üçün uranın zənginləşdirilməsini davam etdirmək istəyir. Amma İsrail buna inanmır və hələ də İranı özü üçün başlıca təhlükə mənbəyi hesab edir. O səbəbdən vəziyyət ABŞ-ın İranın nüvə siyasətini necə nəzarətdə saxlamasından, yaxud bu işə nəzarəti tam təmin edə bilməsindən və İranın danışıqlara necə əməl etməsindən asılı olacaq. Danışıqlarda sanksiyaların yumşaldılması istiamətində müzakirələrin aparılması İranın təkliflərə yanaşmasından və real nəticələrin əldə olunmasından asılı olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ